RƏSMİ BAKI ODLA SU ARASINDA

25.05.2012

Mehman Əliyev: “Avropa Birliyi və Qərb Azərbaycandan daha konkret mövqe istəyir”
Hikmət Hacızadə: “Diplomatiyada əsəbiliyə, söz güləşdirməyə ehtiyac yoxdur”

Azərbaycanın qonşu Gürcüstanla münasibətlərində yaranmış mübahisəli vəziyyət prezidentlərin görüşündən sonra yoluna qoyulsa da, İrandan ölkəmizə qarşı yönəlik təhdidlər davam edir. Artıq son günlərdə rəsmi Bakı da qonşu ölkənin hədələrinə qarşı sərt mövqedən cavab verməkdədir.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin fikrincə, Gürcüstanla bağlı baş verənlər müəyyən dərəcədə prinsipial və uzaqgedən siyasətin nəticəsi deyildi: “Deyilənə görə kilsə kompleksinin ancaq 2 faizi Azərbaycan ərazisinə düşür. Mən gözləyirəm ki, bu 2 faizlik məsələdə Azərbaycan hökuməti güzəştə getsin. Ancaq belə bir vaxtda sərhədçiləri aparıb orda yerləşdirmək, kimlərisə ora buraxmamaq bəlkə də bir provokasiyadır. İndiki vəziyyətdə, yəni Gürcüstanla normal münasibətlərin olduğu indiki durumda birtərəfli addımın atılması əlbəttə ki, səhv siyasətdir. Tiflisdə keçirilən aksiyalara həmin lazım olmayan əməllər təkan verib”.
İranla yaranmış gərginliyə gəldikdə, M.Əliyev bunu İranla bağlı beynəlxalq səviyyədə, ABŞ, Avropa Birliyi səviyyəsində gedən prosesin məntiqi nəticəsi sayır: “Azərbaycan sanki bu siyasətdə də iştirak edir və İrana qarşı sanksiyalar başlayandan sonra rəsmi Bakı da bu proseslərə qoşulub. Ona görə də mən buna, sadəcə, Azərbaycanın təşəbbüsü kimi yox, beynəlxalq qurumların İranla bağlı apardığı siyasətin tərkib hissəsi kimi baxılmasının tərəfdarıyam”.
Ekspertə görə, elə vəziyyətə gəlib çatmışıq ki, artıq balanslı siyasət yürütmək xeyli çətindir: “Avropa Birliyi və Qərb Azərbaycandan daha konkret mövqe istəyir. İranla, Ermənistanla münasibətlərin səbəbi aydındır. Gürcüstan və Rusiya ilə münasibətlər isə aydın deyil. Moskva ilə Qəbələ RLS məsələsində razılığa gəlinməməsi göstərir ki, bu istiqamətdə də Azərbaycan hökuməti müəyyən konfrantasiya yolunu seçib. Ortalıqda ziddiyyətli siyasət var. Bir tərəfdən Azərbaycan Qərblə İran mövzusu məsələsində yaxınlaşmağa çalışır, ancaq digər tərəfdən daxili problemlərinə, öhdəlikləri yerinə yetirmədiyinə görə güclü təpkiyə məruz qalır. Hakimiyyət fikirləşir ki, İran məsələsində koalisiyanı dəstəkləyirsə, Qərb demokratiya məsələsinə göz yumacaq. Ancaq bu, baş vermir. Azərbaycan hökuməti hansısa bir konseptual strategiya ortaya qoymalıdır. Ancaq hakimiyyət buna hazır deyil”.
Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə də deyir ki, Gürcüstanla yaranmış problem xırda məsələdir və tez həll olunandır: “İran məsələsi isə əlbəttə ki, çətin məsələdir. Xüsusilə də İranın nüvə silahı ilə bağlı bu ölkəyə qarşı Qərbin planları, proqramları rəsmi Tehranı əsəbi vəziyyətə salıb və qonşu dövlət hər yerdə düşmən axtarır, bəzi məsələlərdə Azərbaycanı suçlayır. Biz təxribatlara getməməli və İrana qarşı böyük kampaniyada fəal iştirak etməməliyik. Heç xırda münaqişələr də lazımsızdır. Çünki vəziyyətimiz yaxşı deyil. Etiraz bildirmək üçün başqa formalar var. İran məsələsi təhlükəli məsələdir”. O ki qaldı Qərbə, H.Hacızadə hesab edir ki, burda siyasət dəyişməlidir: “Azərbaycan birmənalı demokratik, inkişaf etmiş ölkələr düşərgəsi tərəfə tərpənməlidir, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir, Beynəlxalq Ticarət Təşkilatına daxil olmalıdır. Ölkədə insan haqları qorunmalıdır”.
Eyni zamanda Rusiya ilə də münasibətlərin korlanmasından bəhs edən diplomat deyir ki, problemlərin yaranması səbəbləri ilə bağlı rəsmi açıqlama verilməsə də müəyyən təxminlər var: “Rusiya tam Ermənistan tərəfindədir, Azərbaycana qarşıdır, Ermənistanı silahlandırır, ölkəmizə təhdidlər yağdırır. Təbii ki, Azərbaycanın mənafeyi qorunmalıdır, biz bunlara cavab verməliyik. Ancaq diplomatiyada əsəbiliyə, söz güləşdirməyə, xırda qisasçılığa ehtiyac yoxdur”.
H.Hacızadə bir maraqlı məqama da diqqət çəkdi: “Bu hökumət gecə-gündüz Elçibəyin siyasətini tənqid edirdi ki, Elçibəy emosional idi, İranı, Rusiyanı küsdürdü, başqasını pisikdirdi, amma biz münasibətləri düzəldəcəyik. Qəzet vasitəsilə beynəlxalq siyasətimizi təşkil edənlərə sual ünvanlamaq istəyirəm: soruşmaq ayıb olmasın, bəs nə oldu? Heç olmasa çıxıb etiraf eləsinlər ki, Prezident Administrasiyası Elçibəy yolunu davam etdirir”.

http://www.musavat.com/new/G%C3%BCnd%C9%99m/124512-R%C6%8FSM%C4%B0_BAKI_ODLA_SU_ARASINDA

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button