
“Düz yoldasınızsa, qoyun, xalq çıxsın sözünü desin!”
Şair Musa Yaqubla “Azadlıq”da alovlu müsahibə
«Mübarizə ən aşağı qatda gedir, bu da nəhəng korrupsiyanın qabağında heç nədir»
«Xalqa işləməyəndə, korrupsiya ilə məşğul olanda təbii ki, ziyalı öz səsini qaldıracaq»
“Azadlıq”ın növbəti qonağı tanınmış şair Musa Yaqubdur. Musa müəllimlə söhbətimizdə ölkənin ictimai-siyasi həyatından tutmuş, haqq sözü deyən ziyalılara olan təzyiqlərə qədər bir çox məsələrdən danışdıq.
– Musa müəllim, haqsızlığa qarşı çıxan, vətəndaş mövqeyindən çıxış edən ziyalılarımızın səsi son vaxtlar daha çox gəlməyə başlayıb. Siz bu tendensiyanı necə qiymətləndirirsiniz?
– Çox yaxşı qiymətləndirirəm. Ziyalılar Forumunda təmsil olunan ziyalılar mənim çox hörmət etdiyim dostlarımdır. Onların fikirləri ilə, qaldırdıqları məsələlərlə tamamilə razıyam. Ziyalılar Forumu çox lazımlı qurumdur. Yəqin xatırlayırsınız ki, vaxtilə biz “Amal” Ziyalı Hərəkatı yaratmışdıq. Xeyli mübarizə apardıq. Sıxıntılarımız da oldu, gördüyümüz işlər də. Düzdür, böyük uğur qazana bilmədik, amma neyləyək, bizə təzyiqlər etdilər. Bu gün Ziyalılar Forumu kimi bir qurumun mövcudluğu bizim üçün çox vacibdir. Orada sözünü deyə bilən həqiqi ziyalılar toplanıblar. Ziyalılar həmişə demokratiyanın istiqamətverici qüvvəsi olublar. Biri var, müstəqil ziyalıların hərəkatı, bir də var siyasi qüvvələrin hərəkatı. Mən ikinciyə də normal baxıram. Dünyanın hər yerində öz ideyalarını gerçəkləşdirmək, demokratik cəmiyyət qurmaq, həmçinin hakimiyyətə gəlmək istəyən qüvvələr var. Bu, olduqca təbiidir. Iqtidar bu cür birliklərə qarşı savaş açırsa, bəlkə hardasa başa düşmək olar ki, kürsünü əlindən vermək istəmir. Amma ziyalılara qarşı təzyiq və şantaj başadüşülən deyil. Çünki ziyalılar heç vaxt “stol davası” aparmayıblar. Onların vəzifəyə gəlmək kimi bir niyyətləri də olmayıb. Ziyalılar vətəndaş cəmiyyəti yaratmaq, demokratik mühit qurmaq, mənəviyyatımızı qorumaq, insanları səadətə çatdırmaq ideyasını həyata keçirən insanlardır. Bu ideyaları əsas götürən ziyalıya qarşı niyə təzyiq edirlər? Mən buna təəccüb edirəm.
“Haqq sözü eşidilməyəndə ziyalı da narazıya çevrilir”
– Sizdən fərqli olaraq hakimiyyət hesab edir ki, həmin ziyalıların bu mübarizədə şəxsi maraqları var. Onlar istədiyini ala bilmədiyi üçün hakimiyyətdən incik düşmüş adamlarıdır və ziyalı adına ləkədirlər.
– Ziyalıların mübarizəsini bu cür qiymətləndirmiklə, ucuzlaşdırmaqla onlara şər atırlar.
Ən böyük dərd budur ki
Sünbül-sünbül tarladan
bir dən sənin olmasın,
Adın vətəndaş olsun, Vətən sənin olmasın
Bu Vətən bizim hamımızındır. Tarazlıq pozulanda, haqq sözü nəzərə alınmayanda təbii ki, ziyalı da narazıya çevrilir. Ümümiyyətlə yazarlar, ziyalılar həmişə iqtidara qarşı müxalifətdə olur. Onlar xalqın xeyrinə, rifahı naminə bu fikirdə olurlar və istəyirlər ki, hökumət xalqın xeyrinə işləsin. Xalqın xeyrinə işləməyəndə, korrupsiya ilə məşğul olanda, ancaq öz mənafeyini güdəndə təbii ki, ziyalı öz səsini qaldıracaq. Ziyalı xalq deməkdir, el deməkdir. Onlar belə etməklə ziyalını aşağılamaq, xalqın gözündən salmaq istəyirlər. Bunun da xeyri yoxdur.
“Heç olmasa şah dönəmində şikayəti olanı qəbul edirdilər ki, görək, sözü nədir”
– Sizcə, xalqın problemini dilə gətirən ziyalını niyə siyasətlə məşğul olmaqda ittiham edirlər?
– Ziyalıların faəliyyətinə başqa rəng qatmaq, don geydirmək istəyirlər. Şəxsən mən Ziyalı Forumuna rəğbətim var, onun mübarizəsinə, oliqarxlara, xalqın malını yeyib-talayanlara qarşı haqq səsini ucaltmasına yüksək qiymət verirəm. Hakimiyyət onlara qarşı bu cür davranmalıdır. Deməyəcəklər ki, onlar çox gözəl işlə məşğuldular. Ziyalı sözü eşidilsəydi, belə olmazdı. Heç olmasa şah dönəmində şikayəti olan gəlib elçi daşının üstündə otururdu, şah da onu qəbul edirdi ki, görsün sözü nədir. Indi nə sadə vətəndaşa qulaq asan var, nə ziyalıya. Əvvəllər ziyalıları universitetlərə çağırırdılar. Indi ziyalı fikrini dinləyən yoxdur. Belə olanda əlbəttə ki, ziyalının fəaliyyətinə bu cür ad qoyacaqlar.
– Musa müəllim, Ziyalılar Forumunun faəliyyətini təqdir edirsiniz, mövqeyini dəstəkləyirsiniz, bəs nə yaxşı özünüz bu Forumda deyilsiniz?
– Mənim Ziyalılar Forumunda təmsil olunmamam bunu istəməməyimlə deyil, imkansızlıqla bağlıdır. Bir az yaşım keçir, çox vaxt şəhərdə olmuram, kəndə gedirəm. Amma Ziyalılar Forumunun tədbirlərində həmişə iştirak etməyə hazıram. Bu mənim üçün çox xoşdur.
– Son aksiyada qadınların döyülməsinə artıq parlamentdən də reaksiyalar gəlməyə başlayıb. Zeynəb Xanlarova qadınları döyənləri kəskin şəkildə pisləyib.
– Sərbəst toplaşmaq azadlığı haqqında qanun var. Onu qəbul ediblərsə, niyə əməl etmirlər? Qanunu pozurlar, ziyalının sözünü eşitmirlər, Ictimai Palataya aksiya keçirməyə imkan vermirlər. Qoy, sözlərini desinlər də! Mən dağıdıcı inqilabların tərəfdarı deyiləm. Amma qoy, xalq çıxsın istədiyi yerdə sözünü desin. Hakimiyyət düz yoldadırsa, nədən çəkinir? Deyir ki, icazəsiz mitinqdir. Icazə vermirsən axı, ver də! Hökumət Milli Məclisin qəbul etdiyi qanuna əməl etmirsə, əlbəttə ki, Ictimai Palata bu aksiyaları keçirməyə məcbur olur.
“Hakimiyyət belə adamları həbs etməməli, əksinə qorumalıdır”
– Dünyanın tələblərinə baxmayaraq siyasi məhbusların və vicdan məhbuslarının bugünə qədər azad edilməməsinə necə baxırsınız?
– Deyirlər ki, guya biri şüşə sındırıb, biri daş atıb, biri təpik vurub və s. Bunlar hamısı bəhanələrdir. Məlum məsələdir ki, onları siyasi fəaliyyətlərinə, mübarizə apardıqlarına görə həbs ediblər. O yükü də qoyublar bellərinə. 2-3 il də iş veriblər. Bu yaramaz axı?! Bu adamlar əzab çəkirlər. Əslində hakimiyyət belə adamları nəinki həbsə atmalıdır, əksinə vətəndaş cəmiyyətinin formalaşması və inkişafı üçün onları qorumalıdır. Çünki bu adamlar xalqın əsl mübariz adamlarıdır. Onlara kömək etmək əvəzinə, tutub zindana salırlar.
“Görürük axı bu oliqarxlar, imkanlılar nələrə sahibdilər”
– Musa müəllim, bayaq korrupsiyadan danışdınız. Sizcə, ölkədə həqiqətən də korrupsiyaya qarşı mübarizə gedirmi? Hökumət deyir ki, gedir.
– Rayonlarda, kəndlərdə torpaq qalmayıb. Hamısını alıblar, hasarlayıblar. Meşələri, dəniz kənarını hasarlayıblar. Bu yerlər hamıya məxsusdur. Əgər bir yerdən bulaq qaynayırsa, onu hasara almaq olmaz. O, elindir, millətindir. Korrupsiyaya qarşı mübarizə ən aşağı qatda aparılır. Həkim 5 manat aldı, müəllim 10 manat aldı. Təbii ki, bu da olmamalıdır. Amma məsələ ondadır ki, aparılan mübarizə nəhəng korrupsiyanın qabağında heç nədir. Aşkarlıq olmalıdır.
Allahdan paydı gələn
bu payı kimdi bölən?!
Bölgünü haqqını bilən
əllərə saxlamışıq
Yəni biz o əllər istəyirik ki, payı ədalətlə bölsün. Ədalət pozulanda, haqq tərəzisi pozulanda nəhəng korrupsiya yaranır. Buna qarşı mübarizə aparmaq üçün hakimiyyət mahiyyətini dəyişməlidir. Gözümüz görür axı bu oliqarxlar, imkanlılar nələrə sahibdilər. Əgər bu sərvət xalqın, millətindirsə, biz niyə bunu bacarmırıq? Yəni haqq düzgün bölünmür.
– Məmurlarımızın, deputatlarımızın əksəriyyəti vəzifə tutan kimi yüksək elmi adlar alırlar. Ortada isə qiymətli elmi iş adına demək olar ki heç nə yoxdur. Buna necə baxırsınız?
– Problem bu hakimiyyətin mahiyyətindədir. Əlbəttə ki, həmin deputatların da, nazirlərin də arasında ədalətlisi, iş görəni var. Amma elələri var ki, xalq üçün bir qəpiyindən keçmir. Müstəqilliyimizin ilk illərində sahibkarlar var idi ki, kasıblara, imkanı olmayanlara əl tuturdular. Hələ televiziyada göstərəndə də, deyirdilər ki, ayıbdır, lazım deyil. Amma indi milyarderlər var, xalqa gün ağlayan yoxdur. Bu da mənəviyyatın aşınmasıdır. Ancaq “mənim olsun” deyirlər. Belə olmaz axı…
http://www.azadliq.az/index.php?option=com_content&view=article&id=17201:duez-yoldasnzsa-qoyun-xalq-cxsn-soezuenue-desin&catid=293:syas&Itemid=457




