Novruz Məmmədovun gülməli saydığına ciddi cavablar

13.06.2012

 “O səviyyədə dövlət məmurunun ən azından belə primitiv səhvlər buraxması buraxmamalıdır. Məmur və siyasətçi ürəyində tutduğu ifadələri efirdə və ictimaiyyət qarşısında söyləməməlidir”. Bu barədə “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı Turan-a Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun ANS televiziyasına prezident İlham Əliyevlə ABŞ dövlət katibi Hillari Klintonun  görüşündə jurnalistlərin döyülməsinin tərəflərin gülüşünə səbəb olduğu barədə dediklərini şərh edərkən bildirib. 

Baş redaktor deyib ki, N. Məmmədovun “özünü jurnalist adlandıran” deməsi, bələ nəticə çıxarmağa əsas verir ki, Azərbaycan iqtidarı jurnalistlərlə bağlı yalnız belə düşünür. “Əgər, doğrudan belə düşünürlərsə, onda nədən 4-cü hakimiyyət adlandırılan mediaya bu qədər diqqət və maliyyə ayırırlar”, – E.Şıxlı qeyd edib.   Jurnalist İdrak Abbasov isə Novruz Məmmədovu məhkəməyə verəcək. “Novruz Məmmədov yalan danışıb. İki dövlət rəsmisi, xüsusilə Amerika dövlət katibi jurnalistlərin təzyiqə məruz qalmasına gülə bilməz. Məntiq bunu  deyir. Novruz Məmmədov məni “özünü jurnalist adlandıran”  kimi təqdim edir. Amma onun özü iş otağında dəfələrlə mən İdrak Abbasova  müsahibə verib”.  İ.Abbasov bu günlərdə məhkəməyə müraciət edəcəyini deyib. “Novruz Məm mədov ifadələri ilə mənim şərəf və ləyaqətimə, işgüzar nüfuzuma xələl gətirib. Onun məndən üzr istəməsi və Heydər Əliyev Fonduna simvolik olaraq 1 manat cərimə ödəməsi ilə bağlı məhkəmədə iddia qaldıracam”, – jurnalist bildirib.  “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova isə ironiya ilə deyib ki, “mən bilmirəm bu adamlar jurnalistlərin döyülməsindən  gülməli nə tapıblar”.    “Novruz Məmmədovun dediyindən belə nəticəyə gəldim ki, dövlət katibinə İdrak Abbasovla bağlı yalan məlumat verilib. Yəni İdrak Abbasova guya kompensasiya ödənilməsi, guya onun şəxsi işi ilə bağlı döyülməsi barədə yalan məlumat ötürülüb. İstənilən halda Novruz Məmmədov bu mesajı verdi ki, dövlət katibi üçün jurnalistlərin təzyiqlərə məruz qalması ciddi məsələ olmayıb. Təəssüf ki, Amerika  tərəfindən də bunun əksini sübut edən tutarlı faktlar və cavab eşitmədik”, – o qeyd edib.   X.İsmayılova özü ilə bağlı məsələdən danışarkən deyib ki, Novruz Məmmədov iddia edir ki, dövlət katibi Azərbaycan hökumətinin mövqeyini alqışlayıb. “Amma mən bilmirəm, dövlət katibi Azərbaycan hakimiyyətinin hansı mövqeyini alqışlayıb. İstintaqın yubadılmasını və ya Prezident Administrasiyasının rəsmisi Çingiz Əsgərovun dediyi kimi prezidentin şəxsi işlərinə qarışdığım üçün mənim şəxsi həyatıma müdaxilənin qanuni sayması barədə bəyanatınımı?” – jurnalist sual edib.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button