
KİV DF-nin yardımı “Azadlıq”dan geri alındı
Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun “Azadlıq” qəzetinə qarşı iddiası təmin olunub. Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qəbul olunan qərara əsasən, “Azadlıq” qəzeti Tağı Əhmədova mənəvi zərəri qismən təmin edib. “Azadlıq” qəzeti iddia olunduğu kimi Tağı Əhmədova 200 min manat deyil, 30 min manat təzminat ödəməlidir. Məhkəmə qərarına əsasən, “Azadlıq” qəzeti 8 aprel 2012-ci il sayında çap etdiyi “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli yazıdakı məqaləyə də təkzib verməlidir.
Qeyd edək ki, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Azadlıq” qəzetinə qarşı qaldırdığı iddiasında məhkəmədən qəzetdən 200 min manat mənəvi ziyana görə təzminat istəmiş və haqqında yazılan məqaləyə görə də təkzib verilməsini tələb etmişdi.
“Azadlıq” qəzetini məhkəmədə Media Hüququ İnstitutunun vəkilləri müdafiə ediblər. Vəkil Fariz Namazlı məhkəmə qərarının qanunsuz olduğunu bildirib. Vəkil qərardan apellyasiya şikayəti verəcəklərini deyib.
Xatırladaq ki, 2012-ci il üçün KİV DF mətbuata dəstək məqsədilə “Azadlıq” qəzetinə 30 min manat ayırmışdı. Məsələnin görünən tərəfi odur ki, hakimiyyətin fəaliyyətilə bağlı sərt və radikal çıxışlar edən Azadlıq” qəzeti hakimiyyət tərəfindən cəzalandırılıb və ona ayrılan eyni məbləğli vəsait dövlət məmurunun əsassız tələbi ilə geri alınır.
XuralTAC




