
“İşçi Qrupdakı hüquq müdafiəçilərinə qarşı kampaniyanı zərərli sayıram”
Rəşid Hacılı: “Təbii, elə məhbuslar ola bilər ki, İşçi Qrupunda təmsil olunanlardan narazı olsun”
Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı hazırda Bakıdadır. O, “Yeni Müsavat”ın suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
– Nəhayət ki, uzun gözləntilərdən sonra siyasi məhbuslarla bağlı İşçi Qrup yaradıldı və fəaliyyətə başladı. Sizcə İşçi Qrupdan nə gözləmək olar?
– Siyasi motivlərlə həbs olunduğu iddia edilən şəxslərin və vətəndaş cəmiyyəti ilə dialoq üçün yaranmış İşçi Qrupunun yenidən bərpa olunmasını müsbət addım sayıram. Bu qurumun yaranması mövcud vəziyyətdən çıxmaq üçün yaxşı fürsətdir.
İşçi Qrupun yaradılmasının siyasi məhbus probleminin və dustaqların azad ediləcəyinə ciddi töhfə verə biləcəyinə inanıram. Siyasi məhbusların varlığını israrla inkar etməsinə baxmayaraq, hökumətin bu addımı bir daha təsdiq etdi ki, ən azı indi bu problemlə bağlı müzakirədən qaçmır. Əksinə, Avropa Şurasındakı üzvlüyünə, onun qoyduğu öhdəliklərinə hörmətlə yanaşdığını ifadə edir.
Əvvəllər mövcud olmuş İşçi Qrupun bərpa olunması ilə bağlı ilkin razılaşma hələ prezident İlham Əliyev bu ilin iyun ayında Strasburqda olarkən əldə olunmuşdu. Bir çoxlarının dediyinin əksinə olaraq, Prezident bu qərarı heç də Avropa Şurasının baş katibi cənab Yaqlandın təkidlərindən sonra razılıq verməmişdi. İyunda Strasburqda görüşdüyümüz cənab Yaqland İşçi Qrupun bərpa olunduğu xəbərini sevincək bizimlə bölüşdü. Öz nümayəndəsinin də İşçi Qrupun tərkibində görmək istədiyini dedi. Kuluarlardan aldığımız məlumatlara görə, bu təklif AŞ PA-nın Siyasi Büro üzvləri ilə cənab İlham Əliyevin yemək stolu arxasında qısa görüşündə irəli sürülüb və heç bir tərəddüd olmadan da qəbul edilib.
Bu qənaətdəyəm ki, İşçi Qrupun yaranması həbsləri mübahisə doğuran məhbusların azadlığa qovuşmasını xeyli sürətləndirəcək. Üstəlik, bu məhbusların saxlanma şəraiti, onların sağlıq və psixoloji durumu, başqa hüquqları ilə bağlı məsələlərin həllinə müsbət təsir göstərəcək. Bu çox vacib psixoloji məqamdır. Bu həbsxana rəhbərliyindən tutmuş onların işlərinə bu və ya digər dərəcədə aidiyyəti olan hər kəsə pozitiv təsir etmiş olur. Lakin təbii ki, bu müsbət məqamların İşçi Qrupunun konkret addımları ilə möhkəmlənməsi çox vacibdir.
Bu baxımdan, məsələn, İşçi Qrupunun ilk iclasında Hilal Məmmədovla bağlı qərar müsbət qiymətləndirilə bilər. Amma bu azdır. Arzu edirəm ki, İşçi Qrup İntiqam Əliyevin səhhətindəki ciddi problemləri nəzərə alıb onun məhkəməyə qədər həbsdən azad edilməsinə yönəlik addımlar atacaqdır. Hüquq müdafiəçiləri olan həmkarlarımın belə məsələlərdə israrla çalışdıqlarını bilirəm və hökumət tərəfindən də bunun anlayışla qarşılanacağına və tədbirlər görüləcəyinə ümid edirəm.
– Lakin İşçi Qrupu tənqid edənlər də var. Orada təmsil olunan hüquq-müdafiəçiləri də inamsızlıq ifadə edən bəyanatlar verilir…
-İşçi Qrupda təmsil olunan hüquq müdafiəçilərinə qarşı kampaniyanı faydasız və hətta zərərli sayıram. Bu yalnız orada onsuz da zəif durumda olan vətəndaş cəmiyyətinin mövqelərini bir qədər də sarsıdır. Oradakı hüquq müdafiəçilərinin ən azı yaxşı tanıdığım bir neçəsinin siyasi məhbusların azad edilməsi üçün başqalarından az səy göstərmələrinə, məhbusların azadlığa çıxmalarını başqalarından az istəmələrinə inanmıram.
Qrupda olan, bəzilərinin tənqid etdiyi Novella Cəfəroğlu bu günlərdə dedi ki, onlar 37 şəxsin adını veriblər hökumətə və onların azad olunmasında israr edirlər. Siz o şəxslərin adları ilə tanış olun. Görəcəksiniz ki, biz hamımız onların azad olunmasını arzu edirik, onların adları bütün dünyaya bəllidir. Məsələn, Anar Məmmədli, Rəsul Cəfərov, Bəşir Süleymanlı, İntiqam Əliyev, Rəşadət Axundov, İlqar Məmmədov və başqaları. İşçi Qrup istədi-istəmədi onların azad olunması məsələsini müzakirə etməlidir, qərar verməlidir. Onların çoxunun azadlığı əleyhinə əks arqument tapmaq çətindir məncə.
Təbii, elə məhbuslar ola bilər ki, İşçi Qrupunda təmsil olunanlardan narazı olsun. Belə kampaniyalara vaxt itirməkdənsə, hüquq müdafiəçiləri ilə vaxtaşırı görüşlər keçirərək onlara məlumatlar vermək, onlara yardım etmək lazımdır. Mən inanıram ki, məhz bu qarşılıqlı əməkdaşlıq onların çox səmərəli işləmələrinə kömək edəcək. Bundan sonra onlardan hesabat istəmək lazımdır. Əvvəldən hər şeyi qaralamaq, sonda deyiləcək sözü öncədən demək heç zaman faydalı yol sayılmayıb.
– İşçi Qrupa inamsızlıq sərgiləyənlərin arqumentləri sizcə əsaslıdırmı?
-Ayrı-ayrı şəxslərin səsləndirdikləri pessimist ifadə edən əsas arqumentlər bunlardır: Qrupda hökumət nümayəndələri və hökumətyönlü şəxslər üstünlük təşkil edir; qrupun adında siyasi məhbus ifadəsi işlənmir; Qrupda olan hökumət nümayəndələri ölkədə siyasi məhbus olduğunu etiraf etmir; Qrupda olan hüquq müdafiəçilərinin bəzisi geniş siyasi məhbus siyahısını qəbul etmir; Qrupda siyasi məhbus problemləri ilə məşğul olan vəkillər yoxdur; bu qrup gözdən pərdə asmaq üçün yaradılıb, və s.
Hər şeydən əvvəl onu deyim ki, hökumətdən və ya hakimiyyəti təmsil edən şəxslərdən siyasi məhbus etirafı gözləmək, bunu tələb etmək ən azı sadəlövhlükdür. Siyasi olduğu yerli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən iddia edilən məhbuslar elə həmin Avropa Şurasının üzvü olan bir sıra ölkələrdə də var. Gürcüstanda Saakaşvili hökumətində yüksək vəzifə tutmuş çoxlu siyasi şəxslər həbsdədirlər. Türkiyədə, Ukraynada siyasi olduğu iddia edilən məhbuslar onlarladır. Bu hökumətlərdən hər hansı birinin “Bizdə siyasi məhbus var” etirafının şahidi olmamışam. Amma İşçi Qrup yaratmaqla hökumət bu problemi müzakirə etməyə və aradan qaldırmağa hazır olduğunu göstərirsə, bu heç də pis deyil.
Qrupda üzvlərin hökumət nümayəndələri və ya hökumətyönlü olması da ciddi arqument deyil. Burada dialoq aparan iki tərəf var. Bir də kənar müşahidəçi olan AŞ nümayəndəsi. Burada tərəflərin sayı xüsusi önəm daşımır. Burada vətəndaş cəmiyyətinin mövqeyini hökumətə çatdıran və bu mövqeyi müdafiə edə bilən bir neçə şəxsin olması yetərlidir. Əsas odur ki, siyasi olduğu iddia edilən bütün şəxslərin işləri müzakirə edilsin. Bütün arqumentlər ortaya qoyula bilsin. Hamımız bilirik ki, burada son söz hökumətindir. Hökumət bu arqumentləri qəbul edib kimlərisə azad edəcəksə- inanıram ki, bu mütləq olacaq-lap yaxşı. Azad edilməyənlərlə bağlı müzakirələri israrla davam etdirmək olar. Vətəndaş cəmiyyəti nümayəndələrinin bunu edəcəkləri məndə şübhə doğurmur.
Vəkillərin İşçi Qrupa üzvü olmaları önəmli deyil, bunun hətta düzgün olmadığını əsaslandıran arqumentlər də irəli sürmək mümkündür. Amma, İşçi Qrupu konkret şəxslərlə bağlı sualları aydınlaşdırmaq üçün konkret vəkilləri dinləmələrə dəvət edə bilər və etməlidir.
İşçi Qrupunun tərkibi, oraya başqa hüquq müdafiəçilərinin də cəlb edilməsi təkliflərini müzakirə etmək olar məncə. Bildiyim qədər heç hökumət də bu təklifə qarşı çıxdığını deməyib. Bununla belə, bütün hallarda bu məsələyə İşçi Qrupu səmərəliliyi meyarından baxmaq lazımdır. Yeni üzvlər daha kimlər ola bilər və onların qatılımı bu işin səmərəsini nə dərəcədə yüksəldəcəkmi və s. kimi suallar da var. Şəxslər barədə təklifləri verərkən reallıq ölçülərinə söykənmək lazımdır. Məsələn, bəziləri təklif edirlər ki, həbsdə olan hüquq müdafiəçiləri də həmin İşçi Qrupa daxil edilməlidirlər. Bu mümkün ola bilər, yalnız o halda ki, həmin şəxslərin özlərinin azad edilməsi ilə bağlı qərar verilsin öncə. Həmin qərar barədə tövsiyəni də məhz İşçi Qrupu verməlidir.
Düşünmürəm ki, AŞ PA-nın başqa üzv ölkələrdə siyasi məhbus problemi göz çıxardığı bir zamanda tək Azərbaycan üçün xüsusi qərar verəcək. Hətta bu baş versə belə, hökumətin də bu qərara tez əməl edəcəyinə və məhbusları asanlıqla azad edəcəyi də ən azından bugünkü perspektivdən dumanlı görünür. Yaxşı olardı ki, həm hüquq müdafiəçiləri, həm vətəndaş cəmiyyəti fəalları, həm də elə hökumət hər hansı kənar quruluş və şəxslərin vasitəçiliyi, müşahidəçiliyi olmadan bu ağrılı problemi birgə, öz içimizdə və kökündən həll etmək yolları barədə düşünə. Onda biz bir toplum olaraq güclü olduğumuzu, problemləri özümüz həll edə bilmək qabiliyyətində olduğumuzu göstərə bilərdik. Düşünürəm ki, İşçi Qrupu bunun üçün məhz indiki durumda optimal başlanğıc mexanizmlərdən biridir.
“Yeni Müsavat”




