Deputat od püskürdü: “Sən vətəndaşa münasib yol yaratmamısansa, niyə ondan cərimə pulu alırsan?””

Ötən gün Bakı Nəqliyyat Agentliyi, deputat Fazil Mustafanın müsahibəsində, qurum barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

Bakı Nəqliyyat Agentliyi, deputata şəhərdə piyada gəzməyi və ictimai nəqliyyatdan istifadəni tövsiyə edib. Bunun ardınca isə Fazil Mustafa, BNA-ya daha sərt cavab ünvanlayıb. Deputat quruma, həbsxanaya aparan yolları xatırladıb: “Ötən gün bir müsahibəmdə, BNA tərəfindən həyata keçirilən soyğunçuluq mexanizmi haqqında fikirlər səsləndirmişdim. Bildirmişdim ki: “BNA qədər vətəndaşı soyan ikinci bir qurum yoxdur.

Bu qurum şəhərdə lazımi infrastruktur yaratmayıb, yolun yarısını avtobuslar üçün nəzərdə tutub, amma vətəndaş, tıxacda qalır. Necə yəni, onların vaxtı dəyərli deyil? Sən vətəndaşa münasib yol yaratmamısansa, niyə ondan cərimə pulu alırsan?” Üstəlik də hər gün minlərlə nəqliyyat idarə edən Azərbaycan vətəndaşı, müəmmalı şəkildə qeydiyyat aparan kameralar vasitəsi ilə cərimələnir və haradasa ölkədə, boynunda cəriməsi olmayan vətəndaş tapmaq, çətindir. Hamımız bilirik ki, pandemiya dövründə vətəndaşların gəlirləri xeyli azalıb, insanlarımız yoxsullaşıb, məşğulluq səviyyəsi də aşağı düşüb.

Bütün bu tənqid və iradlarıma cavab verən BNA təmsilçisi, bunların ağ yalan olduğunu və Bakı Nəqliyyat Agentliyinin müqəddəs bir fəaliyyətlə məşğul olduğunu iddia etməyə çalışıb. Üstəlik bizim məqsədli şəkildə bu ittihamları səsləndirdiyimizi xüsusi olaraq vurğulayıb. Burada əslində haqlılıq payı mövcuddur, çünki həqiqətən də bu irad və ittihamları səsləndirməkdə məqsədimiz var və əsas məqsədimiz də, Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimə oyunbazlığı vasitəsi ilə sürücülərin kütləvi şəkildə soyulmasının qarşısını almaqdır.

Bakı Nəqliyyat Agentliyi adından verilən uğursuz açıqlamada hər şeydən danışılıb, “ağıllı” tövsiyələr verilib, ancaq vətəndaşları zinhara gətirmiş cərimələrdən, onların əsassızlığından, onların vətəndaşı ölkə rəhbərliyindən narazı salmağından bircə kəlimə də olsun danışılmayıb. Açığı burada hiyləgər gedişi etiraf etmək lazımdır. Ancaq hiyləgər olmaq hələ ağıllı olmaq mənasına gəlmir. Ölkə Prezidentinin vətəndaşa layiqli xidmət etmək niyyəti ilə yaratdığı Bakı Nəqliyyat Agentliyini, Bakı Nəqliyyat Soyğunçuluğu Agentliyinə çevirdiyiniz üçün, vətəndaşların məhkəmələrə kütləvi şikayətləri başlasa və sizlərə qarşı vurulmuş mənəvi və maddi ziyana görə kompensasiya tələbləri çoxalsa, əmin olun ki, Kürdəxanıda korrupsioner dostlarınızın yanına hansı formada getməyi, millət vəkilləri hamınıza dəqiqliklə tövsiyə edəcəklər”. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button