Ərəstun Oruclu: “Dmitri Roqozin Bakıya təzyiq göstərmək üçün gəlib”

17.08.2012

RF hökumətinin baş nazir müavini Dmitri Roqozinin Azərbaycana səfəri çox güman ki, rəsmi Bakıya təzyiq və aparılan qərbyönlü kursun mənfi nəticələri barədə xəbərdarlıq məqsədi daşıyır. Bunu politoloq, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Turan-ın müxbiri ilə söhbətində bildirib. Bu cür ehtimallara Roqozinin imici və hərbi-sənaye məsələləri ilə məşğul olması əsas verir. 

Roqozin sərt siyasətçidir, öz kəskin bəyanatları ilə tanınır, Rusiyanın hərbi-siyasi baxımdan möhkəmlənməsinə və hökmranlığının bərpasına tərəfdardır. Harada “stola yumruq vurmaq” lazımdır, ora onu göndərirlər.

Ə.Oruclunun fikrincə, son vaxtlar insan hüquqları problemləri ilə bağlı Qərbin tənqidlərinə baxmayaraq, Bakı Vaşinqton və Brüssellə yaxınlaşmaq üzrə ardıcıl kurs aparır.

Türkiyə ilə qaz sazişlərinin bağlanması əslində belə siyasətin tərkib hissəsidir, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə və Rusiyadan asılı olmamağa yönəlib.

Bütün bunlar Moskvanı narahat etməyə bilməz. Artıq XİN rəhbəri Sergey Lavrov və Dövlət Dumasının spikeri Sergey Narışkin Azərbaycanda olublar. “Lakin görünür, onların missiyası uğursuz olub və Roqozini göndərmək qərarına gəliblər. O da özünə xas tərzdə və ola bilsin ki, açıq hədələrlə Moskvanın fikrini Bakıya çatdıracaq.”, – Ə.Oruclu əlavə edib.

Lakin Azərbaycan qayıdış nöqtəsini keçib və Bakını qərbyönlü kursdan döndərmək mümkün olmayacaq. “Hətta beş Roqozin göndərilsə belə, bu, heç nəyi dəyişməyəcək”, – Ə.Oruclu vurğulayıb.

Onun fikrincə, Qəbələ RLS-ə dair sazişin uzadılması ilə bağlı danışıqlar da uğursuzluq  həddindədir. Ekspert Azərbaycanla Qərb arasında təhlükəsizlik sahəsində əməkdaşlığın güclənəcəyini gözləyir

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button