Adam Tlexuray Bakını tərk etdi

04.06.2012
Adam Tlexuray işində buraxdığı nöqsanlara görə (?!), vəzifəsindən uzaqlaşdırılıb.
Azərbaycan məhkəmələri isə, “Xural” qəzetinin baş redaktoru Ə.Zeynallını səhv məlumat yaymaqda və A.Tlexurayın “şərəf və ləyaqətinə” toxunmaqda ittiham edirlər.
“Xırdalan Pivə” – Bakı-Baltika MMC -nin baş direktoru Adam Tlexurayın “Xural” qəzeti və qəzetin baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırdığı iddiadan qarşı tərəfin verdiyi apellyasiya şikayətinə iyunun7-də saat 15.00-da Bakı Apellyasiya Məhkəməsində hakim İlham Əsədovun icraatında baxılacaq.
Xatırladaq ki, Nərimanov rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva bu il yanvarın 23-də “Baltika-Bakı” MMC-nın baş direktoru Adam Tlexurayın 150 min manatlıq əsassız iddiasını, qarşı tərəfin iştirakı olmadan qismən təmin edərək, ”Xural”qəzeti və onun təcridxanada olan baş redaktoru Əvəz Zeynallını daha 50 min manat cərimələndirmişdi. Bu qərardan edilən apellyasiya şikayətinə baxılması, bundan əvvəl də Ə.Zeynallının əleyhinə siyasi sifarişlə hökm oxuyan hakim Məmməd Məmmədova tapşırılmışdı. Əvəz Zeynallının Nərimanov rayon məhkəməsi tərəfindən KİV DF-nin sədri Vüqar Səfərlinin xeyrinə kəsilmiş 500 manatlıq cərimə haqda etdiyi apellyasiya şikayətini 10 dəfə artıraraq 5 min manata çatdıran Bakı Apelyasiya məhkəməsinin hakimi Məmməd Məmmədovun “Xural”ın bu dəfəki apellyasiya şikayətinə baxmaması üçün dəfələrlə vəsatət qaldırılıb. Mayın 11-də keçirilən iclasda hakimə onun hüquq və səlahiyyətləri xatırladılıb və prosesə onun hakimlik etməsi qanunpozuntusu kimi dəyərləndirilib. Bundan sonra hakim M.Məmmədov bu vəsatətin Apellyasiya Məhkəməsinin sədrilə razılaşdırılacağını əsas gətirərək, prosesin gedişini təxirə salıb. Bakı Apellyasiya Məhkəməsindən hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan “Xural” qəzetinin baş redaktoru Ə.Zeynallıya bildiriş göndərilib və bu dəfə prosesə sədrlik edən və məruzəçi hakim İlham Əsədovun təyin edildiyi haqda məlumat verilib. Əvəz Zeynallı hakim M.Məmmədova etirazının qəbul olunduğunu müsbət hal kimi dəyərləndirib: “Əsas odur ki, heç olmasa buna nail ola bildik və iş hakim M.Məmmədovdan alındı. Qanunsuzluğun bu qədərini hətta Apellyasiya Məhkəməsinin sədri belə qəbul edə bilmədi. Çətin də olsa alqışlamaq lazımdır…” Allahverdi oğlu ”Xural”ın daha bir “iş”inə baxır.
Vəkil Elçin Sadığovun verdiyi məlumata görə məruzəçi hakim İlham Əsədov “Xural”ın bir neçə işinə baxıb və hər dəfə də əleyhinə qərar çıxarıb: “Biz İlham Əsədovun da prosesə hakimlik etməməsilə bağlı vəsatət qaldıracağıq. “
Zəruri qeyd: Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun hakimin məhkəmə baxışında iştirakının məhdudlaşdırılması ilə bağlı 16-cı maddəsinə əsasən, birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində işə baxılmasında iştirak etmiş hakimin həmin işə təkrar məhkəmə baxışında iştirakı yolverilməzdir. Həmçinin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda hakimlərin qərəzsizliyinə şübhə doğuran hallar yarandıqda hakim həmin işə baxılmasından çəkinməli, yaxud kənarlaşdırılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 19.1.3. maddəsinə əsasən, Sevinc Quliyevanın əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində yeni açılmış hallar üzrə işə baxması yolverilməzdir. MPM-nin 19.2.3. maddəsində göstərilir ki, hakim şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa onun işə baxmasına qanunla yol verilmir. Hakim Sevinc Quliyevanın “Xural”a qarşı ötənlərdə çıxardığı qərarlara nəzər yetirmək kifayətdir ki, onun obyektivliyinə və qərəzsizliyinə şübhə yaransın. Hər bir halda hakim Sevinc Quliyeva qanunlara əhəmiyyət vermədiyi üçün məsuliyyətdən boyun qaçıra bilməyəcək.
Vəkil E.Sadığov məhkəmə prosesinə Ə.Zeynallının gətirilməsilə bağlı da vəsatət qaldıracagını deyib: ” Əvəz Zeynallı məhkəməyə gətirilmir. Halbuki bu işlə Ə.Zeynallı daha yaxından tanışdır. Ona görə də, Əvəz Zeynallının şəxsən özünün məhkəməyə gətirilməsinə ehtiyac var. Hakim M.Məmmədov zərurət yarandığı təqdirdə Ə.Zeynallının məhkəməyə gətiriləcəyini demişdi. Ümid edirik ki, bu məsələ də müsbət həllini tapacaq və Ə.Zeynallıya öz hüquqlarını müdafiə etmək üçün imkan yaradılacaq. “
Məlumat üçün bildirək ki, 2011-ci ilin avqust ayında “Xural” qəzeti “Xırdalan pivə” kimi tanınan “Baltika-Bakı” MMC-nın həddindən artıq keyfiyyətsiz pivə istehsal etməsindən, MMC-nin rəhbəri Adam Tlexurayın 20 Yanvar şəhidlərinə qarşı işçilərin gözü qarşısında etdiyi hörmətsizliklər haqqında yazmışdı. Həmin məqalələrdə qeyd olunurdu ki, zavoda böyük həcmdə “vozvrat pivə” daxil olub və bu pivələrin istehsal prosesi texniki qaydalara riayət olunmadan həyata keçirilib. Bu haqda məlumatı XuralTAC-a verən mənbənin sözlərinə görə, ana ofisi Sankt-Peterburqda yerləşən şirkət bu məqsədlə Bakıya yoxlama göndərib. Yoxlama zamanı məlum olub ki, zavod keyfiyyətsiz pivə istehsal etməklə şirkətin adına xələl gətirib. “Bu günə qədər 15 KamAZ dolusu pivə geri qayıdıb. Əsasən, 2.5 litrlik “Əfsanə” pivələrini qaytaran KamAZ-larda onlarla ton keyfiyyətsiz pivələr daşınır” deqən mənbə onu da bildirib ki, “Davamlı olaraq keyfiyyətsiz pivələr üstümüzə qayıdır. Nə ucu var, nə bucağı. Həmişə zavod rəhbərliyi asan yolunu tapmışdı. Gələn pivələri pivəbişirmə sexlərinə töküb, yenidən bazara qaytarırdı. İndi buna imkan yoxdur. Ramazan günləri münasibətilə pivə bazarında ciddi sıxıntı var. Satışda ciddi azalma olduğu üçün qayıdan pivələri pivəbişirmə çənlərinə tökə bilmirlər. Bütün pivə çənləri doludur. KamAZ dolusu qayıdan xarab pivələri boşaltmağa yer yoxdur.” Mənbə keyfiyyətsiz pivələri tanımağın elə də çətin olmadığını söyləmişdi – Pivənin rəngi ağarır və şüşələrin dibində ciddi çöküntü meydana gəlir.
“Xural” məsələyə münasibət öyrənmək üçün “Baltika-Bakı” MMC-nin maliyyə idarəsinin rəisi Mikayıl Cəfərovla əlaqə saxlamış, o da həqiqətən 15 KamAZ pivə zavodun həyətinə daxil olduğunu və Sankt-Peterburqdan gələn komissiyanın “Baltika Bakı” MMC-də yoxlama apardığını təsdiqləmişdi.
Bundan sonra dəfələrlə A.Tlexuray “Xural”ın rəhbərliyi ilə əlaqə saxlayaraq MMC haqqında qəzetin səhifələrində heç bir məlumatın getməməsinə çalışmış, lakin redaksiyadan, “millətimizi zəhərləməyə heç kimin haqqı yoxdur, Gedin keyfiyyətli məhsul istehsal edin, biz də yazmayaq” cavabını alandan sonra, əlləri hər yerdən üzülərək gözləmə mövqeyi tutmuşdular. “Xural” qəzetinin əmlakı müsadirə olunandan sonra Tlexurayın dəstəsi məsələni yenidən qaldırmış, məhkəmədə “Xural”a qarşı 150 min manatlıq iddia qaldıraraq, qisas almağa çalışmışdılar. Lakin baş redaktor Əvəz Zeynallının həbsindən və “Xural”ın fəaliyyəti dayandırıldıqdan sonra məsələ bir qədər səngimişdi. Əvəz Zeynallının istintaq müddəti daha 2 ay 25 gün artırılandan sonra köhnə məhkəmə işləri yada düşür və Sevinc Quliyeva dərc olunmayan qəzetin yenidən cəzalandırılması üçün daha bir siyasi sifarişi həyata keçirir.
Əldə etdiyimiz son məlumatlara görə Adam Tlexuray işində buraxdığı nöqsanlara görə, vəzifəsindən uzaqlaşdırılıb və Bakını tərk edərək Sank-Peterburqda yerləşən baş ofislərinə qayıdıb.
XuralTAC “Xırdalan Pivə” nin – Bakı-Baltıka MMC-nin nə cür məhsul istehsal etməsilə bağlı əldə etdiyi faktlarla bu linkdən tanış ola bilərsiniz.
http://www.youtube.com/watch?feature=player_embedded&v=iamVA-qbzK0
XuralTAC



