Əvəz Zeynallının məhkəməsində dövlət ittihamçısı çıxış edəcək

12.02.2012

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən məhkəmə prosesi fevralın 13-də saat 14.30-da davam edəcək.

Proses zamanı prokuror Ramazan Hadıyev çıxış edəcək.

Xatırladaq ki, Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. O, sabiq deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istəmək ittihamı ilə həbs olunub. G.Əhmədova mətbuata verdiyi açıqlamalarda Ə.Zeynallını onun iddiası əsasında həbs olunmadığını bildirib ki, bu da istintaq araşdırmasını davam etdirən məhkəmə heyətini çıxılmaz vəziyyətə salıb. Həbsindən sonra jurnalistə qarşı AR CM-nin daha iki maddəsilə də ittiham irəli sürülüb. Baş redaktor Cinayət Məcəlləsinin bu maddələri ilə ittiham olunur:

Maddə  213. Vergi ödəməkdən yayınma

213.1. Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 306. Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə

306.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə – min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 311. Rüşvət alma (passiv rüşvətxorluq)

311.3.3. külli miqdarda törədildikdə;

311.3.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə – səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məhkəmə araşdırmaları zamanı G.Əhmədovanın istintaqa təqdim etdiyi disk yazısının saxta olduğu ortaya çıxıb. Qeyd edək ki, G.Əhmədovanın özü haqqında hazırda AR CM-nin 178-ci – Dələduzluq maddəsilə cinayət işi qaldırılıb. Bundan sonra o deputat mandatından məhrum edilib, üzvü olduğu YAP-dan çıxarılıb. Hazırda polis nəzarətindədir.

Məhkəmə zamanı o da sübut olunub ki, Ə.Zeynallını vergiödəməməkdə ittiham etməklə həbs etmək mümkün deyil. Çünki Vergilər Nazirliyinin saxta hesablamalarına görə, Ə.Zeynallı fiziki şəxs olaraq 7200 manata yaxın deyil, qazanc əldə etdiyi təqdirdə təxminən 500 manat civarında vergi ödəməli idi ki, bu da şəxs haqqında cinayət məsuliyyəti yaratmır.Cinayət məsuliyyəti yalnız vergi 2 min manatdan yuxarı olduğu təqdirdə yarana bilər.

CM-nin 306-cı maddəsinə gəlincə isə, Ə.Zeynallı heç bir məhkəmə hökmünü, qərarını icra etməməkdə günahlandırıla bilməz. Çünki o, iddiaçı tərəflərə – müğənni N.Ələsgərliyə, “Azərbaycan” nəşriyyatının direktoru A.Əsgərova olan məhkəmə cərimələrini ödəyib. KİV DF-nin prezidenti V.Səfərliyə olan borc isə Ə.Zeynallının həbsindən sonra məhkəmə qərarı qüvvəyə mundiyindən ödənilməyib. Ə.Zeynallı adıçəkilən məhkəmə qərarı ilə bağlı etirazını bildirərək, işi Avropa Məhkəməsinədək daşımaq niyyətindədir.

Məhkəmə açıq keçirilir. 

Bütün İnsan və Jurnalist hüquqları müdafiə təşkilatlarının,  eləcə də müstəqil mətbuat  nümayəndələri prosesi canlı izləmək üçün dəvətlidirlər.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button