
Əvəz Zeynallının işində istintaq araşdırması darmadağın oldu
Səyyar vergi yoxlamalarını aparan müfəttişin saxtakarlığı məhkəmədə ifşa olundu.
Əvəz Zeynallının “fiziki şəxs” olması vergi eksperti tərəfindən təsdiqləndi. Əvəz Zeynallının haqqında “hüquqi şəxs” kimi qaldırılan AR CM-nin 311-ci maddəsi bu məhkəmədə yerlə yeksan oldu.
Məhkəmədə 16 aydır haqqında danışılan və Gülər Əhmədovanın istintaqa təqdim etdiyi disk yazısının dəfələrlə emal və montaj olunduğu ortaya çıxdı.
E.Sadığov: “G.Əhmədovanın birinci dəfə istintaqa təqdim etdiyi disk, ümumiyyətlə ekspertizaya verilməyib. Bu onu göstərir ki, disk istintaq tərəfindən bir neçə dəfə emal olunaraq, başqa-başqa disklərə köçürülüb”
Əvəz Zeynallı: “Hələ bu, üzərində dayandığımız çox xırda detallardan biridir. Bütün istintaq saxta əməliyyatlar üzərində qurulub. Mənə qarşı şər və böhtan üzərindən qoyulmuş cinayət işi bu məhkəmədə darmadağın oldu.”
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesinin “mabədi” davam edib. Proses zamanı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin İqtisadi Ekspertizalar şöbəsinin baş eksperti Farizxan Cəfərov dindirilib.
Hakim Ramella Allahverdiyeva baş eksperti verdiyi ifadəyə görə, məsuliyyət daşıdığını təsdiq edən ərizəyə imza atmaq üçün dəvət edəndə Ə.Zeynallı, “Əgər o sənədə imza atmaq insanlarda qanunla məsuliyyət yaratsaydı, o zaman gərək burada 16 şahid qismində ifadə verən şəxs cinayət məsuliyyətinə cəlb olunaydı. Amma olunmadı…”
Daha sonra baş ekspert Farizxan Cəfərov bildirdi ki, “AR Vergi Məcəlləsində AR-da dövlət qeydiyyatından keçmiş bütün fiziki və hüquqi şəxslər qanunla müəyyən olunmuş qaydada mühasibat uçotunu aparmağa borcludur. AR-nın Vergi Məcəlləsinin 218-ci maddəsində göstərilir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaqla gəlir vergisinə əlavə dəyər vergisi ödəməkdən azaddırlar. Fiziki şəxsin ardıcıl olaraq 12 ayda əldə etdiyi gəlir 90 min manatdan yuxarı olanda hüquqi şəxsin isə 120 min manatdan artıq olanda ƏDV ödəyicisi olur”.
Vəkil Elçin Sadığov:
– Sadələşdirilmiş dövriyyənin ödəyicisi hansı dövriyyədən pul ödəməlidir – əldə etdiyi gəlirə görə, yoxsa…?
Farizxan Cəfərov:
– Satdığı mala görə, gördüyü işə görə, göstərdiyi xidmətə görə onun hesabına daxil olan vəsaitdən artıq büdcə qarşısında öhdəlik yaranır. O öhdəliyi yerinə yetirmək üçün Bakı şəhərində yerləşən sadələşdirilmiş vergi ödəyicisi 4 faiz həcmində dövlət büdcəsinə sadələşdirilmiş vergi ödəməlidir.
– Ə.Zeynallı əldə etmədiyi gəlirə görə, ona verilməyən pula görə vergi öhdəliyi daşıyır?
Farizxan Cəfərov:
– Tək Ə.Zeynallı yox, Azərbaycan Respublikasının hər bir vətəndaşı – istər hüquqi, istərsə də fiziki şəxsin əldə etmədiyi pula görə, göstərəcəyi xidmətə görə, görəcəyi işə görə nə öhdəlik yarana bilər? Öhdəlik o vaxt yaranır ki, o iş icra olunur, o iş görülür və yaxud da xidmət göstərilir.
– Biz elə başa düşə bilərikmi, öhdəlik yaranmır?
Farizxan Cəfərov:
– Öhdəlik məhsul istehsal olnanda yaranır, satışa buraxılanda…
– Satışa 100 qəzet gedibsə, onun 40 satılıbsa hansı öhdəlik yaranır?
Farizxan Cəfərov:
– O başqa məsələ… Səyyar vergi yoxlamaları materialları öyrənilərkən mənim tərəfimdən müəyyən edildi ki, vergi müfəttişi tərəfindən “Xural” qəzetinin 2008-2009-2010-2011-ci illərdə qəzetin tirajı, nəşri və qiyməti nəzərə alınaraq, vergiyə cəlb olunan dövriyyə formalaşdırılıb. Belə üsulla vergiyə cəlb olunması əsassızdır. Ona göə ki, səyyar vergi yoxlaması zamanı qəzetin bu illərdə mövcud satış qiyməti, pərakəndə satış qiyməti nəzərə alınmamış, qəzetin bütün illərdə satış qiyməti 40 qəpikdən götürülmüş və 100 faiz satış nəzərə alınmışdır. Ekspertiza keçirilən vaxt mən vergi müfəttişi Əsgərli Şahinlə telefon əlaqəsi yaradaraq, onu çağırdım, o gəlmədi, o zaman mən telefon vasitəsilə ona sual verdim ki, “siz Azərbaycanda elə bir qəzet tanıyırmısınız ki, 100 faiz satışı olsun?”
Ə.Zeynallı:
– Deməli siz vergi müfəttişi Əsgərli Şahini dəvət etmisiniz o gəlməyib? Xahiş edirəm, bunu protokola əlavə edəsiniz.
Farizxan Cəfərov:
– Səyyar vergi yoxlaması keçirərkən müfəttişin borcu idi ki, Ə.Zeynallının baş redaktoru olduğu qəzetin qayıdış sayını əks etdirən aktın olub-olmamasını, onun satışının tam həyata keçirilməsini və mətbuat yayımı şirkətindən Ə.Zeynallının hesabına köçürülən pulun miqdarı hesablanmalıdır. Sahibkarın özü isə gündəlik satışdan qayıdan qəzetlərin sayını mətbuat yayımı şirkətinin nümayəndəsilə birlikdə tərtib olunmuş aktı təqdim etməlidir. Bu və digər üsul və qaydalardan da istifadə olunmayıb. Belə olan halda mən iş materiallarından gördüm ki, anoloji qəzetlərlə müqayisədə bu qəzetin satışı 80 faiz satılan qəzetlərdəndir. Verdiyim rəydə isə mən bu qəzetin gündəlik satışını 80 deyil, 60 faiz nəzərə almışam.
– Bu rəqəm təxminidir?
Farizxan Cəfərov:
– Bəli. Ona görə də yenidən vergiyə cəlb olunan dövriyyəni formalaşdırmışam və vergi müfəttişinin müəyyən etdiyi nəticədən ümumiyyətlə, 50 faiz fərqli nəticə əldə etmişəm. Vergi müfəttişi ilkin olaraq 7251 manat 20 qəpik, sadələşdirilmiş vergi hesablandığı halda ekspertiza tədqiqatı ilə bütün bunlar nəzərə alınaraq 4076 manat 16 qəpik məbləğində sadələşdirilmiş vergi hesablanıb. Qanunla müəyyən olunmuş qaydada əgər sadələşdirilmiş verginin ödəyicisi özünün aylıq əməliyyatları haqqında vertgi orqanına bəyənnamə təqdim edirsə, onda orada göstərilən vergi məbləği hesablanan vergidən çıxılır. Bir daha deyirəm fiziki şəxsin göstərdiyi xidmətə və işə, istehsal etdiyi məhsula görə vergi ödənməlidir. Qanunvericilikdə 2 dəfə vergi tutulması qadağan olunur.
– O zaman, siz niyə qəzetin satış qiymətini 40 qəpik hesablamısınız? Onun 40 faizi, yəni 16 qəpiyi mətbuat yayımı şirkəti tərəfindən götürülür. Həm bu şirkət, həm də qəzet eyni puldan necə vergi ödəyə bilərlər?
Əvəz Zeynallı baş ekspertin rəyilə qismən razlaşsa da, qeyd etdi ki, yenə də göstərilən məbləğ ödəniləcək verginin real qiyməti deyil. Çünki ekspert araşdırması aparılarkən, nə qəzetin satış tirajı, nə satış qiyməti, nə də qayıdışı düzgün hesablanmayıb: “Bu ki, Gülər Əhmədovanın şəri deyil, rəqəmlərdir. Gəlin bir yerdə hesablayaq. Mənim çox olsa 600 manat civarında vergi borcum ola bilər”… Ə.Zeynallı rəqəmləri hesablayaraq gəldiyi nəticəni açıqladı və qəzetin satışının əslində 60 faiz deyil, 38-40 faiz arasında olduğunu nəzərə aldıqdan sonra hamının birgə hesablaması ilə 500 manat vergi ödəməli olduğunu sübut etdi. Baş ekspertin Ə.Zeynallıya “fiziki şəxs” olaraq vergi qoxlamalarına məruz qaldığını söyləməsi də baş redaktor tərəfindən birmənalı qarşılanmadı: “Siz təsdiq edirsiniz ki, mən fiziki şəxssəm?”, “Bəli”, “O zaman mənim haqqımda hansı əsasla 311-ci maddə açılıb? Əgər mən vergidə fiziki şəxs kimi göstərilmişəmsə, bu şər-böhtan maddəsində mənim nə işim var? Buradan görünür ki, istintaq əslində mənim vergiyə olan borclarımı araşdırmayıb, ona əlavə işə salmaq üçün maddə lazım olub, o zaman da 213-cü maddə ortaya çıxıb. Sonra da “hüquqi şəxs” olduğumu təsdiqləmək üçün vergini 10 min manatadək artırmağa çalışıblar. Yoxsa, Şahin Ələsgərli ekspertin çağırışlarından niyə yayınırdı ki? O bu işdə hansı saxta əməliyyatları apardığını gözəl dərk etdiyi üçün, cinayətə qol qoyduğu üçün səyyar yoxlamanı ağlasığmaz qanunsuzluqlar çərçivəsində həyata keçirib. Lakin nə qədər çalışsa da 10 min manat deyil, güclə 7300 manat vergi ortaya qoyub. Elə bunu özü sübut edir ki, mənim həbim sifarişli olub”.
Daha sonra məhkəmə sübutların dəyərləndirilməsinə başlayıb. Bu zaman vəkil E.Sadığov Gülər Əhmədovanın istintaqa ilk gündə təqdim etdiyi disk yazısı ilə, məhkəməyə və ekspertizaya təqdim olunmuş disk yazılarındakı ciddi fərqi ortaya qoyub. Hakim R.Allahverdiyeva bildirib ki, “Ekspertizaya daxil olmuş mavi rəngli aktiv disklər üçün nəzərdə tutulmuş səthin bütöblüyü pozulmur. Zərfin içərisində 1 ədəd ABV markalı, üzərində ABV SD 700 MV 80 12X52X firma yazısı olan RSD disk aşkar olunub”. E.Sadığov istintaq materiallarında sabiq deputatın təqdim etdiyi diskin fotoşəkillərinə müraciət etməyi xahiş edib. Məlum olub ki, Gülər Əhmədova istintaqa çəhrayı rəngli və tutumu 29.8 mQB olan disk təqdim edib. Bundan sonra ekspertizaya göy, məhkəməyə isə ağ rəngli disk təqdim olunub. Hakim İstintaq materialının 1-ci cildi səhifə 17-ə istinadən bildirdi ki, ekspertizaya daxil olmuş disk çəhrayı rəngli olub” Vəkil bu materiallarda diskin firma yazısının olmadığını, sonradan işə firma yazısı ilə olan disk əlavə edildiyini məhkəmənin diqqətinə çatdırdı və bildirdi, G.Əhmədovanın təqdim etdiyi diskin səstutumu ilə ekspertin təqdim etdiyi diskin səstutumu arasında 1 mQB fərq var. Bu isə diskin üzərində saxta əməliyyatlar aparıldığını bir daha sübut edir: “İndi təqdim olunmuş disk isə ABV firmasının təqdim olunmuş diskidir. Faktiki olaraq, G.Əhmədovanın birinci dəfə istintaqa təqdim etdiyi disk bu deyil. Onun təqdim etdiyi disk ümumiyyətlə ekspertizaya verilməyib. Bu onu göstərir ki, disk istintaq tərəfindən bir neçə dəfə emal olunaraq başqa-başqa disklərə köçürülüb. Necə ola bilər ki, birinci dəfə heç bir firmaya məxsus olmayan disk, ikinci dəfə maddi sübut kimi tanınanda firma diskinə çevrilir? Tamamilə fərqli disklərdir. ”
Prokuror vəkilin bu araşdırmasını da, “tamamilə mənasız sübut” adlandırdı və onun bu müdaxiləsi zalda gülüş və alqışlarla qarşılandı.
Əvəz Zeynallı: “Hələ bu, üzərində dayandığımız çox xırda detallardan biridir. Bütün istintaq saxta əməliyyatlar üzərində qurulub. Mənə qarşı şər və böhtan üzərindən qoyulmuş cinayət işi bu məhkəmədə darmadağın oldu.”
Daha sonra Ə.Zeynallının “ev dustaqlığına buraxılması” ilə bağlı qaldırdığı vəsatətə baxıldı, dövlət ittihamçısının gizli işarələrilə, məhkəmə bu vəsatəti də təmin etmədi.
Məhkəmə Kollegiyası yerində müşavirə keçirərək, məhkəmə istintaqının qurtarması və məhkəmə çıxışlarına başlanılması qərarına gəldi.
Dövlət ittihamçısı çıxış üçün məhkəmədən 1 həftə vaxt istədi.
Məhkəmə növbəti prosesi 2013-cü il 13 fevral saat 14.30-a təyin etdi.
XuralTAC





Allah Evez qardaşımıza ozu komek olsun. İnşallah kömək də olar. Səbirli olaq!