
Ramiz Mehdiyevdən Əvəz Zeynallıya 11il iş sifarişi – Video
Ittihamçı tərəfin rəzalətli çıxışı
Əvəz Zeynallı Ramazan Hadıyevi qərəzlilikdə və vicdansızlıqda ittiham etdi
Fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi davam etdirilib. Dövlət ittihamçısı Ramazan Hadıyev çıxışından əvvəl hakim Ramella Allahverdiyeva zala xəbərdarlıq edib: “Prokurorun nə oxumasından asılı olmayaraq, zalda sakitliyə riayət edin və prokuroru oxuduğu ittihama görə təhqir etməyin…”
Ə.Zeynallı hakimin bu xəbərdarlığından sonra, “görünür artıq sifarişinizi almısınız, prokurorun da nə deyəcəyini əvvəldən bilirsiniz. Bu xəbərdarlıqlarınız da ona görədir” deyib. Prokuror Ramazan Hadıyev çıxışına sabiq deputat Gülər Əhmədovanın şikayəti əsasında Ə.Zeynallıya qarşı qaldırılmış AR CM-nin 311-ci maddəsilə başladı. Prokuror istintaq zamanı müstəntiq Qabil Qasımovun məhkəməyə təqdim etdiyi materialları olduğu kimi, üzərində heç bir dəyişiklik aparılmadan təkrar oxumağa başladı. Bu Ə.Zeynallı tərəfindən hiddətlə qarşılandı: “Əgər siz burada istintaq materiallarını olduğu kimi oxuyacaqdınızsa, o zaman bu 9 aylıq məhkəmə araşdırması kimə lazım idi? Kimin gözündən pərdə asmağa çalışırsınız? Hansı sübutlardan, hansı əsaslandırmadan danışırsınız? Əgər mən Gülər Əhmədovadan rüşvət istəmişəmsə mənim, yox istəməmişəmsə, o zaman mənə bu şəri atanlarında, sifarişlə bunu həyata keçirənlərin də Allah cəzasını versin! Allah o adamlara lənət eləsin!” dedi. Prokuror Ə.Zeynallının və zalda eşidilən etirazları dinləmədən birnəfəsə ittihamı oxuduqca baş redaktor, “yalandır!” dedi: “Prokuror vicdansız və qeyri obyektivdir. O məhkəmədə səsləndirilən və mənim günahsızlığımı sübut edən xırda bir sübutu belə dəyərləndirməyib. Əlində oxuduğu nədirsə, sifarişlə əvvəlcədən hazırlanmış bir kağız parçasıdır. Ramella xanım, siz niyə etirazınızı bildirmirsiniz? Novruz müəllim, bu yalanlar sizi qane etdiyi üçünmü belə susursunuz? Prokurorun bu gün burada oxuduqları onun yatmış vicdanının qənaətidir. Alanın da, şərləyənin də, yalandan ittiham oxuyanın da Allah ölüsünə-dirisinə lənət eləsin.”
Məhkəmə zamanı zala xüsusi nəzarətçilər çağırılıb. Onlar mətbuat işçilərinə xüsusilə nəzarət edərək, audio və video çəkilişlərinə icazə verməyiblər. Bunu onunla əsaslandırıblar ki, məhkəmə prosesinin bu günkü iclası “xüsusi əhəmiyyət” daşıdığından, zaldan bir cümlə də olsun “fakt” çıxarılmamalıdır.
Fasiləsiz çıxış edən prokuror Əvəz Zeynallının 11 il azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror Əvəz Zeynallıya qarşı irəli sürülmüş ittihamların məhkəmədə şahid ifadələri ilə sübuta yetirildiyini iddia edib.
Jurnalistin işi ilə bağlı növbəti proses fevralın 20-si saat 11.00-da davam edəcək. Həmin gün vəkillərin çıxışı gözlənilir.
Əvəz Zeynallı 28 oktyabr 2011-ci ildə həbs olunub. Baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
İttiham aktında jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Baş redaktor ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.
Keçmiş millət vəkili Gülər Əhmədovanın özü də hazırda istintaq altındadır. Keçmiş universitet rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayev onu deputat seçilməsi əvəzində 1 milyon dollar rüşvət tələb etməkdə günahlandıran video yayandan sonra Gülər Əhmədova istintaqa mane olmamaq üçün deputat mandatından imtina edib. Hazırda keçmiş deputat özü də cinayət məsuliyyətinə cəlb olunub.
XuralTAC




