Əvəz Zeynallı haqda həbs-qətimkan tədbirinin müddəti daha 1 ay uzadıldı

12.01.2012

Aprelin 12-də Nəsimi rayon Məhkəməsində «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının həbs müddəti daha bir ay – mayın 20-dək uzadılıb. İstintaq orqanının həbs müddətinin uzadılması ilə bağlı təqdimatı əsasında qərarı hakim Emin Mehdiyev  çıxarıb.

Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqi qabil Qasımov məhkəməyə ünvanlanmış təqdimatında istintaq işinə  CM-nin 306-cı maddəsinin – məhkəmə qərarlarının icrasına əməl etməmə və CM-nin 213-cü maddəsinin – vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə məsuliyyət – daxil olunmasını “səbəb” gətirərək, müddəti daha 1 ay uzatmaq haqda vəsatətə qaldırıb. Vəsatət hakim tərəfindən təmin olunub. 

Xatırladaq ki, Ədliyyə Nazirliyi  Ə.Zeynallı haqqında guya məhkəmə qərarlarının icrasına əməl etməməklə bağlı ötən ilin oktyabr ayında CM-nin 306-cı maddəsi ilə cinayət işi açmışdı.  Ə.Zeynallı haqda həbsqətimkan tədbirinin müddəti bu ilin yanvar ayında uzadılandan sonra KQMİ istintaq işinə Ə.Zeynallının guya vergidənyayınması ilə bağlı CM-nin 213-cü maddəsini də əlavə edib.

Məhkəmədən sonra vəkil  Elçin Sadıqov  xural.org-a bildirib ki, Nəsimi rayon məhkəməsinin bu qərarını da əsassız hesab edir və bu məsələ ilə bağlı apellyasiya şikayəti veriləcək: “Ümumiyyətlə, Əvəz Zeynallı haqqında istintaqın aparılması belə əsassı dəlillərə söykənir və onların heç birinin qanuni əsası yoxdur. “

Məlumat üçün bildirək ki, 2011-ci il oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin başlamasına YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti səbəb olub. Ötən müddətdə G.Əhmədovanın Ə.Zeynallının guya ondan rüşvət tələb etməsinə dair əlində yazılmış CD diskin olması ilə bağlı gətirdiyi “əsaslar”da özünü doğrultmayıb. Həm Ə.Zeynallı, həm də redaksiya kollektivi dəfələrlə CD diskdə yazılanların ictimaiyyətə açıqlanmasını tələb etsələr də, Korrupsiya İdarəsi bu “faktı” məxfi saxlamağı lazım bilib.  Bununla yanaşı, Ə.Zeynallıya qarşı ittihamlar özünü doğrultmadıqca işə yeni cinayət maddələri də əlavə edilir: 1. Ədliyyə Nazirliyinin Ə.Zeynallı haqqında guya məhkəmə qərarlarının icrasına əməl etməməklə bağlı ötən ilin oktyabr ayında qaldırdığı CM-nin 306-cı maddəsi və Ə.Zeynallının guya vergidənyayınması ilə bağlı daha bir maddə əlavə olunub. Vəkil E.Sadığov  Ə.Zeynallı haqqında qaldırılan bütün ittihamların heç bir əsası olmayan absurd ittihamlar olduğunu bildirib və həbsində hakimiyyətin ali səlahiyyət sahiblərinin maraqlı olduğunu diqqətə çəkib.

Baş redaktor isə ittihamları saxta hesab edir və həbsini fəaliyyəti ilə bağlayır.

Hazırda dünyanın ən nüfuzlu jurnalist və insan haqlarının müdafiəsi təşkilatları Ə.Zeynalının həbsini pisləyir və bunu Azərbaycanda müstəqil mətbuata və azad sözə edilən təzyiq kimi qiymətləndirir. 

XuralTAC

Vəkil Elçin Sadıqov

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button