Xarici tənqidlər Mətbuat Şurasını yaman narahat edib

12.04.2012

Atalar misalı: “Utanmasan, oynamağa nə var!” 

Mətbuat Şurasının (MŞ) cümə axşamı Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirdiyi “Eurovision-2012 müsabiqəsi yerli və xarici mediada” adlı dəyirmi masa rəsmi Bakıya olan tənqidlərə cavab idi.

Şura sədri Əflatun Amaşova görə ölkə mediası inkişaf edir, söz azadlığı təmin edilib, jurnalistlərin hüquqları pozulmur. Azərbaycanda söz azadlığının pozulması haqda yerli və xarici media orqanlarının yazdıqları “qərəz və qeyri-obyektivlik” sayılıb. Azərbaycan mediasının problemi kimi ancaq iqtisadi zəifliyi göstərilib. Ölkə iqtidarının rəsmi mətbuatın yox, məhz müstəqil mətbuatın inkişafına dəstək verdiyi iddia edilib. Ad çəkilmədən, bəzi media qurumları iqtisadi zəiflik üzündən ideoloji qruplara xidmət göstərməkdə ittiham edilib.

“Azərbaycanın tənqidə məruz qalması ikili standartın və Azərbaycana qısqanc yanaşmanın nəticəsidir”, – deyə deputat Bəxtiyar Sadıqov bu qısqanclığın özünü xarici və yerli mediada da göstərdiyini bildirib. Müsabiqənin siyasi yox, mədəni yarışma olduğunu deyən deputat “vətənpərvər jurnalistlər”i tədbiri siyasiləşdirmək istəyənlərə qarşı səslərini qaldırmağa çağırıb.

Ümumiyyətlə, tədbirdə çıxış edən bütün natiqlər ölkənin ünvanına olan tənqidləri “qarayaxma” kimi dəyərləndiriblər.

Ə.Amaşov “Evrovision” müsabiqəsi öncəsi yerli və xarici mətbuatda Azərbaycanla bağlı artan tənqidi yazılardan narahat olan ölkə jurnalistlərinin Şuraya müraciət etdiklərini deyib. Tədbirin bunun əsasında hazırlandığı, tədbirin yekunu kimi müraciət qəbul edilərək Avropa Yayım Birliyinə, “Eurovision” müsabiqəsi iştirakçısı olan dövlətlərə göndərilməsinin nəzərdə tutulduğu vurğulanıb.

Müraciətin mətnində Azərbaycanda medianın, İnternetin inkişaf etdiyi iddia olunur. Bəzi xarici media orqanlarında Azərbaycanda söz azadlığının pozulmasının dövlət siyasəti olması kimi şərhindən narahatlıq ifadə edilir. Bəzi xarici media qurumlarının tənqidi yazıları birtərəfli baxışın nəticəsi sayılır. Paytaxtda aparılan ev söküntülərinin müsabiqə ilə əlaqəsi olmadığı qeyd edilir. Belə yazıların ölkə haqqında yanlış rəy formalaşdırdığı nəzərə çatdırılır.

Hazırda Azərbaycanda bir çox media mənsubu həbsdədir. Müstəqil qəzetlərə qarşı nazirlərin məhkəmə çəkişmələri ara vermir. KİV-lərə Dəstək Fondunun mətbuata dəstəyi daha çox jurnalistin asılılığını təsbit edir. Jurnalistlərə qarşı törədilən cinayətlərin üstü açılmır.

Evlərin sökülməsinə gəlincə, təkcə Bakıda 60 min vətəndaşın hər-hansı zərurət olmadığı halda əmlakdan məhrum edildiyi, ədalətli kompensasiya verilmədiyi deyilir. Bu söküntülər davam edir. Əmlakının sökülməsinə etiraz edən, müqavimət göstərən sakinlər məmurlar. polislər tərəfindən döyülür, xəsarətlər alır, xəstəxanalara düşürlər. Vətəndaş hüququ hansısa park, bağ salınmasına, abadlıq işinə qurban verilir. Yeri gəlmişkən, bu da Azərbaycan gerçəyidir.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button