ASİ “Əvəz Zeynallı” ongünlüyü elan etdi

11.04.2012

“Azad Söz İnqilabçıları (ASİ) Klubu hazırda şərlənərək həbs olunan “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının istintaq müddətinin bitməsi və məhkəmə işinin başlanması ilə əlaqədar “Əvəz Zeynallı ongünlüyü” elan edir.” Bu haqda bu gün keçirilən mətbuat konfransında ASİ – Azad Söz İnqilabçıları Klubununu rəhbəri Anar Mahmudoğlu deyib. Onun sözlərinə görə. aprelin 15-dən 25-dək keçirilən ongünlüklə bağlı ASİ Klub Azərbaycanın tanınmış yazarları, media nümayəndələrinə çağırış edib.

Müəlliflər çalışdıqları media qurumunda yazılarını çap etdirməklə -müstəqil yazarlar yazılarını xural.org-a göndərə bilərlər- “ongünlük”də iştirak edə bilərlər.

“Əvəz Zeynallı ongünlüyü”nün sonunda bütün yazılar “ASİ Klubun kitabxanasından” seriyasından kitab halında nəşr olunacaq və keçirilən ənənəvi mərasimdə iştirakçılara xatirə hədiyyələri təqdim ediləcək. “Biz Azərbaycanda özünü müstəqil və azad söz müdafiəçisi hesab edən bütün yazarlardan, o cümlədən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahiddən, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğludan, «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevdən, “Gündəm Xəbər” qəzetinin baş redaktoru Şirin Cəfərlidən və digər media qurumu rəhbərlərindən bu dəstəyi gözləyirik.   Digər köşə yazarlarının da həvəslə bu kampaniyaya qatılacaqlarına inanıram. Hesab edirəm ki, Əvəz Zeynallının işi ilə bağlı başlayacaq məhkəmə prosesi öncəsi aparılan bu kampaniya mətbuat tərəfindən ona dəstək funksiyasını həyata keçirəcək ” deyə A.Mahmudoğlu bildirib.

Mətbuat konfransında həmçinin Ə. Zeynallının istintaq işi ilə bağlı aparılan son hərəkətlər haqqında da mətbuat nümayəndələrinə məlumat verilib.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamenti tərəfindən Bakı İstintaq Təcridxanasında həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynllıya “Xəbərdarlıq” məktubunun göndərməsini də absurd təzyiq adlandıran A.Mahmudoğluniun sözlərinə görə, ötən 5 ay müddətində iddia olunan cinayətlərin heç biri öz təsdiqini tapmadığından vergilər məsələsinin istintaq materiallarına əlavə edilməsi ondan xəbər verir ki, həqiqətən də Əvəz Zeynallı vicdan məhbusudur və o hakimiyyətə ünvanlanmış tənqidi yazılarına görə həbs olunub.

Məlumat üçün bildirək ki,“Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə ittiham irəli sürülüb. Vəkil Elçin Sadıqov bildirib ki, bir müddət əvvəl Azərbaycan Respublikası Vergilər Nazirliyi və Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin qəzetə qarşı 22 fevral 2012-ci il tarixli səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsinə dair Bakı 1 saylı İnzibati İqtisadi Məhkəməsində iddia qaldırıb. İddia üzrə hakim Elçin Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesi 17 aprel saat 17:00-a təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi və Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallıya qarşı 22 fevral 2012-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə 7251,20 (yeddi min iki yüz əlli bir manat iyirmi qəpik) yoxlama zamanı guya azaldılmış vergi məbləği yazılmış, 3625, 60 (üç min altı yüz iyirmi beş manat 60 qəpik) maliyyə sanksiyası tətbiq etmişdir.

Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub. Mətbəələr də qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb. Qəzetin baş redaktoru Əvəz Zeynallı isə Milli Məclisin deputatı Gülər Əhmədovanın iddiası ilə oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Prosessual Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb və Nəsimi rayon Məhkəməsinin qərarı ilə haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, yanvarın 17-də isə bu müddət daha 3 ay uzadılıb.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button