Əvəz Zeynallının məhkəməsində növbəti siyasi sifariş


04.06.2012

Əvəz Zeynallı: “Nə danışmağımızdan asılı olmayaraq həbsimdə maraqlı olan PA rəhbəri Ramiz Mehdiyev,  şöbə müdiri Əli Həsənov hansı sifarışı versələr məhkəmə də onun əsasında mənə iş kəsəcək…”

Mayın 31-də hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə dinləməsi keçirilib. Məhkəmə başlamazdan əvvəl prosesin gedişini izləmək üçün ora gələn media işçiləri, xarici təşkilat nümayəndələri və digər iştirakçılar üzərlərində “metalaxtaran” vasitəsilə xüsusi axtarış aparıldıqdan sonra içəri buraxılıblar. Halbuki, məhkəmə açıq keçirilir. Mühafızə əməkdaşları bunu onunla izah ediblər ki,  məhkəmənin salonuna diktafon, telefon və kamera buxarılmasına qəti qadağa qoyulub. Bu qadağa hakim Ramella Allahverdiyevanın göstərişi ilə həyata keçirilir. Kameralarını mühafizəçilərə təhvil verməkdən imtina edən mətbuat işçiləri zala buraxılmayıblar. Məhkəmənin ilk saniyələrindən başlanan gərginlik hüquq müdafiəçisi İntiqam Əliyevin də üzərində axtarış aparılması ilə  davam edib.  Öz hüquqlarını yaxşı bildiyini israrla izah etməyə çalışan hüquq müdafiəçisinin dediklərinə əhəmiyyət verməyən mühafizəçilər axtarış aparmaqda israr ediblər. Vəkil Elçin Sadıqovun sözlərinə görə,  Azərbaycan qanunvericiliyinə əsasən, şəxsin üzərində axtarış aparmaq üçün məhkəmə qərarının olması lazımdır: “Görünür Əvəz Zeynallının həbsində maraqlı olan qüvvələr, bu həbsin sifarişçiləri məhkəmənin mətbuatda işıqlandırılmasının qarşısını almaq üçün bütün vasitələrdən istifadə etməkdən çəkinmirlər. Bunun özü də bir dahah onu sübut edir ki, Əvəz Zynallı siyasi sifarişlə həbs olunub. Həm məhkəmə heyəti təfindən prosesin video və audiolentə alınması ilə bağlı qaldırdığımız vəsatətin heç bir səbəb olmadan rədd edilməsi, həm də bu cür “axtarışlar” məhkəmə prosesinin ədalətsiz keçəcəyindən xəbər verir.  Siyasi sifarişçilər bu yolla məhkəmə proseslərinin gedişini ictimaiyyətdən gizlətməyə çalışırlar. Onlar KİV haqqında qanundan da yaxşı xəbərdardırlar və istənilən an prosesi dolğun işıqlandıran media qurumunu səhv informasiya yaymaqda ittiham edə və onu cəzalandıra bilərlər. Çünki məhkəməni izləyən jurnalistlərdə prosesin gedişi ilə bağlı nə audio, nə də video yazı yoxdur ki, o yazdıqlarını sübut edə bilsinlər. Görünür bütün bu “əməliyyat” da o məqsədlə keçirilir”. Xatırladaq ki, baş redaktor məhkəmə qarşısında bir daha audio və video çəkilişlərin aparılması üçün vəsatət qaldırıb, lakin bu dəfə də vəsatət hakim Ramella Allahverdiyeva tərəfindən təmin edilməyib.  Ə.Zeynallı, “əgər bu dəfə də bu məsələ ilə bağlı vəsatətimiz qəbul olunmasa, mən və vəkillərim danışmaqdan imtina edəcəyik. Bir daha təkrar edirəm ki, mənim həbsim siyasi sifariş əsasında həyata keçirilib. Nə danışmağımızdan asılı olmayaraq həbsimdə maraqlı olan PA rəhbəri Ramiz Mehdiyev,  şöbə müdiri Əli Həsənov hansı sifarışı versələr məhkəmə də onun əsasında mənə iş kəsəcək. Ona görə də danışmağa da ehtiyac yoxdur”- deyə etirazını bildirib.

Qeyd:  “Xural” qəzetinin baş redaktoru növbəti məhkəmə prosesi iyunun 6-da saat 15.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdiriləcək.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button