
H.Klinton vətəndaş cəmiyyəti nümayəndələrilə görüşəcək
Iyunun 6-da ABŞ dövlət katibi Hillari Kinton Azərbaycana səfər edəcək. ABŞ Dövlət Departamentindən verilən məlumata görə, H.Klinton Azərbaycandan əvvəl iyunun 4-də Ermənistanda, iyunun 5-də isə Gürcüstanda səfərdə olacaq. Azərbaycandan sonra isə Türkiyəyə səfər edəcək.
ABŞ-ın Azərbaycandakı səfirliyinin verdiyi məlumata əsasən, xanım Klinton 6 iyunda Bakıya gələcək və burada prezident İlham Əliyev, digər hökumət rəsmiləri və eləcə də vətəndaş cəmiyyəti nümayəndələrilə görüşəcək. Səfirliyin mətbuat xidmətinin əməkdaşı Mehdi Hüseynquliyevin sözlərinə görə, H.Klintonun səfəri zamanı bir sıra mövzular, o cümlədən ikitərəfli əlaqələr və demokratiya məsələsi müzakirə olunacaq: “Daha detallı məlumatı səfər yaxınlaşdığı zaman əldə edə biləcəyik”.
Qısa məlumat: Hillari Dayan Rodham Klinton (ing. Hillary Diane Rodham Clinton) — ABŞ siyasətçisi, 44-cü ABŞ Prezidenti Barak Obama administrasiyasında Dövlət katibi.
ABŞ Demokrat Partiyasının üzvü. 2001–2009-cu illərdə Nyu-York ştatından senator, 1993–2001-ci illərdə 42-ci ABŞ Prezidenti Bill Klintonun həyat yoldaşı olaraq, ABŞ-ın birinci xanımı olmuşdur. ABŞ-da 2008-ci il prezident seçkilərində Demokrat Partiyasından prezidentliyə namizədlik kompaniyasında iştirak edir və Barak Obamadan sonra ikinci nəticə əldə edir.
Hillari Klinton 1947-ci ildə İllinoys ştatında, Çikaqoda doğulub. Yel Universitetinin Hüquq fakültəsini 1969-cu ildə bakalavr, 1973-cü ildə isə hüquq doktoru dərəcəsi ilə bitirib. Hillari öz gələcək həyat yoldaşı Bill Klintonla da universitetdə tanış olur və onlar 1975-ci ildə evlənirlər. Bu evlilikdən Çelsi adlı qızları var.
1976-cı ildən Rose Law Firm şirkətində hüquqşünas kimi işə başlayır. 1978-ci ildə isə ABŞ Prezidenti Cimmi Karter onu Hüquqi Xidmətlər Korporasiyasının İdarə Heyətinin üzvü təyin edir. Həmin il Bill Klinton Arkanzas ştatının qubernatoru seçilir. Onun qubernator olduğu dövrdə Hillari Arkanzas Təhsil Standartları Komitəsinə sədrlik edir, Arkanzas Uşaq və Ailə Vəkilliyinin əsasını qoyur, Uşaq Müdafiə Fondunu yaradır.
1992-ci ildə Bill Klinton ABŞ-ın prezidenti seçilir. Ölkənin birinci xanımı ictimai fəaliyyətini davam etdirir və ailə, uşaq problemlərinin aradan qaldırılmasına yardım edir. Övladlığa götürülmə, yeniyetmə hamiləliyi hallarının azaldılması ilə bağlı islahatların aparılmasına nail olur.
XuralTAC




