
“Onlar danışdıqca batırlar…”
Xədicə İsmayılova: “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?”
İki gün əvvəl “Demokratiya naminə musiqi” kampaniyası çərçivəsində “Azərbaycanda insan haqları: mövcud problemlər və gələcək perspektivlər” mövzusunda keçirilən tədbirdə iqtidar məmurları, iqtidar qəzeti rəhbərləri ilə təndiqçi medianın nümayəndələri arasında söz atışmaları müşahidə olunub.
Xüsusilə də Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun və “Səs” qəzetinin rəhbəri Bəhruz Quliyevin “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıla qarşı hücumu diqqət çəkib. Ç.Əsgərov “Xədicə xanım şəxsi həyata müdaxilədən şikayətlənir, amma özü prezidentin şəxsi həyatına müdaxilə edir, dövlət başçısının övladlarının biznesi barədə yazır” sözləri, B.Quliyev isə “mentalitetimizdə bir xanımın nikahsız, siğəsiz kiminsə ”pastel”inə girməsi şərəf gətirən şey deyil” sözləri tədbir iştirakçılarının əsəbləri gərginləşdirdi. Bununla bağlı X.İsmayılova mətbuata bildirib ki, hökumət məmurları tədbirdəki çıxışları ilə ona qarşı şantajın arxasında dayandıqlarını etiraf ediblər, Ç.Əsgərovun sözlərinə isə təəccüblənməyib: “Bəhruz Quliyevin dedikləri hansı əxlaqın, düşüncə tərzinin məhsulu idi? Sadəcə, mən başqa şeyə təəccüb edirəm. Bu qədər neft pulu var, onun oğurlanması halı var. İmiclərinə bu qədər investisiya qoyurlar. Niyə düz-əməlli adamlarla işləmirlər? Pul verib normal adam işə götürə bilmirlər? Düzü, çox qəribədir. Onlarla ünsiyyəti səviyyəmə sığışdırmıram. Adama hörmət qoysunlar, qabağımıza normal adam çıxarsınlar”.
X.İsmayılova dedi ki, əslində hökumətin məqsədi sözügedən tədbiri işğal etmək idi. Müsahibimiz xatırlatdı ki, məhz bu səbəbdən tədbirin əsas hissəsində onlar danışıblar: “Düşündülər ki, monoloq söyləməklə özlərini daha haqlı göstərəcəklər, imiclərini yüksəldəcəklər. Amma danışdıqca batırlar”.




