Hakim 5 dəqiqəlik müzakirədən sonra bütün vəsatətləri rədd etdi
18.05.2012
Deputat Gülər Əhmədova tərəfindən şərlənərək həbs olunan və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesinin hazırlıq mərhələsi bu gün başa çatdı. Məhkəmənin növbəti iclası 31 may 2012-ci il saat 10.00-a təyin edildi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevanın sədrliyilə keçirilən məhkəmənin hazırlıq iclasında tərəflərin vəsatətləri dinlənildi və hakim vəsatətləri təmin etmədi.
Ötən məhkəmə iclasında vəkil Elçin Sadıqov Ə.Zeynallı həbs olunandan dərhal sonra Baş Prokurorluğun yaydığı rəsmi bəyanata etiraz etdiklərini bildirmişdi. Onun sözlərinə görə, belə bir bəyanat Ə.Zeynallı haqqında mənfi rəy yaratdığından Azərbaycan məhkəmələrinin və eləcə də hakimlərin prosesi ədalətlə aparacaqlarına şübhə yaradır: ”Cinayət işi üzrə icraata baxılmasına xitam verilməsi və işin prokurorluğa qaytarılmasını tələb etdik. Ona görə ki, istintaq zamanı müdafiə hüququmuz kobud şəkildə pozulmuşdu. Bakı İstintaq Təcridxanasının rəisi Elxan Sadığovun iştirakı nəticəsində mən müdafiəmdə olan Əvəz Zeynallı ilə konfedensial şəkildə görüşə bilməmişdik. Hər dəfə bizim sənədlərimizə baxış keçirilirdi və hər görüşdə də otağımız güdülərək, dinlənilirdi. İstintaq başa çatandan sonra da Elxan Sadığov məhkəməyə hazırlaşmaq üçün Əvəz Zeynallı ilə mənim görüşümə icazə vermədi. Bu məsələ ilə bağlı dəfələrlə müvafiq orqanlara şikayət etmişik, bu gün də məhkəmə qarşısında bu məsələni qaldırdıq”. O həmçinin İstintaq Təcridxanasının rəisi Elxan Sadığov tərərfindən Ə.Zeynallının müdafiə hüquqlarının qarşısının alındığını və bununla da onun hüquqlarının pozulduğunu bildirdi, cinayət işinin baxılmasına başlanılmadan ona xitam verilməsilə bağlı vəsatət qaldırdı. Vəkil digər vəsatəti Ə.Zeynallı haqqında qaldırılan 213. 1 maddəsilə bağlı verdi və bildirdi ki, vergidənyayınma maddəsinin heç bir hüquqi və faktiki əsası yoxdur, digər ittihamlar da hər hansı qanuni sübutlarla təsdiq edilməyib. Bundan başqa istintaq materiallarda rüşvətalma Cinayət Məcəlləsinin 311.4 maddəsilə hədə-qorxu yolu ilə rüşvət tələb etməsini nəzərdə tutur. Vəkil hesab edir ki, rüşvət alınmadığı üçün Ə.Zeynallı bu ittiham ilə günahlandırıla bilməz. Ona görə də o, cinayət işinə xitam verilməsi və Ə.Zeynallının dərhal həbsdən azad edilməsini məhkəmədən xahiş etdi. Bundan əlavə o “Ekspress” mətbəəsinə “Xural” qəzetinin 1 nüsxəsinin 2008-ci ilin yanvar ayından 2011-ci ilin oktyabr ayınadək olan müddət ərzində hansı qiymətə və nə qədər tirajla çap olunması ilə bağlı arayış və bu arayışı təsdiq edən hesab-fakturaların məhkəməyə təqdim edilməsi üçün sorğu göndərilməsi, Qaya, Qasid, Azərmətbuatyayım, Metroservis Mətbuat yayımı şirkətlərinə 2008-ci ilin yanvar ayından 2011-ci ilin oktyabr ayınadək olan müddət ərzində qəzetin yayım xərclərini –neçə ədəd qəzetin satılması və neçə ədəd geri qaytarılmasını təsdiq edən sənəd hesab-fakturalar ilə birlikdə məhkəməyə təqdim olunmasının da vaciblyi vurğulandı. Bundan əlavə AR qanunvericiliyinin müvafiq maddələri onu göstərir ki, Ə.Zeynallıya qarşı qaldırılmış CM-nin 306-cı maddəsilə – məhkəmə qərarlarının icrasından imtinaetmə maddəsilə də təqsirləndirilməsi qanunsuz hesab olunmalıdır. Bununla əlaqədar Ə.Zeynallının Nərimanov rayon Məhkəməsinin icra şöbəsinin icraata başlamaq haqqında qərarının ləğv edilməsilə bağlı məhkəməyə sorğu göndərilməsi, şikayətçi qismində ifadə verən Aydın Heydərovovun Ə.Zeynallıya qarşı Nərimanov rayon məhkəməsində qaldırdığı iddiadan imtina edilməsilə bağlı arayış Nərimanov rayon Polis İdarəsindən alınaraq məhkəməyə təqdim olunması, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin əlavə şahid qismində məhkəməyə çağrılıb, dindirilməsi, E.Vəliyevin Ə.Zeynallıya qarşı qaldırdığı xüsusi ittiham qaydasında cinayət işinin materialları, şərəf və ləyaqətin, işgüzar nüfuzuna müdafiəsinə dair mülki məhkəmə işlərinin alınaraq cinayət işinə əlavə edilməsi, Akif Məmmədovun Ə.Zeynallıya qarşı xüsusi ittiham qaydasında cinayət işinin materiallarının və şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair mülki işlərin sürətinin məhkəmədən alınaraq cinayət işinə əlavə edilməsi, qanunsuz yolla deputat Gülər Əhmədovanın əldə etdiyi audioyazı diskinin sübutlar siyahısından çıxarılması vəkil tərəfindən xahiş olundu. E.Sadıqov Ə.Zeynallı barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsilə bağlı qərar qəbul edilməsilə bağlı da vəsatət qaldırdı. Ə.Zeynallı məhkəmə prosesində iştirak edən media nümayəndələrinin, foto, video, dikrafon yazısından və digər texniki vasitələrdən istifadə olunmasına şərait yaradılmasını istədi. Lakin hakim Ramella Allahverdiyeva sərt şəkildə: “Artıq 2 ildir ki, biz bu qadağanı həyata keçirirk və qəti buna icazə vermirik” dedi, lakin açıq keçirilən məhkəmə iclaslarının mətbuat tərəfindən nə üçün ətraflı işıqlandırılmasına mane olunduğuna dair heç bir əsaslı arqument göstərmədi.
Daha sonra Ə.Zeynallı həbs olunan andan telefonlarının əlindən alınaraq, “biz istədiyimiz mesajı səndən göndərə bilər, istədiyimizi də sənə göndərə bilərik deyən” prokurorluq əməkdaşı ilə bağlı həbs olunduğu müddətdə şikayət etdiyini bildirdiyini xatırlatdı və istintaqa daxil edilmiş saxta mesaj əməliyyatı keçirildiyi üçün həmin mesajların cinayət işindən çıxarılmasını və telefonlarının özünə qaytarılmasını xahiş etdi. Hakim vəsatətləri müzakirə etmək üçün 5 dəqiqəlik fasilə elan etdi və hazır qərarla məhkəmə zalına daxil oldu. 15 dəqiqə müddətində qərarı oxuyan hakimin dediklərindən belə məlum oldu ki, məhkəmə vəsatətləri “müzakirə edərək” vəsatətlərin heç birini təmin etməyib və məhkəmə baxışı təyin olundu.
Preventiv Cavab Qrupunun rəhbəri Əfqan Muxtarlı jurnalistlik fəaliyyəti dövründə bu cür sürətlə qərarın yazılmasına təəcübünü gizlədə bilmədi: “Cəmi 5 dəqiqəlik fasilə dövründə kompyuterin arxasına keçmək üçün hakimə 5 dəqiqə vaxt lazım olduğu halda 15 dəqiqəlik qərarı hansı sürətlə yazdığına heyrətlənməmək mümkün deyil. Bütün bunlar artıq Əvəz Zeynallı haqda növbəti sifarişli hökmə qərar verilməsindən xəbər verir”. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev məhkəmədə video-audio aparatlardan istifadə edilməsinə qadağan qoyulmasının özünün sifarişli hökm çıxarılacağından xəbər verdiyini söylədi.
Məlumat üçün bildirək ki, 2011-ci il oktyabrın 19-da Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin başlamasına YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti səbəb olub. Ötən müddətdə G.Əhmədovanın Ə.Zeynallının guya ondan rüşvət tələb etməsinə dair əlində yazılmış CD diskin olması ilə bağlı gətirdiyi “əsaslar”da özünü doğrultmayıb. Həm Ə.Zeynallı, həm də redaksiya kollektivi dəfələrlə CD diskdə yazılanların ictimaiyyətə açıqlanmasını tələb etsələr də, Korrupsiya İdarəsi bu “faktı” məxfi saxlamağı lazım bilib. Bununla yanaşı, Ə.Zeynallıya qarşı ittihamlar özünü doğrultmadıqca işə yeni cinayət maddələri də əlavə edilir: 1. Ədliyyə Nazirliyinin Ə.Zeynallı haqqında guya məhkəmə qərarlarının icrasına əməl etməməklə bağlı ötən ilin oktyabr ayında qaldırdığı CM-nin 306-cı maddəsi və Ə.Zeynallının guya vergidənyayınması ilə bağlı daha bir maddə əlavə olunub.
Hüquq müdafiəçiləri Ə.Zeynallı haqqında qaldırılan bütün ittihamların heç bir əsası olmayan absurd ittihamlar olduğunu bildirib və onun həbsində hakimiyyətin ali səlahiyyət sahiblərinin maraqlı olduğunu diqqətə çəkib. Baş redaktor ittihamları saxta hesab edir və həbsini fəaliyyəti ilə bağlayır.
Hazırda dünyanın ən nüfuzlu jurnalist və insan haqlarının müdafiəsi təşkilatları Ə.Zeynalının həbsini pisləyir və bunu Azərbaycanda müstəqil mətbuata və azad sözə edilən təzyiq kimi qiymətləndirir.
Növbəti məhkəmə iclası mayın 31-də saat 10.00-a təyin olundu.
XuralTAC




