
“BİZ KAMPANİYANI DAVAM ETDİRƏCƏYİK!”
“Demokrtiya naminə musiqi” (Sing For Democrasy) kampaniyasını həyata keçirən təşkilatlar bu gün Park İnn otelində xarici və yerli jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirdilər.
Konfransda “Eurovizion-2012” mahnı müsabiqəsinə qatılan jurnalistlər, hüquq müdafiə təşkilatlarının, yerli vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, media işçiləri iştirak etdilər.
Tədbirə qatılan hakimiyyət qəzetlərinin nümayəndələri təxribat xarakterli çıxışları ilə bu dəfə də yadda qaldılar.
“Demokratiya naminə musiqi” kampaniyasının koordinatoru Rəsul Cəfərov Azərbaycanda insanların mülkiyyət hüquqlarının, jurnalistlərin peşə fəaliyyətinə görə həbs edildiklərini, siyasi məhbusların bu gün də məhbus həyatı yaşadıqlarını diqqətə çatdırdı: “Biz Azərbaycanın Avropa dəyərlərinə inteqrasiya etməsinin tərəfdarıyıq”.
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus çıxışını “Azərbaycanda nəinki demokratiya heç avtoritar rejim də hakim deyil. Azərbaycan bir qrup mafioz tərəfindən idarə olunur” sözlərilə başladı. Bu gün ölkədə 70 siyasi və vicdan məhbusunun olduğunu və Eurovizion yarışmsından sonra onları daha ağır cəzaların gözlənildiyindən danışdı: “Yeddi jurnalist hakimiyyəti tənqid etdiyi üçün bu gün də həbsdədirlər. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deputatın əli ilə şərlənərək həbs olunub. Gözlənilən odur ki, Eurovizion müsabiqəsindən sonra bu jurnalistlərə də törətmədikləri cinayətlərə görə 5 il, 7 il cəza kəssinlər. İnsanların qanuni haqlarını müdafiə edən hüquq müdafiəçiləri təhsil aldıqları dövlət universitetindən xaric olunaraq, təhsil almaq hüququndan məhrum edilirlər.”
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov “Demokratiya naminə musiqi” kampaniyası çərçivəsində beynəlxalq və yerli mətbuatın diqqətini ölkədəki fundamental insan hüquqlarının pozulmasına yönəldə bildiklərini əsas nailiyyət kimi ifadə etdi: “Azərbaycanda hüquq pozuntuları ilə bağlı beynəlxalq müzakirələr təşkil edildi, beynəlxalq mediada çoxsaylı məqalələr dərc olundu, bu gün də olunur”.
Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Şahvələd Çobanoğlu, ”Azərbaycanda hakimiyyət xalqa yuxarıdan aşağı baxır, onunla hesablaşmır. Bu da ondan irəli gəlir ki, prezidenti, parlamenti xalq seçmir. Onlar seçkiləri özləri istədikləri kimi apardıqlarından xalqın nə düşündüyü onlar üçün maraqlı deyil” – deyə qeyd edib.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Ələsgər Məmmədli seçkilərin qeyri-qanuni yollarla keçirilməsini ölkənin əsas problemi adlandırdı: “2010-cü ildə keçirilən parlament seçkilərinin nəticələri onu deməyə əsas verir ki, 2013-cü ildə keçiriləcək prezident seçkilərinin demokratik keçiriləcəyinə ümid yoxdur.”
Jurnalistlərin həbsdə olması ilə bağlı tədbir iştirakçılarının açıqlamalarına neqativ münasibət göstərən hakimiyyəti təmsil edən medianın nümayəndələri bir daha “Azadlıq” radiosunun jurnalisti Xədicə İsmayılova ilə bağlı yayılmış videogörüntülərə münasibət bildirdilər: “O jurnalist prezidentin şəxsi işinə qarışmayaydı, haqqında da elə şeylər yayılmayaydı” deməklə bir daha bu məsələdə hakimiyyətin birbaşa rolu olduğuna diqqət çəkdi. Ona xatırladıldı ki, jurnalist peşə fəaliyyətilə məşğul olub və prezidentin qızlarının biznesindən yazmaq, onun şəxsi həyatına qarışmaq demək deyil.
Tədbirin sonunda qeyd olundu ki, Eurovizion yarışmasının bu həftə başa çatmasına baxmayaraq. kampaniyaya qoşulan QHT-lər fəaliyyətlərini bu istiqamətdə bundan sonra da davam etdirəcəklər: “Avropa ona inteqrasiya olmaqda maraqlı olan bir dövlətdə insan haqlarının pozulmasına biganə yanaşmamalıdır. Avropa İnsan Haqları Konvensiyasına qoşulan rəsmi Bakı üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir. Siyasi və vicdan məhbusları dərhal azdlığa buraxılmalı, insanların mülkiyyət və diğər haqları dövlət tərəfindən müdafiə olunmalıdır. Bütün bunlar baş verməyənə qədər biz bu kampaniyanı davam etdirəcəyik.”
XuralTAC







