Əvəz Zeynallı həqiqətləri – V HİSSƏ

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Bakı Ağır Cinayətlər Məhkəməsində verdiyi İFADƏ-nin ictimai əhəmiyyətini nəzərə alaraq, onu olduğu kimi Oxucularımızın ixtiyarına veririk. 10 Hissədən ibarət olan ifadə ilə tanış olduqdan sonra,  “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının timsalında  Azərbaycan müstəqil mətbuatının susdurulması üçün yüksək çinli məmurların hansı cinayətlərə əl atması açıq-aşkar görünür.

 V HİSSƏ 

311.3.2 (Təkrar rüşvətalma)

Hakimiyyət 311.3.3 və 311.3.4-cü maddəni Gülərin əli ilə üzərimə yükləsə də, qısa müddət sonra bunun da bir işə yaramayacağını dərk etdi. Və hər ehtimala qarşı Ə.Həsənov daha üç “iş” tapdı. Bu epizodun əsas oyunçusu Akif Məmmədov və onun şahidləridir. A.Məmmədov “Kurort” ASC-nin sabiq direktorudur. Onun qanunsuz fəaliyyəti ilə əlaqədar 2006-2008-ci illərdə müxtəlif yazılar yazmış və bu səbəblə də məhkəmə çəkişməsi keçirmişik. A.Məmmədov həm mülki qaydada, həm də xüsusi ittiham qaydasında məni məhkəməyə verib, sonra isə ərizəsini geri götürüb, yəni barışmışıq. Son dəfə nə zaman görüşdüyümüzü xatırlamıram. Heç son illər onun haqqında nəsə yazmamışıq da. İşin maraqlı tərəfi ondadır ki, A.Məmmədov Ə.Həsənovun doğmaca qudası, Azərbaycan Həmkarlar Konfederasiyasının sədri, deputat, “Ülfət” qəzetinin sahibi Səttar Mehbalıyevin iş ortağıdır. Uzun illər S.Mehbalıyevin tabeçiliyində çalışıb. İndi də onun qarşısında tabeçilik münasibətləri var. A.Məmmədovun işi də G.Əhmədovanın işi kimidir. Orada da bir şahid var ki, birbaşa Ə.Həsənovun təkərində fırlanır. Bu mənim həmyerlim, uşaqlıq “dost”um, “Xəmsə” restoranının sahibi Mürvət Həsənlidir. M.Həsənli Ə.Həsənovla KİVDF icraçı direktoru V.Səfərlinin vasitəsilə tanış olub. Müxtəlif vaxtlarda təmənnasız olaraq KİVDF-nin tədbirlərini keçirib. M.Həsənli 19.12.2011-ci ildə mənim əleyhimə istintaqa ifadə verib. Nə qəribədir ki, 29.12.2011-ci ildə KİVDF “Xəmsə”də tədbir keçirib. Baş rolda isə Ə.Həsənov. Səhih məlumatlarım var ki, mənim həbsimdən əvvəl ən azı 5 dəfə Ə.Həsənov “Xəmsə”də görünüb və mənim həbsimin detalları müzakirə olunub. Həm M.Həsənlidən mənim əleyhimə informasiya alıblar, həm də ona mənim üzümə durmağı müqabilində vəzifə və yeni obyekt – imtiyazlar vəd olunub. Hətta “Gülüstan” sarayını işlətməyin müqabilində ondan külli miqdarda pul tələb edib və alıblar. Sadəcə, Prezident “Gülüstan” sarayının sahibini şəxsən tanıdığından Ə.Həsənovun planı pozulub.

Yəni A.Məmmədovla M.Həsənli Ə.Həsənov üçün lap göydəndüşmə olub. Bu qrupu “ələ verən” M.Həsənli olub. Bunu həm A.Məmmədov, həm də X.Muxtarov ifadələrində təsdiq etdilər.

Akif Məmmədov işində qalan 2 şahid – Xanoğlan Muxtarov və Vüqar Məmmədov isə sadəcə Mürvətin təqdimatında Ə.Həsənovun karvanına qoşulublar. V.Məmmədov ölkədən qaçıb getsə də və məhkəməyə ifadə verməsə də, Mürvət öz ömrünə yazdığı qara ləkəni onun da ömrünə saldı. Təəssüf ki, V.Məmmədov da həm mənim həmkəndlimdir, həm də dostum olub. Türkiyəyə də mənimlə bəhsə girərək oxumağa gəlib. Vüqarın atası da atamla dost olub. İndi Vüqarın atası o dünyada – mənim atamın üzünə necə çıxacağını, oğlu isə bu dünyada – mənim üzümə necə çıxacağını düşünür.

V.Səfərli Ə.Həsənov üçün necə əl telefonu funksiyasını icra edirsə, X.Muxtarov və V.Məmmədov da M.Həsənli üçün elədir. Onlar da Mürvətin “əl telefonları”dır.

Sabir Tarverdiyev hakimiyyətyönümlü Milli Dövlətçilik Partiyasının sədridir. İqtidarın iş adamlarından biridir və birbaşa Əli Həsənova bağlıdır. Bu işə də birbaşa onun direktivləri ilə daxil olub. S.Tarverdiyev məhkəmədə də etiraz etdi ki, ona mənim üzümə durmaq üçün çox ciddi təpkilər olub. Onun mətbuat xidmətinin rəhbəri isə Sabirin fikirlərinə şahid durub. Hər yalançının mütləq və ən azı bir şahidi olmalıdır axı.

S.Tarverdiyev başqa bir xətlə də Ə.Həsənovdan asılıdır. Onun 2 qəzeti MŞ-nın üzvüdür və S.Tarverdiyev hər ay Əflatun Amaşova “xüsusi haqq” göndərir və bunu hər yerdə deməkdən çəkinmir. Ə.Həsənov bu məsələyə xüsusi diqqət edir. Həm S.Mehbalıyevin “Ülfət” qəzeti, həm M.Həsənlinin “Xəmsə” qəzeti, həm S.Tarverdiyevin “Araz” və “Meridian” qəzetləri MŞ-nın üzvüdür və bəziləri hətta MŞ-nın təsisçilərindəndir. Bu da təsirin bir növüdür. Yuxarıdakı T.Rüstəmxanlı olayı da belədir. Ə.Həsənov həm T.Rüstəmxanlının, həm də onun həyat yoldaşı S.Rüstəmxanlının QHT-lərini maliyyələşdirir. Bir ailədən 2 QHT Ə.Həsənovun təsirində olan Azay Quliyevin DDŞ-sindən maliyyə alır.

311.3.2-nin 3-cü üzəduranı Aydın Heydərovdur. A.Heydərov isə S.Tarverdiyevin xalası oğludur – doğmaca. Ə.Həsənovun bir zəngi ilə xalası oğlunu xalaoğlu işə qoşub, vəssalam…

Maraqlıdır ki, A.Heydərov KQMİ-yə 7 il bundan əvvəl MŞ-ya göndərdiyi ərizəni təqdim edib. Aydın olur ki, bunu A.Heydərov yox, MŞ edib. Yəni Ə.Həsənov inhisarında olan MŞ-dan 7 il əvvəlin ərizəsini çıxarıb və KQMİ-yə göndərib. Saxtakarlığın bu miqyasda olanına yalnız R.Mehdiyev və ya Ə.Həsənov gedə bilərlər.

A.Heydərovun sürücüsünə gəlincə, onu mən tanımadım. O da məni tanımadı. İstintaqa ifadə verən sürücü ilə məhkəməyə gələn sürücü arasında o qədər fərq var idi ki, sonradan şəxsiyyət vəsiqəsinə baxarkən onu hakimlər və prokuror da tanımadılar.

Beləcə, Ə.Həsənov mənim işimdəki üzəduranların hamısı ilə birə-bir əlaqədə olub və onların hamısını şəxsən təlimatlandırıb. Çünki 311.3.3, 311.3.4 və sonradan əlavə olunan 311.3.2-ci maddələrində olan “şahid”lərin hamısını PA-nın şöbə müdiri şəxsən tanıyır.

Bütün bu çətinliklərə baxmayaraq, siyasi hakimiyyət bunların da fakt olmadığını gördü. S.Tarverdiyev Gəncənin icra başçısı E.Vəliyevin adından danışır, halbuki onunla “Xural”ın məhkəmə prosesi olub və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü var. Eləcə də A.Heydərovla məhkəmə çəkişməmiz olub və A.Heydərov xüsusi ittiham qaydasında şikayətini geri götürüb. Neyləməli? Ə.Həsənov daha bir ittiham uydurmalı idi. Bu da vergi oldu.

PA vergidən – 213.1-ci maddədən mədət umur

Bu qədər yalançı şahidlərə baxmayaraq, Ə.Həsənov və istintaq yenə rahat ola bilmədi. Onların sərəncamında kifayət qədər üzəduran var idi, amma mötəbər sübutları kifayət etmirdi. Hətta müstəntiqin özünün mənə etirafına görə, ilk günlər təxminən 100 nəfərə qədər üzəduran siyahısı hazırlasalar da, sonradan bu plandan imtina olunub. İstintaq 100-dən çox adamdan 1.500.000 – 2.000 000 manat pul yükləmək istəyirmiş boynuma.

Bütün bu komplo teorilərinin alınmadığını görən hakimiyyət və onun diqtəsi ilə çalışan istintaq ənənəvi susdurma metodundan istifadə edir: Vergi ilə çökdürmək! Onlara elə gəlir ki, vergi ilə bizi sıradan çıxarmaq daha asan olacaq. 306.2, 311.3.2, 311.3.3, 311.3.4-cü maddələrindən kar aşmayacağını bilə-bilə, bilərək bu dəfə vergini işə salmağa qərar verdilər. 14.11.2011-ci ildə müstəntiq Qabil Qasımov təqdimatla müraciət etdi və KQMİ-nin heç bir hüquqi ixtiyarı olmaya-olmaya məhkəmə tərəfindən vergi yoxlaması təyin etdi. Bu isə istintaqı o qədər bərbad duruma saldı ki, işin içindən özləri də çıxa bilmədilər. Əlli min saxtakarlıq edərək, min hoqqadan çıxaraq, guya ödəmədən yayınan 7.300 manata yaxın məbləğ açkarladılar ki, bunu da müstəntiqin özünün dəvət etdiyi ekspert 4.000 manata qədər endirdi. Müstəntiq hey “bu bizim yanlışımızdır” deyirdi…

Hər ağızdan bir avaz gəlir

Əslində, bu istintaqdan olsaydı, Cinayət Məcəlləsinin bütün maddələrini mənə yükləyəcəkdi. Bunun üçün də şərait yaranmışdı. Ə.Həsənovun mətbuatı tam gücü ilə əleyhimə kampaniyaya başlamışdı. Kəmaləddin Heydərovun informasiya agentlikləri də onlara qoşulmuşdular. Keçmiş deputat Vüqar Rəhimzadə, hazırkı deputat Bəxtiyar Sadıqov MŞ-nın adından daha irəli gedir, daha sərt və adlarına yaraşan bəyanatlar verirdilər. B.Sadıqov qanunların çox yumşaq və humanist olmasından bəhs edirdi. Və onun dedikləri əslində Milli Məclisin də mövqeyi kimi qəbul olunmalı idi. Mən hüququn verdiyi bütün yollardan istifadə edir, demokratik cəmiyyətin qaydalarına uyğun olaraq dirəniş göstərir, “Xural”ın və onun Oxucularının sərt müqavimətini təşkil edir, bunlar isə məhz onu istəmirdilər. Ona görə də beyinləri, intellektləri ilə mənimlə döyüşə bilməyənlər inzibati amirlik metodunu köməyə çağırırdılar. Demokratiyalarda bükə bilmədiyin əli öpməlisən, amma bunların rejimində bükə bilmədikləri qolu sındırmaq var. Bunlar məndə və “Xural” qəzetində də elə etdilər. Ramiz Mehdiyev-Əli Həsənov şəbəkəsinin mətbu xadimləri gözükölgəli, satılmış qələmlərdən ibarətdir və onlar demokratik şəkildə mübarizə apara bilmədilər. Ə.Həsənovun tapşırığı ilə öz işlərini gördülər. Təsadüfi deyil ki, A.Heydərov MŞ-ya yazılan ərizəsini guya istintaqa da göndərib. Amma elə deyil. O ərizəni istintaqa MŞ göndərib…

Qeyri-hüquqi mübarizə

“Terror” latın sözüdür. “Qorxu” və “dəhşət” deməkdir. Müasir lüğətdə mənası “zorakı üsullarla siyasi rəqiblərin qorxudulması və dəf edilməsi siyasəti”dir. Siyasi hakimiyyət mənə və qəzetimə qarşı sırf bu fəaliyyəti nəzərdə tutub. Onlar dövlət hakimiyyətindən istifadə edərək məni terror etmək və bu yolla məqsədlərinə çatmaq istəyiblər. Buna görə hər cür aşağılıq əməllərə baş vurublar. Qəzetin əmlakı qanunsuz olaraq müsadirə edildiyi gün qardaşım və qohumlarımı işdən çıxarmaq da buna xidmət edib. Mənə qarşı məhkəmə müstəvisində mübarizə aparılmayıb, mübarizə hüquqi olmayıb. V.Rəhimzadənin və B.Sadıqovun hüquqdankənar mübarizə yollarına müraciət etmək formasını G.Əhmədovada tapdılar. O da deputat idi və sonradan mətbuata verdiyi açıqlamada bunu açıqca etiraf da edirdi. G.Əhmədova “Yeni Müsavat” qəzetinin 16 noyabr 2011-ci ildə nəşr olunan müsahibəsində beləcə də deyir: “Onu məhkəməyə verən millət vəkilləri olmuşdu ki, bir nəticə əldə edə bilməmişdilər.” Bunun ardınca Güləri üzümə durmağa təhrik edən PA ictimai-siyasi şöbəsinin müdiri Ə.Həsənov 19 noyabr 2011-ci ildə adı çəkilən qəzetə müsahibəsində beləcə deyir: “…illərlə həmin müxalifət partiyalarının, o cümlədən müxalifət təmsilçilərinin, ayrı-ayrı qəzet nümayəndələrinin həm “Xural” qəzetinə, həm də bu gün hüquqlarını müdafiə etdikləri digər qəzetlərin əməkdaşlarına qarşı məhkəmə iddiaları olub. Prosesləri də udublar. Sadəcə məhkəmə qərarlarına tabesizlik olduğundan qərarlar icra edilməyib. Bu gün ortada millət vəkilinin və digərlərinin konkret şikayətləri var.”

Yəni siyasi hakimiyyət açıqca mənimlə hüquq dilində danışmağın əhəmiyyətsiz olduğunu anlayıb. Çünki uduzacağını bilib. Məhkəməyə veriblər, cəzalandırıblar, cərimələdiblər – amma bunu “nəticəsiz” adlandırır, “heç” hesab edirlər. Onlar mütləq məni susdurmağı, ən azı həbs etdirməyi düşünüblər və bunun üçün uzun illər əsas axtarıblar. Bu “əsas” isə şərləmə olub!

Mənim yanıma tanımadığım, yad bir adam göndərə bilməzdilər. Bir neçə dəfə göndərmişdilər və son olaraq “modelyer” məsələsində cavablarını almışdılar. Mənim yanıma mütləq normal münasibətlərdə olduğum bir adam göndərməli idilər ki, yanıma gələ bilsin. Gülər kimi…

Ümumiyyətlə, hakimiyyət məni sıradan çıxarmağın başqa yolunu tapa bilməyib. Onlar nə qədər çətin olsa da normal münasibətlərdə olduğum adamları üzümə qoymaq yolunu tutublar. Hədəf ən azı “çamur at, izi qalsın” prinsipidir.

Axtarış nə məqsədlə aparılıb?

 Bu qeyri-hüquqilik bütün sferalarda davam edib. Həm həbsimdən əvvəl, həm də sonra dövlətin bütün gücünü mənə – arxası, dayağı yalnız haqq olan, heç bir qruplaşma və mafiyaya xidmət etməyən bir yazara həsr ediblər. Məni qeyri-qanuni həbs ediblər, guya qeydiyyatda olduğum ünvana çağırış göndəriblər, amma o da olmayıb. Faktiki yaşadığım ünvanı tapa bilmədiklərini əsas gətirərək məni həbs edən istintaq, elə həmin saatlarda mənim faktiki yaşadığım ünvanda axtarış aparıblar. Bəs onlar mənim harada yaşadığımı bilmirdilər? Bu, necə olur?

Məni tutmaq üçün təxminən 4 qrup ayrılıb. Onun biri məni həbs edib – bu həbsdə mənim illərlə görüşmədiyim və telefonlarına cavab vermədiyim həmkəndlilərim bələdçi olub, başqa bir qrup işimdə, “Xural”ın redaksiyasında, bir başqa qrup isə evimdə axtarış aparıb. Axtarışların heç biri haqqında mənə məlumat verilməyib, axtarışda mənim nümayəndəm və ya vəkilim iştirak etməyib. Sonra isə digər bir qrup avtomobilimi axtarıb. O da eləcə…

Bütün bunlara nə səbəb olub? İstintaq “külli miqdarda pul,” “silah-sursat,” “saxta sənədlər,” “iş üzrə maraqlı ola biləcək audio-video kasetlər” və s. və i. axtarıb. Həm evimi, həm iş yerimi, həm də avtomobilimi atım-atım atıblar, qeyri-qanuni çəkilişlər aparıblar – amma protokolda bu tip çəkilişlər olmadığı haqqında xüsusi qeyd var – orta məktəbdə oxuyan azyaşlı övladlarımın kitab-dəftərlərini belə darmadağın ediblər. Yaxşı, nə əldə ediblər? Heç nə! Heç nə!! Heç nə!!! O zaman suallar meydana çıxır: mənim evimdə şübhəli nələrinsə olduğu haqqında istintaqı kim məlumatlandırıb? O adam, ya da adamlar cəzalandırılıbmı?

Evimlə şahidlərə təzyiq göstərilib

Siyasi hakimiyyət mətbuatı 1998-ci ildən müxtəlif adlarla satın almağa başladı. Dövləti idarə edənlər bunun üçün milyonlarla manat pul xərclədilər. Kimini pulla, kimini vəzifə ilə, kimini maşınla, kimini evlə ələ keçirdilər. Beləcə, illər keçdikcə mətbuatın çox önəmli simaları bir-bir səngər dəyişdirdilər və hakimiyyətin əsarətinə düşdülər. Onlar qısa yoldan hər şeyə sahib oldular, hətta bəziləri deputat vəzifəsinə təyin edildilər.

Mən o yolu seçmədim. Mən çətin olan istiqaməti seçdim. Mən 10 dəqiqəyə ev ala bilərdim, 5 dəqiqəyə isə bahalı xarici avtomobillər. Amma siyasi hakimiyyətin ən yüksək dairələrinin hər cür təklif və şərtlərini əlimin tərsi ilə itələdim. Mən mətbuatın ali prinsiplərini öndə tutdum və bütün həyatımı o yöndə apardım. Mən niyə Gülərin 10.000 manatına möhtac olmalı idim ki? Mən Gülərin başbilənlərindən min dəfə artığını ala bilrdim…

10 dəqiqəyə ev alan redaktorlardan deyiləm mən. Mən 10 ildir daş-daş, kərpic-kərpic ev tikirəm. Atam, anam, qaynatam, qaynanam – hamısı birləşib mənə yurd ediblər. Kimin əlindən nə gəlir edib və birilərinin prinsiplərini sataraq əldə etdiyi şeyi – evi mən 10 ildir tikirəm. İndi bu mətbuat qatilləri mənim evimin fotolarını göstərərək insanları qorxudub və “bu evin tikilməsində sizin də rolunuz olub” deyə adamları şantaj ediblər. Kişi də kişinin evi ilə kişiləri şantaj edərmi? Ediblər! Amma axtarış protokollarında qeyd ediblər ki, heç bir foto-video-audio çəkiliş aparılmadı. O zaman o şəkilləri kim çəkib?

Axtarış zamanı hal şahidlərinin biri Zaqataladan, digəri isə Kürdəmirdən olub – elə doğulduqları rayonlarda da qeydiyyatda olan həmin hal şahidlərinin mənim evimdə, işimdə nə işləri vardı? Deməli, bunların hal şahidləri də üzəduran olub, digər şahidləri kimi…

XuralTAC

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button