
Əvəz Zeynallı həqiqətləri – VI HİSSƏ
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Bakı Ağır Cinayətlər Məhkəməsində verdiyi İFADƏ-nin ictimai əhəmiyyətini nəzərə alaraq, onu olduğu kimi Oxucularımızın ixtiyarına veririk. 10 Hissədən ibarət olan ifadə ilə tanış olduqdan sonra, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının timsalında Azərbaycan müstəqil mətbuatının susdurulması üçün yüksək çinli məmurların hansı cinayətlərə əl atması açıq-aşkar görünür.
VI HİSSƏ
Müdafiə imkanları ortadan qaldırılıb
Məni həbs edəndən sonra bütün müdafiə imkanlarım ortadan qaldırılıb. Ə.Həsənov daha dünən Redaktorlar Birliyində mənimlə çiyin-çiyinə oturan bir çox həmkarlarımla birə-bir danışıqlar aparıb, onların mənim müdafiəmdən çəkilməsi üçün iblisanə addımlara rəvac verib. Xeyli ölçüdə buna da nail olub, birini “qara siyahı”dan çıxarmağa söz verib, birinə pul vəd edib, digərinə başqa bir şey. Əli Həsənov-Vüqar Səfərli-Gülər Əhmədova üçlüyü daha fəal olublar. Onlar mənə dost deyən bəzi saytlarla hətta 150-200 manatlıq anlaşmalarla onları müdafiədən çəkindirməyə nail olublar. İqtidarın idbar qəzetləri mənim əleyhimə dəhşətli yazılar yazıblar, G.Əhmədovanın “Mərkəz” qəzetində və saytında əxlaqsız yazılar dərc olunub. Bu işə bəzi deputatlar da qoşulub…
Səhnədə təyinatlı deputatlardır
Hökumət hər deputata bir də bir qəzet verib. Həm bu qəzetlərində, həm də əlləri çatan digər hər yerdə mənim əleyhimə danışıblar. Mənim doğum günümdə artıq iqtidarın sipərlərindən birinə çevrilən ANS-də G.Əhmədovaya qoşulan BAXCP sədri Qüdrət Həsənquliyev düz bir saat əleyhimə danışdı. Mənə telekanal cavab haqqı tanımadı. Şərəf-ləyaqət axtarışına çıxan bu təyinatlı deputatlar özləri hər sözü danışdılar. Başqa, çiçəyi burnunda olan bir deputat qırığı isə bir sayta ayda 100 manat verir və orada mənim haqqımdakı hər xəbərə öz xislətinə uyğun şərhlər yazır və mənə qarşı guya kampaniya aparır.
Bu kampaniya mənim həmkarlarıma da şamil olunub. “Xural”a qadağa qoyan hökumət, başqa formada yeni qəzet açmağa imkan verməyib. Mənim adımla heç bir qəzet qeydiyyatdan keçirilməyib və mənim adımla fəaliyyət göstərən bütün mətbu qurumlara qadağa qoyulub.
04.12.2011-ci ildə “Xural”ın kollektivi “ASİ” qəzetinin nəşrinə başlasalar da, cəmi bir saydan sonra qəzetə qadağa qoyulub. Qəzet 06.12.2011-ci ildə qadağan edilib. Açıq şəkildə bildirilib ki, Əvəz Zeynallı ilə bağlı mətbu orqana icazə verməyəcəklər.
Kollektivim hədələnib
Bununla kifayətlənməyib hökumət. 19 gündən sonra susqunluğunu pozan G.Əhmədova ayın 22-də kollektivimi və ailəmi silahla hədələyib. YAP-ın Siyasi Şurasının üzvü olan, müxtəlif “razborkalar”da yaxşı təcrübəsi olan bu Mirşahinin “yasamallı qadın”ı özünü deputat kimi yox, qoçu kimi aparıb və onun “Yeni Müsavat” qəzetində dərc olunan təhdidlərindən dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin başçısı Eldar Mahmudova, DIN Ramil Usubova və Baş Prokuror Zakir Qaralova müraciət etdim. O müraciətləri Bakı İstintaq Təcridxanasından göndərə bilmədim, nə əziyyətlə vəkilimdən göndərdim və hələ də cavab almamışam. Bunlar beləmi qoruyacaqdılar mənim kollektivimi və ailəmi?!
Əksi oldu. G.Əhmədovanın bizi silahla hədələməsinin ardından “Xural”ın əməkdaşı, həm də yaxın qohumum Kamran Zamanlıya hücum olundu və onu həbs etməyə çalışdılar. Dekabrın 6-da isə “Xural”ın redaktorlarından Anar Mahmudoğlunun ailəsi, övladı və özü hədələndi. Elə həmin gün əməkdaşlarımızdan biri olan Nurəddin İsmayılov da hədələndi. Bütün bu izlər aparıb G.Əhmədovaya və onun yalançı şahidlərinə çıxarır. Ə.Həsənovun təlimatı ilə biriləri Anar Mahmudoğlunu və Kamran Zamanlını aktiv müdafiədən çəkindirməyə çalışırdılar. Təbii ki, buna nail olmadılar, amma mənim özümü müdafiə imkanlarım kifayət qədər əngəlləndi.
Ümumiyyətlə, siyasi hakimiyyətin çox böyük ehtimalla məni fiziki cəhətdən ortadan götürmək – öldürmək planı olub…
“Bir jurnalist öldürüləcək, biri isə həbs olunacaq!..”
Redaktorlar Birliyinin hökuməti narahat edən vaxtlarında və “Xural”ın gündəlik nəşrə başladığı zamanlarda mənə özəl bir informasiya daxil oldu. Məlumatda deyilirdi ki, yaxın aylarda bir jurnalist həbs olunacaq, başqa biri isə öldürüləcək. Mən bu informasiyanı Redaktorlar Birliyinin özəl toplantısında həmkarlarımla bölüşdüm. Sıradan bir məlumat olaraq qarşıladıq. Nə edəsi idik ki?
Aradan 1 ay keçmədi ki, məni şərləyib həbs etdilər. Daha 1 ay keşmədi ki, Rafiq Tağını öldürdülər!
Keçən bu müddət ərzində baş verənləri dərindən analiz edəndə qorxunc mənzərə ilə qarşılaşıram. Çox böyük ehtimalla gündəmdə məni də öldürmək planı olub. G.Əhmədovanın 19 günlük susqunluğundan sonra ilk açıqladığı məqam “ailə məsələsi” idi. Bu qadın öz-özünü şərləyirdi və “mən ailəmi qorudum” deyirdi. Ortada isə həqiqətən və həqiqətən heç bir şey yox idi. Heç bir şey olmaya-olmaya bir qadın özünü niyə şərləsin ki?! Gülər 02.07.2012-ci ildə məhkəməyə verdiyi ifadədə də beləcə dedi: “Mən oğul böyütmüşəm ki, gedib bunu öldürsün?” Bu qadın hər dəqiqə oğlanlarının çılğınlığından və məni öldürə biləcəklərindən danışırdı. İndi də danışır. Nə baş verib? Hansı yazılardan danışır? O haqda isə heç bir məlumat vermir. Gülərin yalançı şahidlərinin heç biri – R.Axundova, Z.Mirzə, T.Rüstəmxanlı və oğlu T.Əhmədov da heç nə bilmirlər. Heç bir yazıdan bəhs eləmirlər. Hansı anonsdan danışılır, bilinmir. Gülərin hər dəqiqə sitat gətirdiyi anons isə bir neçə ədəd deyil, bir ədəddir və onun Gülərlə heç bir əlaqəsi yoxdur. O zaman Gülər nədən yerli-yersiz ölümdən danışır, guya ki, oğlanlarını cilovlaya bilməyəcəyini söyləyir. Axı dörd yalançı şahid, bir özü, bir müstəntiq, bir də ittiham tərəfi – prokuror – 7 nəfər edir. Bu 7 nəfər izah etməlidir ki, ortada ölümə səbəb olacaq nə var idi ki? Edə bilmirlər. İttiham tərəfinin əlində heç nə yoxdur. Nə var məndədir və mən də bilirəm ki, bu qadını mənim üstümə R.Mehdiyevlə Ə.Həsənov göndərib. Bu qadını cinayətə R.Mehdiyevlə Ə.Həsənov sürükləyib.
G.Əhmədova həmişə hamı ilə zor dilində danışıb. O, jurnalisti öldürməklə hədələyib və bir neçə dəfə buna nail olub – əleyhinə olan yazıları çıxartdırıb. Bu olayda isə onun qarşısında konkret olaraq məni öldürtdürmək tapşırığı qoyulubmuş. Görünür, ya mən o əsası verməmişəm, ya da “yasamallı qadın” o qədər riskə gedə bilməyib. Ötən müddət ərzində aydın oldu ki, R.Mehdiyevin dəstəsi – Gülər də daxil olmaqla həm də adam oğurluğu ilə məşğul olurlar. E.Abdullayevin videoçarxı və informasiyaları bütün bunları açıqca göstərir. Bu dəstə insanları oğurlaya, illərlə aradan götürə və itirə bilirlər. Məni yəqin ki, Allah qurtarıb bu cinayətkar dəstənin əlindən və Allah mərhum Rafiq Tağını onların əlindən qurtara bilmədi. Beləcə, Gülərin tez-tez “namus” məsələsini ortaya gətirməsinin sirri açılır. Söhbət bəhanədən gedirmiş.
10.000 manat sindromu!
Son illərdə R.Mehdiyevin mənə yaşatdığı kabusdan sonra ortaya belə bir bərabərlik çıxır. R.Mehdiyev=10.000 manat. Onun 10.000 manatlıq tələbi mənim həyatımın sonrakı gedişini pozdu. R.Mehdiyevin ardınca KİVDF-nin icraçı direktoru V.Səfərli də “Xural”ı məhkəməyə verdi və o da 10.000 manat tələb etdi. Bundan sonra “dəstədən geri qalmayan” təyinatlı deputat Etibar Hüseynov bizi məhkəməyə verdi. Heyrət, o da 10.000 manat istəyirdi!
Və G.Əhmədovanın şəri. O da mənim ondan 10.000 manat istədiyimi iddia edir. İşin həqiqəti isə odur ki, G.Əhmədova mənim redaksiyama gəlib heç bir girişsiz-filansız mənə pul təklif edib. Bu təklifini də gətirdiyi əl telefonuna yazıb getmişdi. Yəni G. Əhmədovanın tələsində də 10.000 manatlıq məbləğ var. Bu, hər şey deməkdir və Ə.Həsənovun PA-dakı məkrli niyyətini açıqca ortaya qoyur. R.Mehdiyevlə Ə.Həsənovun oyununu oynayan bütün əsas simalar mənimlə 10.000 manat oyununu oynayıblar. Bu da o deməkdir ki, plan bir qələmdən çıxıb. Ramiz Mehdiyevin, Vüqar Səfərlinin, Etibar Hüseynovun və Gülərin “yazılar”ını Ə.Həsənovun qələmi yazıb. Ona görə hamısı 10.000 manatdır. Əgər M.Həsənli mənə pul gətirsəydi, əminəm ki, 10.000 manat olacaqdı. Ya da komandadan daha bir nəfər meydana çıxsaydı, ortadakı məbləğ 10.000 manat olacaqdı. Burada sual meydana çxır: “Doğurdanmı, 10.000 manat lazımdır R.Mehdiyevə?”
R.Mehdiyev məni niyə məhkəməyə verdi?
Haqqında ən çox və ən sərt yazılar yazılan dövlət məmuru R.Mehdiyevdir desəm, yanılmaram. Azərbaycan mətbuatında onun qədər haqqında mənfi yüklü yazılar yazılan ikinci bir məmur yoxdur. Bəs nədən R.Mehdiyev heç kimi məhkəməyə vermədi də, yalnız “Xural”ı məhkəməyə verdi? Çox mümkündür ki, bu da mətbu imperiyası təhlükəyə girən Ə.Həsənovun beyninin məhsuludur. O özü mənimlə döyüşdən qalib çıxa bilməyəcəyini gözəl başa düşüb. Oyuna R.Mehdiyevin adından qoşulmaq qərarını verib və bu yazı onun əlində bir bəhanə olub. R.Mehdiyevi inandırıb və məni onun əli ilə daha rahat susduracağını zənn edib. Sonra “evdəki hesab çarşıya uymayıb.” Zora düşən Ə.Həsənov yenə R.Mehdiyevin adından oyuna V.Səfərlini və G.Əhmədovanı qoşub. Beləcə, oyun böyüyüb-böyüyüb Ə.Həsənovun bütün həyatının mənasını təşkil edib. Təbii ki, o məni fiziki cəhətdən ortadan götürmək planını da işləyib, amma həyata keçirə bilməyib. Aydınca görünür ki, PA-nın şöbə müdiri klanın Xaç Atasını da məharətlə oyuna çəkib və məni – 10.000 manatlıq əməliyyat planı ilə tərksilah etməyi qafasına qoyub. Amma hər şey onun düşündüyü qədər də rəvan getməyib. Məhz bu rəvan getməməyin təsiridir ki, hər şahid bir yalan danışıb.
Yalan necə danışılır?
Nərimanov rayon icra məmurları da daxil olmaqla 19 üzəduran şahidin biri belə ibtidadi istintaqa verdiyi ifadə ilə üst-üstə düşən ifadə vermədi. Bütün şahidlərin yalan və ziddiyyətli danışdıqları ortaya çıxdı. Onlar şahidin qanunda yazılan andını içməklərinə və bilə-bilə yalan ifadə verməyin qanuni məsuliyyət yaratdığına imza atmalarına baxmayaraq, bir dedikləri bir dediklərinə uyğun gəlmədi. Hətta hakimlər və prokuror da onları dindirəndə zorlandı. G.Əhmədova və onun yalançı şahidlərinin, A.Məmmədov və onun yalançı şahidlərinin, S.Tarverdiyev və onun yalançı şahidinin, A.Heydərov və onun yalançı şahidinin bütün dedikləri ibtidai istintaqa verdikləri ifadələrlə ziddiyyət təşkil etdi. Onlardan A.Heydərovun sürücüsü ümumiyyətlə, tanımadığım, görmədiyim birisi idi. Onun cinayət işində olan fotosu belə prosesə gələn adamın fotosu deyildi. Hətta G.Əhmədovanın oğlunu belə tanımadım. Onu da ilk dəfə idi görürdüm.
Maraqlıdir ki, şahidlər ziddiyyətli ifadə verdiklərinin fərqində idilər. Məhkəmə prosesində həqiqəti danışırdılar, amma prokurorun “ibtidai istintaqa verdiyiniz ifadəni qəbul edirsinizmi?” sualına “bəli, edirəm” deyirdilər. Amma mənim müdafiəçilərim və hakimlər sual verəndə isə burada – məhkəmədə dediklərini təsdiqləyirdilər. Bir şahid ibtidai istintaqa verdiyi ifadənin doğru olmadığına dərhal etiraz edirsə və ya ifadəni işgəncə altında verdiyini bəyan edirsə, onun yalan ifadə verməsindən söhbət gedə bilməz.
Amma şahid həm ibtiadi istintaqa verdiyi ifadəni, həm də məhkəmədə onun tam əksi olan ifadəni verirsə və heç bir təzyiq və işgəncə olmadığını deyirsə, deməli, ortada yalan var. Yalan varsa, deməli, proses siyasidir. Necə ola bilər ki, illər əvvəl baş verənləri xatırlayan adamlar ibtidai istintaqa verdikləri ifadəni xatırlamadılar? Bu prosesi bütün məhkəmənin heyəti və iştirakçılar da gördülər. Başdan sona yalan üzərində qurulan bu istintaqın şahidləri birbaşa Ə.Həsənovun diktəsi ilə durub-oturduqları üçün və birbaşa ondan təlimatlandıqları üçün həm istintaqdakı ifadələrini təsdiq elədilər, həm də məhkəmədə başqa ifadə verdilər. Onları məhkəməyə gələndə ciddi xəbərdar etmişdilər: “Nə olursa olsun, ibtidai istintaqa verdiyiniz ifadəni təsdiq edin.” Bununla belə ibtidai istintaq dövrü şahidlərin dindirilməsi zamanı ciddi qanun pozuntuları baş verib. Qanunun tələblərinə görə şahidlər ayrı-ayrı çağrılmalı və bir yerdə saxlanılmamalıdır. Onların görüşmələrinə və məsləhətləşmələrinə imkan verilməməlidir, amma istintaq nəinki şahidləri ayrı-ayrı dəvət edib, əksinə onların tanış olmayanlarını da bir-biri ilə tanış edib. Şahid G.Əhmədovanın 19 dekabr 2011-ci ildə KQMİ-də səs nümunəsi götürülüb. İstintaq materialları arasında həmin səs nümunəsinin götürüldüyünə dair protokol yoxdur. 19 dekabr 2011-ci ildə Mürvət Həsənli də istintaqa ifadə verib. İstintaq onları görüşdürüb, tanış edib, onların məsləhətləşməsi üçün imkan yaradıb. Bunu həm də o sübut edir ki, istintaqda G.Əhmədovanın səs nümunəsinin götürüldüyünə dair protokol tərtib olunmayıb, ya da tərtib olunan protokol iş materiallarına əlavə olunmayıb. İstintaq şahidləri görüşdürdüyünü gizlətmək məqsədini daşıyıb, amma gizlədə bilməyib.
XuralTAC




