Əvəz Zeynallı həqiqətləri – III HİSSƏ

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Bakı Ağır Cinayətlər Məhkəməsində verdiyi İFADƏ-nin ictimai əhəmiyyətini nəzərə alaraq, onu olduğu kimi Oxucularımızın ixtiyarına veririk. 10 Hissədən ibarət olan ifadə ilə tanış olduqdan sonra,  “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının timsalında  Azərbaycan müstəqil mətbuatının susdurulması üçün yüksək çinli məmurların hansı cinayətlərə əl atması açıq-aşkar görünür.

III HİSSƏ 

Müsadirə

Və… 19 oktyabr 2011-ci ildə Nərimanov rayon icraçıları tam heyətdə “Xural”ı mühasirəyə aldılar. Bu nə idi belə? Mənə dedilər ki, narahatçılığa əsas yoxdur, təkrar etdilər ki, bu, normal proseduradır. “Axı siz bir dəfə “Xural”ı 13.05.2011-ci ildə siyahıya almısınız?” dedim. Dedilər ki, qəzet gündəliyə keçdiyi üçün yenidən siyahıyaalınma lazımdır. Halbuki qanuna görə, ikinci dəfə əmlakı siyahıya olmaq olmaz və bunun özü qanunsuzluqdur. Beləcə, ölkənin aparıcı jurnalistləri, deputatlar, ictimai xadimlər redaksiyaya gəldilər və onların gözlərinin qarşısında “Xural”ın əmlakı təkrar, bir daha siyahıya alındı – Heydər və İlham Əliyevin şəkilləri, Mübariz İbrahimovun və Ramil Səfərovun portretləri, Şah İsmayıl Xətainin şəkli və s. Axşam saat 19.00-a kimi bizi işləməyə qoymadılar və təxminən 19.00-da təkrar redaksiyaya doluşdular. Bu dəfə həqiqi müsadirəyə. Beləcə, saat 20.00-dan 22.30 radələrinə qədər redaksiyanı R.Mehdiyevin birbaşa göstərişi ilə talan etdilər və bir “Qazel”ə doldurub apardılar. Əlimizdən yalnız o gəldi ki, aparılan əmlakımızı dövlətimizin himni ilə yola saldıq və… elə o saatdan etibarən “Xural”ın növbəti – həm də hələlik sonuncu nömrəsini hazırlamağa başladıq. Gecə saat 03.00 radələrində “Xural”ın möhtəşəm bir sayını daha hazırladıq. 20.10.2011-ci ildəki o sayı hələlik son sayımız oldu. Günü sabah mətbəələr bizi çap etməkdən imtina etdilər. Sırada mənim həbsim vardı.  Amma…

 Məni necə həbs edəcəkdilər?

Artıq inzibati amirlik metodları ilə “Xural”ın fəaliyyəti dayandırılmışdı. Əli Həsənovun bir telefon zəngi ilə 10 ildir pul verib nəşr olunduğumuz mətbəə bizi çap etməkdən imtina etmiş, digər mətbəələr qorxularından telefonlarımıza cavab verməz olmuşdular. Mətbuat Şurası, onun şər-böhtan saçan rəsmiləri susmuş, bu dəfə dalbadal dövlətin müxtəlif nazirlikləri “Xural”ın “işi” ilə məşğul olmağa başlamışdılar. 23.10.2011-ci ildə Ədliyyə Nazirliyi bəyanat verdi, “Xural” haqqında müxtəlif böhtanlar səsləndirdi və haqqımda CM-in 306.2-ci maddəsi ilə cinayət işinin qaldırıldığını bəyan etdi. 24.10.2011-ci ildə mətbuatın verdiyi məlumata görə, 306.2-ci maddəsi ilə cinayət işi qaldırıldı. Elə həmin günlərdə Baş Prokurorluq açıqlama yaydı və məni cinayətdə suçladı. Hər iki nazirlik siyasi fəaliyyətlə məşğul olmuş, Ramiz Mehdiyevin adını siyahıdan çıxarmaqla siyasi sifariş yerinə yetirdiklərini təsdiqləmişdilər. Məlum olur ki, “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərovun, müğənni Nüşabə Ələsgərlinin və KİVDF-nin icraçı direktoru Vüqar Səfərlinin qanuni qüvvəyə minən borclarını “qərəzli” olaraq ödəmədiyimə görə mənə cinayət işi qaldırıblar. Amma maraqlı idi ki, bu siyahının başında yer alan, 10.000 manata görə, həyatımızı zəhərə döndərən Ramiz Mehdiyevin adı tələbkarlar siyahısından çıxarılmışdı. Mən bunun səbəblərini xeyli sonra anlayacaqdım. Ədliyyə Nazirliyi ilə Baş Prokurorluğun etdikləri yetməmişdi. Mənə və ailəmə qarşı əsl repressiya başlamışdı. İşə DİN belə qarışmışdı. Gəncə şəhər Baş Polis idarəsinin rəisi general  Rasim Musayev 13 ildir qüsursuz fəaliyyət göstərən qardaşım Rauf Zeynalovu 10 dəqiqə içərisində – 20.10.2011-ci ildə işdən çıxarmış, eyni polis rəisi dayım oğlu Rəşad Zeynalovu 21.10.2011-ci ildə polis orqanlarından xaric etmişdi. Bir ildən artıq vaxt keçir, amma nə qardaşımın, nə də dayım oğlunun işdən çıxmaq haqqında əmrləri verilməyib. Rasim Musayevin bu addımlarının siyasi olduğunu sübut edən isə onun 21.10.2011-ci ildə Gəncə qarnizonunun qarşısında etdiyi çıxış olub. Musayev 700 nəfərlik qarnizonun qarşısında beləcə də deyib: “Rauf Zeynalovun qardaşı hökumətimizin və Prezidentimizin haqqında tənqidi yazılar yazır, ona görə də ona bizim aramızda yer yoxdur.” Bundan sonra deməyə söz də qalmır. Bu repressiya dalğasına bir neçə gün sonra Gəncənin Dairə Seçki Komissiyası da qoşulur. Onlar da 62 yaşlı Anamı işdən kənarlaşdırırlar. Beləcə, siyasi hakimiyyət mənim həbsimlə birlikdə ailəmin də məndən sonra “ac qalması” haqda düşünür və qərar verir. Necə deyərlər, məndən sonra arxamca bir parça çörək gətirən buraxmırlar. Təbii ki, bu repressiya dalğasına mənimlə birlikdə işləyən həmkarım və həyat yoldaşım Məlahət Zeynallı da daxil olur, axı o da “Xural”ın bağlanması ilə işsiz qalır. Hələ də heyrət edirəm. Bu qədər total repressiya dalğası mənim 2 azyaşlı qızlarımdan niyə yan keçdi? Niyə onları oxuduqları məktəblərdən çıxarmadılar? Bu “humanizm”in məqsədi nə idi?

Təbii ki, təslim olmurdum. Azərbaycan hökuməti və canımı hər an qurban verməyə hazır olduğum Azərbaycan dövləti ilə üz-üzə qalmışdım. Öz dövlətimlə döyüşürdüm. Qanunun imkan verdiyi bütün üsullardan istifadə edirdim. Mətbuat konfransları keçirir, Redaktorlar Birliyini tez-tez toplayır, müsahibələr verir və təbii ki, “Xural”ın gündəlik nəşrini bərpa etmək üçün çalışırdım. 24.10.2011-ci ildə ABŞ dövlətinə və onun Prezidenti Barak Obamaya 19 min manat borc pul üçün müraciət etdim və ABŞ səfirliyi tərəfindən 25.10.2011-ci ildə qəbul edildim. ABŞ dövləti 19 min manat borc versəydi, bu hoqqalar da bitəcəkdi, amma onlar da yaxşı bilirdilər ki, bu, ictimaiyyətin diqqətini çəkmək üçün düşünülmüş aksiyadır. Mənim ABŞ dövlətinə müraciətim bizim hakimiyyətin Əli Həsənov və Ramiz Mehdiyev çapında feodal qalıqlarını çox əsəbiləşdirmişdi. Bununla kifayətlənmədim. 25.10.2011-ci ildə yenidən Prezident İlham Əliyevlə görüşmək üçün ona müraciət etdim. Təbii ki, bu istək də qəbul olunmadı və prezidentlə görüş tələbindən sonra mənə qarşı daha da sərtləşdilər.

Artıq həbs olunacağımı bilirdim. Bunu mən deyil, təxminən bütün ölkə bilirdi. 25.10.2011-ci ildə “Facebook” sosial şəbəkəsindəki statusumda “Həbs olunmağa hazırlaşıram!” statusu paylaşdım və dərhal paylaşdığım status müxtəlif xəbər saytlarında xəbər oldu. Yazılan müxtəlif rəylərə cavab olaraq 26.10.2011-ci ildə “Bunların məqsədi pul dərdi deyil, bunların məqsədi mənim azadlığıma girov qoymaqdır” statusunu paylaşdım. Ayın 24-dən redaksiya Oxucu və doğma adamların ziyarətinə uğradı. Hamıda mənim həbs olunacağım qənaəti hakim idi. Amma necə, hansı əsaslarla tutacaqdılar?

306.2-ci maddə alınmadı

Məni 306.2-ci maddə ilə həbs edə bilmədilər. Bilməzdilər də. Çünki ədalətsiz və vicdansız məhkəmələr vasitəsilə kəsdirdikləri cərimələrin siyasi mahiyyətli olduğunu bütün dünya bilirdi. Bu hakimiyyət isə son illər “yazıya görə adam tutulmur” iddiasını az qala bütün yer kürəsinin gözünə soxurdu. Yox, məni 306.2 maddəsi ilə həbs etsələr, məsələ ilk gündən siyasiləşəcəkdi. O zaman nə etməli? Bəlkə 303-cü maddə ilə həbsi həyata keçirmək – “Siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş, yaxud müsadirə olunmalı əmlak barəsində qanunsuz hərəkətlər.” Yox, bu da alınmazdı. 147, 148-ci maddələr isə diffamasiya maddələri idi və onlarla əsla və əsla jurnalist həbs etmək olmazdı. O zaman geriyə şər qalırdı – hansı ki, siyasi hakimiyyət bu sahədə çox professional idi. Bəs nə etməli? Nə ilə şərləməli?

İçki iləmi? Alınmazdı. Spirtli içkiləri tərk etmişdim və “Xural” qəzeti uzun müddətdir ki, “Alkoqolsuz Gələcək!” kampaniyası aparırdı.

Narkotikləmi, nəşə iləmi, eroin, kokoinləmi? Alınmazdı. Siqaret bəlasını 19 dekabr 2004-cü ildə tərk etmişdim və “Xural” qəzeti uzun illər idi ki, “Siqaretsiz Gələcək!” kampaniyası aparırdı.

Qızlamı? O da alınmayacaqdı. Çünki artıq bir dəfə göndərdikləri “modelyer” onların üzünü ağartmamışdı. Mənim elə alışqanlıqlarım artıq çoxdandı ki, yox idi…

İşə ailəmlə gəlir, işdən ailəmlə gedirdim. Özümə qurduğum bu dairə mənim həm də sığortam idi. Məni avtomobildə belə həbs etmək mümkün olmazdı. Bunu həbsimdə də gördüm. Məni yalnız təkləyib həbs edəcəkdilər. Amma nə ilə? Necə? Niyə? Harada? İndi hamıdan çox məni və məni sevənləri bu suallar düşündürürdü.

28.10.2011-ci ildə mətbuat konfransı təşkil etdik. Redaktorlar Birliyinin geniş toplantısında məsələni müzakirə etdik və qərara alındı ki, mübarizəni davam edək. Orada həm də onu elan etdim ki, noyabrın 1-dən etibarən “Xural” yenə gündəlik nəşrini bərpa edir. Və… oradan redaksiyaya tələsdim. Və… “Kanal 13”-ün canlı efiri üçün aparıcı Aynurə İmranovanın aramsız telefon zəngləri gəlməyə başladı. Mən verilişdə iştirak etməli idim və “Xural”ın əmlakının müsadirəsi müzakirə olunacaqdı.

Məni necə oğurladılar?

Məni elə “Kanal 13” ün qarşısında da oğurladılar. Günü də simvolik seçmişdilər – 28 oktyabr atamın ölüm günü idi və məni oğurladıqları 17:07 radələri də atamın canını tapşırdığı dəqiqələr idi. Mənim redaksiyama gələn, telefonlarını götürmədiyimə baxmayaraq, israrla zəng edib redaksiyaya buyuran və sonra Əli Həsənovun üzəduranları qismində üzümə duran həmkəndlilərim görünür, mənim üçün ciddi sürprizlər hazırlayıblarmış.

Onlar həm məni redaksiyadan çıxarmalı, həm Korrupsiyaya Qarşı Mübarizə idarəsinin əməkdaşlarına təslim etməli, həm də mənim üçün anlamlı olan məqamları məni həbs edənlərə deməli idilər. Bizim el-obada bu miqyasda namərdlik, naxələflik, nakişilik hələ qeydə alınmamışdı. Əli Həsənov bunu bacarmış, guya məni öz həmkəndlilərimlə “vuraraq” mənə mənəvi təsir göstərməyi düşünmüşdü. Amma iqtidarın bu darqafalı adamları bilmirdilər ki, üzəduranların yaxını-uzağı, qohumu, həmkəndlisi olmur – üzəduranın heç milləti də olmur. Onlar da qədim peşə sahibləri kimidirlər – hələ elə fahişələr var ki, onlar üzəduranlardan kişidirlər…

Məni oğurlayanlar KQMİ-yə gətirdilər. Müxtəlif hədə-qorxularla və “bu sənin üçün sonun başlanğıcıdır” deyərək işlərini gördülər. ABŞ səfirliyinin yanından keçəndə sonradan adını öyrəndiyim Rəsulov Fuad Mirmehdi oğlu adlı terroristə oxşayan KQMİ qoçusu həbsimin siyasi sifariş olduğunu dedi: “Biz sənə göstərəcəyik ABŞ hökümətinə müraciət etmək nə deməkdir.” Yeri gəlmişkən, mənim telefonlarımı da bu qoçu aldı və orada olan mesajlara baxanda etiraz etdim. Fuad Rəsulovun cavabı maraqlı idi: “Biz sənin telefonuna istədiyimiz mesajı yaza və oradan istədiyimiz mesajı göndərə bilərik.” Elə də etdilər və mən bir illik həbsdən sonra hələ də telefonlarımı əldə edə bilmirəm…

Səhnəyə Gülər Əhmədova çıxarılır

Sən demə, Ramiz Mehdiyev-Əli Həsənov güruhu “Xural”ı talan etdirdikləri gün, Ramiz Mehdiyev qruplaşmasının daha bir üzvü, parlamentin deputatı G.Əhmədova xəlvətcə KQMİ-yə müraciət edib. Bununla məni qeyri-siyasi və qeyri-mətbu maddə ilə həbs etməyi planlaşdırıb, izi azdırmağa çalışıblar. Bunu gətirildiyim KQMİ-də öyrəndim. Mən elə təxmin edirdim ki, qəzetin vergi məsələləri ilə bağlı hansısa bir əməliyyat ediblər. Çünki son vaxtlar bəzi qəzetləri KQMİ vergi məsələsinə görə sıxışdırırdı. Amma heyhat! Müstəntiq Qabil Qasımov bir müddətlik gözləmədən sonra “deputat Gülər Əhmədova sizdən – ondan hədə-qorxu ilə pul tələb etməyinizə görə müraciət edib” deyəndə, oynanılan bu iblisanə oyunun yeni detalları mənə aydın oldu. Bəli, məni 303, 306.2-ci, 147 və 148-ci maddələrlə həbs edə bilməyən hakimiyyət, məni şərləməyə qərar vermişdi. Bir şansım o idi ki, digər həmkarlarımın üzünə küçə fahişələri qoyurdularsa, mənim üzümə parlament deputatı qoymuşdular. Təbii, əgər buna təsəlli demək mümkündürsə…

G.Əhmədova münasibətimiz olan onlarla, yüzlərlə Oxucumuzdan biri olub. Son illər münasibətimiz yüksələn templə inkişaf edib. Tez-tez redaksiyaya gəlib, mətbu məsələlərdə fikir mübadiləsi aparıb, debatlarımıza, dəyirmi masalarımıza dəvət etmişik, iştirak edib. Amma haqqında çoxlu tənqidi məlumatlar da dərc etmişik. Bu məlumatlar 2008-ci ildən və ondan əvvəldən də olub. Bu da çox təbiidir. Yadımdadır ki, ilk qarşıdurmamız Respublika Uşaq Fondu ilə bağlı olmuşdu. Əməkdaşlarımız G.Əhmədovadan müsahibə almaq istəmiş, Respublikada Uşaqların vəziyyətinin nə yerdə olduğu haqda araşdırmalar aparmış, Gülər xanım bundan qəzəblənmişdi. Təxminən 2003-2004-cü illər idi…

2008-ci ildə isə G.Əhmədovanın qəzeti olan “Mərkəz” 14 fevral Valentin günündə canfəşanlıq etdiyinə görə, onu sərt tənqid etmişik və parlamentin üzvündə Valentin sevgisinin səbəbini araşdırmağa başlamışıq. Ancaq son illərdə G.Əhmədova ilə ciddi toqquşmalarımız olmamış, hətta G.Əhmədova 30 İyun tədbirlərində iştirak etmiş, özünü millətimizin əziz bayramının tərəfdarı kimi göstərmişdi. Bir dəfə – 2010-cu ilin sonunda Türkiyədə səfərdə olmuş və elə o səfərdə də barışmışdıq. Gülər xanım yalançı və gopçu olduğuna görə münasibətlərimiz həmişə ziqzaqlı olub. Mən mənə bircə dəfə ciddi yalan danışan adamla münasibətləri kəsirəm. Düzdür, o, hələ mənə ciddi yalan danışmamışdı, amma hiss edirdim ki, yalan onun həyat kredosudur. Münasibətlərimiz həmişə məsafəli olub. Xüsusən, Ramiz Mehdiyevin cəriməsi icraya yönələndə bir neçə dəfə əlaqə saxlayıb, münasibətləri yoluna qoymaq üçün öz təkliflərini verib. Bəzilərindən istifadə etmişəm, bəzilərindən isə yox. Amma 2011-ci ilin əvvəllərindən G.Əhmədovanın rəhbərlik etdiyi “Mərkəz” qəzetində bəzi problemlər meydana çıxmağa başladı. Onun baş redaktorunu tanıyırdım və hətta Nigar Almanqızını baş redaktor təyin edəndə məndən fikrimi də soruşmuşdu və mən müsbət istiqamətdə fikir bildirmişdim. Problem elə də böyük deyildi. Sadəcə, Gülər xanım hər dəfə olduğu kimi indi də kollektivin maaş-qonorarlarını vermirdi. Hansısa səbəblərdən baş redaktorla da problem yaratmışdı və aralarında münaqişə baş vermişdi. Hər iki tərəf məni tanıdığına görə mənə şikayətlənirdi. Bir-biri haqqında olmazın şeylər danışırdılar və mən tanıdığım insanların arasında bu miqyasda münaqişə olmasını istəmirdim. 2011-ci ilin yayında – iyulun əvvəllərində Antalyaya istirahətə getdim – bir həftəlik. Həm Nigar, həm də Gülər razılaşdılar ki, mən gələndə oturub problemlərini həll edirlər. Mən gələndə Nigarı Bakıda tapmadım, Gülər isə telefonlarıma cavab vermədi. Onun telefonuna Əhməd Şahidov cavab verirdi və bütün israrlarımıza baxmayaraq, Gülər xanım xəttə çıxmırdı.

Bu arada “Mərkəz”in kollektivinin aparıcı simaları mənimlə görüşdülər və dəstək istədilər. Onların səsini Gülərin israrlı çalışmaları batırırdı. Mən həmkarlarıma dəstək sözü verdim və Gülərin onların maaş və qonorarlarını ödəməsi üçün əlimdən gələni edəcəyimə söz verdim. Bu arada Nigar Almanqızından xəbər çıxdı…

O artıq Türkiyədə imiş və Gülərin təqiblərindən qaçıbmış. Gülər onu və qardaşını işdən çıxarandan sonra Sumqayıtda yaşayan ata-anasının evinin həndəvərinə silahlı qoçular yerləşdiribmiş və onları hədələyirmiş. Nigarın atasının ürəyi xəstə idi və neçə dəfə əməliyyat olunmuşdu. Və təbii ki, Nigar danışmaq, olanlar haqqında ictimaiyyəti məlumatlandırmaq, deputatın mafiya qaydaları ilə adamları hədələdiyini söyləmək istəyirdi. Və Nigar bu məsələlərdən bəhs edən bir müsahibə göndərdi və müsahibə çox gec gəldiyi üçün səhifəyə qoya bilmədim və anonsunu verdim. Anonsda G.Əhmədovadan yox, N.Almanqızından bəhs olunurdu. Yalnız bu anonsun dərcindən və digər xəbərlərdən sonra Gülər mənə zəng elədi və ofisinə çay içməyə dəvət etdi. Onun israrlı təkliflərinə baxmayaraq, Gülərin ofisinə getmədim və redaksiyaya dəvət etdim. Gülər elə həmin gün – yanlış xatırlamıramsa, bazar ertəsi, 8 avqust 2011-ci ildə redaksiyaya gəldi. Əməkdaşlar məni gözləyirdilər və deputatı tək qəbul etməli oldum. Mənimlə tək görüşmək istədiyini xahiş etmişdi. Hər halda dövlət adamı, 15 ilin deputatı, YAP Siyasi Şurasının üzvü idi Gülər Əhmədova və mən bilsəydim ki, o R.Mehdiyevin planının tərkib hissəsi kimi gəlir yanıma, onu qəbul etməzdim. Münasibətlərimiz yazılara görə nisbətən sərinləsə də, onu tək qəbul etdim. Mən o zamanlar heç kimlə tək görüşmürdüm və tanımadığım adamlar gələndə redaksiya heyətini yanıma dəvət edirdim. Gülər Əhmədova oturan kimi təkliflərə başladı və ondan yazı yazmamağın müqabilində mənə rüşvət təklif etdi. Əsla və israrla qəbul etmədim. Ondan yazılacaq yazı-xəbərlərdə onun da rəyinin alınacağını bildirdim. Amma Gülər israrla “Xural”ın aylıq-illik xərclərini soruşurdu. Bir ara elə düşündüm ki, Gülər əməliyyatdadır və indicə masanın üzərinə pul qoyacaq, əməliyyat qrupu otağa daxil olacaq. G.Əhmədova çox həyəcanlı idi və hiss etdi ki, ondan şübhələndim. Tez də durub çıxdı. Tələsik redaksiyanı bağlayıb məni çayçıda gözləyən həmkarlarımın yanına tələsdim. Onlara ilk sözüm bu oldu:

“Deyəsən, Gülər səsimi yazmağa gəlmişdi…”

XuralTAC

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button