
Əvəz Zeynallı həqiqətləri – II HİSSƏ
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Bakı Ağır Cinayətlər Məhkəməsində verdiyi İFADƏ-nin ictimai əhəmiyyətini nəzərə alaraq, onu olduğu kimi Oxucularımızın ixtiyarına veririk. 10 Hissədən ibarət olan ifadə ilə tanış olduqdan sonra, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının timsalında Azərbaycan müstəqil mətbuatının susdurulması üçün yüksək çinli məmurların hansı cinayətlərə əl atması açıq-aşkar görünür.
II HİSSƏ
Əli Həsənovun KİVDF-si
Müstəqil mətbuata ən böyük pislik gətirən qurumlardan biri də Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi (əslində Köstəyi) Fondudur. Bu qurum Prezident yanındadır və onun sərəncamı ilə yaradılıb. Yarandığı günlərdə mətbuatın, xüsusilə müstəqil mətbuatın ümidlənməsinə səbəb olsa da, az keçmədi ki, KİVDF-nin əsl siması ortaya çıxdı. KİVDF-nin icraçı direktoru təyin edilən Vüqar Səfərli ilk gündən müstəqil mətbuata düşmən kəsildi. Prezident fərmanına görə ayrılan pullar yalnız müstəqil və partiyalı olmayan qəzetlərə verilməli idi. Belə də gözləyirdik. Amma Əli Həsənov dövlət adından KİVDF-yə də müdaxilə etdi və elə ilk müsabiqədəncə məqsədin məkrli olduğu anlaşıldı. Keçmiş qəzet çeşidləyicisi olan, ömründə bir yazısı dərc olunmayan, mübarizənin və azad sözün nə demək olduğunu bilməyən, qəssab təfəkkürlü və baqqal düşüncəli bu adam çox keçmədi ki, medianın tam mənada düşməni olduğunu sübut etdi. Onun Tanrısı puldur və mətbuat əhlini də o gözdə görməyə başladı. İlk müsabiqənin nəticələri ümumiyyətlə açıqlanmadı və bu istiqamətdəki bütün tələblər qulaqardına vuruldu. Əli Həsənovun qudası Səttar Mehbalıyevin Konfederasiyasının qəzeti olan “Ülfət” qəzeti belə müsabiqənin qaliblərindən biri oldu. 99 % qayıdışı olan qəzetlər irəli çəkildilər, tirajı və satışı yüksək olan mətbu qurumlar kənarda saxlanıldı. Biz bu istiqamətdə mübarizəni şiddətləndirdik. PA səlahiyyətlilərinə, Prezident İlham Əliyevə dəfələrlə müraciət edtik, araşdırmalar apardıq, Vüqar Səfərlinin qəssab xislətini ifşa edən materiallar dərc etdik və ölkə ictimaiyyətinin bilgilənməsini təmin etdik. Vüqar Səfərli o qədər irəli getdi ki, hətta qəzetlərdən “şapka” belə toplamağa başladı. Arxası güclü idi və əsas hamisi Əli Həsənov idi. Ona görə də onun kəsdiyi başa sorğu-sual yox idi. Vüqar Səfərli KİVDF adlı mütəşəkkil dəstə vasitəsi ilə yalnız özlərinə aid olan qəzetlərə pul ayırmağa başladı. Bu siyahıda Əli Həsənovun və həyat yoldaşı Sona Vəliyevanın 10-a qədər tirajı olmayan və satışı olmayan qəzetləri də var. Təbii ki, üç-beş digər oliqarxlara aid olan qəzetlər də.
Biz tənqidimizi artırdıqca, Əli Həsənov bu dəfə Vüqar Səfərlini də bizim üzərimizə istiqmətləndirdi. Biz normal haqqımızı tələb etdikcə, bunlar bizi susdurmağa daha çox vaxt və diqqət ayırmağa başladılar. Beləcə, günlərin bir günündə “Xaç ata”ları Ramiz Mehdiyevdən cəmi bir ay sonra bu dəfə Vüqar Səfərli bizi məhkəməyə verdi. O da R.Mehdiyev kimi 10.000 manat təzminat tələb edirdi. Məhkəmə R.Mehdiyevin 10.000 manatlıq cərimə tələbini yerinə yetirdiyi kimi Vüqarın da tələbini yerinə yetirdi. Amma qismən – 500 manat. Əli Həsənovun diqtəsi isə 500 manatı Apellyasiya Məhkəməsində 5.000 manata qaldırdı.
Təzyiqlər dalğasına Mətbuat Şurası qoşulur
Məhkəmələr Ramiz Mehdiyevin 10.000 manatlıq tələbini nəfəs almadan təmin etdilər. Bu məhkəmədə biz həm də cənab akademikin yalançı olduğunu öyrənmiş olduq. Çünki onun vəkili Anar Bağırovla anlaşdıq ki, biz təkzib veririk, qarşı tərəf də cərimədən imtina edir. Biz sözümüzün ağası olduq – təkzibi dərc etdik. Bu təkzib R.Mehdiyevin vəkili ilə razılaşdırıldı, hakim tərəfindən qəbul edildi. Amma Ramiz Mehdiyev sözünün ağası olmadı, bizi aldatdı və 10.000 manatlıq cərimənin əsirinə çevrildi.
Bu arada Vüqar Səfərlinin də cərimə tələbi 5.000 manata qaldırıldı. 2010-cu ili bu qovğalarla yola verdik və 2011-ci il “Xural” qəzeti üçün çox uğurlu il oldu. Bu il “Xural” böyüdü, Oxucuların sayqısını qazandı və tirajını artırdı.
2011-ci ildə gündəlik nəşrə başlamağa qərar verdik. İyul-avqust aylarında planlamalara başladıq. Bizimlə birlikdə Əli Həsənov da hərəkətə keçdi və bizim gündəlik qərarımız PA-nın yuxusunu qaçırdı. Gündən-günə güclənən müstəqil “Xural”, fəaliyyətini yenidən bərpa edən Redaktorlar Birliyi, mətbuatın yeni axtarışlara keçməsi Əli Həsənovun şər makinasını hərəkətə keçirdi və Mətbuat Şurasına bir gündə 6 (!!!) “şikayət” daxil oldu. Hər şey o qədər aydın idi ki. Və… savaşa savaşla qərar verdik. Geri çəkilmədik. Başımızı mətbu gilyotinə qoyduq – Ə.Həsənovun gilyotininə. “Xural” gündəlik nəşrə hazırlıqları tamamlayanda Mətbuat Şurası bizi “qara siyahıya” saldı. Bu, Ramiz Mehdiyevin, Əli Həsənovun – Azərbaycan hakimiyyətinin müstəqil mediaya qarşı siyasəti, baxışı idi. Bizimlə normal dillə, yazı ilə, sözlə bacara bilmədilər və dövlətin inzibati resurslarını əllərində cəmləyərək zora, qeyri-hüquqi yollara baş vurdular. “Xural” MŞ-nın üzvü deyildi. MŞ sıradan bir QHT-dir və bu QHT-nin üzvü olmamışdıq. Üzvü olmadığımız bir QHT Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün məkrli planını tətbiq edir və bizi cəzalandırırdı.
Sentyabrın 15-də MŞ-nın iclasına dəvət olunduq, amma onun toplantısına mən yox, mənim MŞ-ya ünvanladığım məktub qatıldı. Sentyabrın 16-da “Xural”ı “qara siyahı”ya təqdim etdilər və “Xural” gündəlik nəşrə başlayan gün – sentyabrın 19-da, 2011-ci ildə MŞ-nın “qara siyahısı”na düşdü.
Azərbaycan mətbuatının tarixi bu cür tərbiyəsizlik, namərdlik, arxadan zərbə və nakişilik görməmişdi. Bütün çətinliklərə sinə gərərək 10 il fəaliyyət göstərən, nəhayət, ölkədə ikinci olaraq hər gün – həftədə 7 dəfə nəşrə başlayan bir qəzet Əli Həsənovun balaca maraqlarına boyun əymədiyinə görə cəzalandırılmaq istənirdi. Bizi “qara siyahı”ya daxil etdikləri tarixdə, 1 ay sonra üzümüzə duracaq işbazların qəzetlərini də MŞ-ya üzv edirdilər…
Gündəlik “Xural”
Yox, bu da keçmədi. Məhkəmələr, məhkəmə cərimələri, hədə-qorxular, şantajlar keçmədi. Sonda “Xural”ı “qara siyahı”ları ilə qorxutmaq istədilər, o da alınmadı. Mətbuat Şurasının bu bərbad qərarı başda Əli Həsənov olmaqla mətbuatı çökdürmək istəyənlərin hamısının üzünü qara etdi. Biz heç nəyə baxmayaraq, inadla gündəliyə keçdik və mətbuat gündəminə bomba kimi mövzularla gəldik. 19 sentyabrda başlanan yol 19 oktyabra qədər – 1 ay davam etdi. 1000 tirajla fəaliyyətə başladıq, on gündən sonra 1500 tiraja, iyirmi gündən sonra 2000 tiraja, 25 gündən sonra 2200 tiraja qalxdıq. Sürətlə böyüyən tirajı ayın sonunda 3000 tiraja çatdırmağı qərarlaşdırdıq. Bu mətbu şəbəkəyə qarşı mübarizəni dərinləşdirmək məqsədi ilə 21.09.2011-ci ildə Prezident İlham Əliyevə müraciət etdim və ondan görüş istədim. 26.09.2011-ci ildə gündəlik “Xural” Azərbaycan mətbuatının tarixində ilk dəfə olaraq “promosyon”a başladı. Artıq hər “Xural” alan Oxucu “kupon”lar toplayacaq və kitab qazanacaqdı. Bu, o qədər görkəmli və möhtəşəm bir hadisə idi ki, Əli Həsənov birbaşa özü əməkdar artist Ağalar Bayramova və Slavyan Universitetinin rektoru Kamal Abdullaya təzyiq göstərmiş, onların əsərlərinin “promosyon”dan yığışdırılmasını tələb etmişdi. “Promosyon” Azərbaycan mətbuatının tarixində elə böyük bir hadisə idi ki, cəmi iki-üç ay lazım idi ki, “Xural” birinci olsun və bütün digər qəzetlər də “promosyon”a başlasın. Əli Həsənov “Xural”ı bağlamaqla və məni həbs etdirməklə həm də kitab düşməni olaraq tarixə keçdi və onun bu pisliyini tarix unutmayacaq.
Bu müddətdə “Xural” layihəni layihə dalınca həyata keçirirdi. 03.10.2011-ci ildə “Xural” ilk dəfə olaraq “Blogger” səhifəsi açdı. Bu, yeni nəslin və yeni medianın inkişafına dəstək olmalı idi və oldu da. Səhifə o qədər müsbət təsir buraxdı ki, biz səhifələrin sayını artırmağa, “Blogger” səhifəsini qoşa səhifəyə çevirməyə qərar verdik. Hazırlıqlar başladı. Cəmi 1 aylıq müddətdə “Xural” ölkənin müstəqil mətbuatının avanqardına çevrilmiş, ilk üçlüyə daxil olmuş, uğurla gündəlik nəşrini hər gün artan templə davam etdirmiş, tənqidçi mərbuatın ilki olmağı bacarmışdı. Demək olar ki, gündəlik fəaliyyəti dövründə “Xural” hakimiyyəti və onun sahiblərini çox sərt tənqid edən mətbu qurumların ən birincisi idi.
“Aprel məhbusları”nın məhkəməsini digər bütün nəşrlərdən geniş və senzurasız yalnız “Xural” işıqlandırırdı. Mitinqlərdə tutulanların, digərlərinin və islami kəsimin öndə gedənlərinin fotolarından ibarət “Siyasi Məhbuslara Azadlıq” kampaniyasına başlamış, 3-cü səhifəni o kampaniyaya ayırmışdıq.
Redaktorlar Birliyi
Hakimiyyəti əsəbiləşdirən, “Xural”a və mənə qarşı daha da aqressivləşdirən digər bir layihəmiz də Redaktorlar Birliyi idi. “Gündəm Xəbər” qəzetinə qarşı başlanan təzyiqləri dayandırmaq üçün təxminən 10 il bundan əvvəl fəaliyyətini dayandıran Redaktorlar Birliyini bərpa etməyimiz ölkənin mətbuat siyasətini müəyyənləşdirən səlahiyyət sahiblərini dəli etdi. Onların milyonlarla pul xərcləyib yaratdıqları əldəqayırma təşkilatlar sürətlə çökürdü. Mətbu siyasətləri darmadağın olmuşdu. Belə daha bir neçə ay keçərsə, bunun cavabını və bədəlini ağır ödəyəcəklərdi. Və… hamı bilirdi ki, Redaktorlar Birliynin katalizatoru mənəm – Əvəz Zeynallıdır. Redaktorlar Birliyi həm təşkilatlanır, həm problemlərdən çıxış yolları tapmaq üçün dəyirmi masalar təşkil edir, həm də problemləri yerində həll etmək üçün yerlərə səfərlər təşkil eidrdi.
Naxçıvan Muxtar Respublikasına səfər bu qəbildən idi. Redaktorlar Birliyinin Naxçıvan səfəri o qədər effektli və səs-küylü oldu ki, hakimiyyət dairələri əndişələndilər və ölkə siyasətində sanki yeni mərhələ başladı. Son illərdə ilk dəfə 20-yə qədər ictimai-siyasi xadim Naxçıvana səfər etmiş, küçələrdə dolaşmış, Naxçıvan hüquq-mühafizə orqanlarının tələblərinə baxmayaraq, oranı tərk etməmişdilər. Bu, böyük hadisə idi. Vasif Talıbovun əsl xanlıq etdiyi bir respublikaya getmək və oradan problem olmadan işini görüb qayıtmaq hakimiyyəti çətin vəziyyətə salmışdı. Redaktorlar Birliyi Əli Həsənovun nəzarətində deyildi və onun hansı işləri görəcəyi haqqında məlumat əldə edə bilmirdi. Redaktorlar Birliyi isə fəaliyyətini məhdudlaşdırmaq yox, genişləndirməyi planlaşdırırdı. Yaxın günlərdə Lənkərana, Gəncəyə, Sumqayıta da analoji səfərlər tşkil etməyi, problem olan hər bölgəyə getməyi nəzərdə tuturduq. İş o yerə qalmışdı ki, Əli Həsənovun nəzarətində olan və mətbuat azadlığına təhlükə törədən qurumlar – KİVDF və MŞ Redaktorlar Birliyini təqlid etməyə, etdiklərimizi təkrarlamağa can atırdılar. Biz Əli Həsənovun haram üstündə qurduğu və prezidentə alternativi olmayan qurumlar kimi sırıdığı mətbuat imperiyasını haqlı olaraq dağıdırdıq.
Redaktorlar Birliyi qəzet yayımı məsələsini, alternativ yayıma malik olmaq problemini qaldırır, KİV-in alternativ mənbələrdən maliyyələşdirilməsi məsələsini həll etməyi düşünürdü və hadisələr çox sürətlə o istiqamətə dəyişirdi. Əli Həsənov narahat idi. O, Ramiz Mehdiyevi də narahat edirdi və birləşib Prezidenti də narahat etməyə çalışırdılar. Redaktorlar Birliyi ölkədə siyasi şəraiti dəyişirdi. Ziyalılar Forumu elan olunmuşdu. Bu gedişi durdurmaq, katalizatoru zərərsizləşdirmək lazım idi. Zaman isə çox az idi. Daha 1 ay, 2 ay, 3 ay keçərsə, bizi heç cür dayandıra bilməyəcəkdilər. Bunu anlayırdılar. MŞ-nın siyahı oyunu köməklərinə gəlməmişdi. MŞ bu oyunu uduzmuş, KİVDF çarəsiz qalmışdı. İnzibati yola baş vurmadan məsələ həll olunmayacaqdı və… onu da etdilər.
XuralTAC



