
Əvəz Zeynallı həqiqətləri – I HİSSƏ
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Bakı Ağır Cinayətlər Məhkəməsində verdiyi İFADƏ-nin ictimai əhəmiyyətini nəzərə alaraq, onu olduğu kimi Oxucularımızın ixtiyarına veririk. 10 Hissədən ibarət olan ifadə ilə tanış olduqdan sonra, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının timsalında Azərbaycan müstəqil mətbuatının susdurulması üçün yüksək çinli məmurların hansı cinayətlərə əl atması açıq-aşkar görünür.
I HİSSƏ
“Xural” qəzetini 2002-ci il oktyabrın 6-da təsis etmişəm. Dövlət zorunu ələ keçirən Prezident Aparatının (PA) rəhbəri Ramiz Mehdiyevin talan etdirdiyi və bağlatdırdığı 20 oktyabr 2011-ci ilə qədər – tam 9 il 14 gün onun baş redaktoru olmuşam. Rəhbərlik etdiyim müddətdə “Xural” qəzeti Azərbaycanın ictimai-siyasi fikrinə önəmli təsir etmiş, tənqidçi medianın ön sıralarında addımlamış, müstəqil mətbuatın və azad sözün sarsılmaz müdafiəçisi olmuş və mətbuat tarixində qalacaq böyük layihələrə imza atmışdır. “Xural” 2002-ci ildən 2011-ci ilin 19 sentyabr tarixinə qədər həftəlik, 2011-ci ilin 19 sentyabrından 19 oktyabrına qədər isə gündəlik nəşr olunmuşdur. “Xural” fəaliyyətinə dövlət zoru ilə xitam veriləndə Azərbaycanda həftədə 7 dəfə nəşr olunan iki gündəlik qəzetdən, 3 ölkə ictimaiyyətinə təsir göstərən media orqanlarından biri idi. Sürətlə ölkənin müstəqil mediasının ön hissəsinə çıxması və azad sözün sarsılmaz qalalarından birinə çevrilməsi Azərbaycan siyasi hakimiyyətini ciddi narahat etməyə başladı. Onlar öz gücünə inkişaf edən “Xural”dan çəkinirdilər və onu susdurmağın yollarını axtarırdılar. “Xural”ı susdurmaq planı isə təkcə son ilin məsələsi deyildi. Buna illərlə bundan əvvəl hazırlaşırdılar.
“Xural”a təzyiq-təzyiq dalınca
Fəaliyyətə başladığı günlərdən “Xural” təzyiq və təqiblərə məruz qalıb. 9 illik həftəlik dövründə ən azı 33 məhkəmə çəkişməsi olub və bu çəkişmələrin hamısı demək olar ki, hakimiyyət məmurları və onlara yaxın şəxslərlə baş verib. Nazirlər, komitə rəhbərləri, icra başçıları, hakimiyyətə yaxın iş adamları və digərləri bizi məhkəməyə veriblər, cərimələdiblər, müxtəlif müddətlərə cəzalandırıblar.
“Xural” ictimai rəyə təsirini artırdıqca ona da təzyiq artmağa başladı. Bu hakimiyyət hər zaman sözün tam mənasında müstəqil nəşrlərə və hətta insanlara düşmən kəsilib. Ona görə də “Xural” hər zaman hakimiyyət mənsublarının “xüsusi” təzyiqlərinə məruz qalıb. Bir tərəfdən “Xural”ı və onun baş redaktorunu öz təsir dairələrinə keçirməyə çalışıblar, bunun üçün vədlər veriblər, ən müxtəlif imkanlar yaratmağa səy göstəriblər, bir tərəfdən isə bu alınmayanda fəaliyyətini dayandırmağa çalışıblar. Hakimiyyətin ən müxtəlif qolları dəfələrlə və müxtəlif vaxtlarda “Xural”ı azad sözü satmağa və özlərinin səngərinə keçirməyə təşəbbüs göstəriblər. Hər zaman o təşəbbüsləri darmadağın etmişik və azad sözün səngərindən çəkilməmişik. Bunun nəticəsi bu günlərə və bu həbsə qədər gəlib. Amma və lakin bizim dəmirləşmiş mövqeyimiz dəyişməyib. Bizi əyə, sındıra bilməyiblər və bu heç zaman da mümkün olmayacaq. Biz – “Xural” azad sözün səngərini tərk etməmişik və heç belə bir niyyətimiz də yoxdur.
2003-cü ildən davam edən məhkəmə təzyiqləri 2004-cü ildən daha da çoxaldı. 2004-cü ilin dekabr ayında məni həbs etdilər və Milli Təhlükəsizlik Nazirliyi bir kitab tərcüməsinə görə mənə cinayət işi qaldırdı və bu cinayət işi 2005-ci il fevralın 26-da “cinayət əməli olmadığına” görə bağlandı. Ancaq hakimiyyətin yüksək çinli məmurları bununla barışmadılar və “Xural”ın yazdığı tənqidi yazılara görə Baş Prokuror Zakir Qaralovun şəxsi tapşırığı və sifarişi ilə 2005-ci ilin fevralın 26-da bağlanan və xitam verilən cinayət işi 2007-ci ilin yayında yenidən “xortladıldı”. Davam edən təzyiqlər silsiləsi, bu cinayət işi və digər məhkəmə işləri ilə birlikdə 2007-ci ildə pik nöqtəsinə çıxdı və o pik nöqtədən heç düşmədi. 2007-ci ildə təkcə mənə qarşı 283-cü maddə ilə cinayət işi yox idi, həm də bu gün həbsimə səbəb olan digər məhkəmə işləri vardı. İcra başçısı Elmar Vəliyevin (o zaman Yevlax şəhər icra başçısı idi, indi Gəncənin icra başçısıdır) və digər mətbuat düşmənlərinin də məhkəmələri var idi. 2007-2008-ci illərdə “Xural” qəzetinə qarşı 12 məhkəmə prosesi eyni zamanda gedirdi. Bəzən səhər işə yox, Nərimanov Rayon Məhkəməsinə gəlirdik. Bəzən elə gün olurdu ki, beş məhkəmə prosesimiz dalbadal olurdu. O illərin məhkəmə prosesindən 3-ü bugünkü məhkəmə prosesində şahiddirlər – zərərçəkən qismində. Akif Məmmədovun, Aydın Heydərovun və Sabir Tarverdiyevin (Elmar Vəliyevin) üzümə durduqları epizodlar 2005-2008-ci illərin məhkəmələrindən qalmadır. O zaman bir neçə deputat da vardı, iş adamı da. Təzyiqlər heç ara vermədən davam edirdi. Bu təzyiqlər 2007-2008-2009-2010-cu illərdə də yüksələn templə davam etdi. Bir həftəlik qəzet bu 9 illik ömrünə 33 məhkəmə prosesi sığışdırıb və o məhkəmə proseslərinin əksəriyyəti həmin illərə təsadüf edir. 2007-2008-ci illər Azərbaycanda jurnalistlərin təqib olunduğu və həbs olunduğu illər idi və “Xural” da o sırada məhkəmə burulğanlarında mübarizə aparırdı. Sadəcə, həm həftəlik, həm də müstəqil olmağımız hakimiyyət və onun məmurları üçün bizi hələ “təhlükəli” etmirdi. O zaman PA rəhbəri Ramiz Mehdiyev və PA ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla da “xüsusi” münasibətlərə malik deyildik. Yoxsa elə bu adamlara tapşırıb elə o zaman üzümüzə qoyardılar. Məni və “Xural”ı cilovlamaq, dil tapmaq, öz tərəflərinə çəkmək istəyirdilər. Əli Həsənov və onun dəstəsi ta… 2000-ci illərdən bu istiqamərdə iş aparırdılar. Onlar məni Milli Məclisdə deputat təyin etmək və əsasən müxalifətə qarşı ön cəbhəyə çıxarmaq istəyirdilər. Mənimlə bütün danışıqları da PA şöbə müdiri Əli Həsənov aparırdı. Bütün israr və təkidlərdən sonra mən o yolu qəbul etmədim və açıqca yolumun dünyanın qəbul etdiyi aydınlıq və demokratiya yolu olduğunu bəyan etdim. Mən yalnız azad və müstəqil olaraq yaşaya bilərəm və böyük Atatürkün dediyi kimi “müstəqillik mənim xarakterimdir!” Bununla da Əli Həsənovla danışıqları dayandırdım. Mən dayandırdım. 2000-ci ilin aprel ayı idi və ondan sonra PA-nın və Əli Həsənovun israrlı aramalarına cavab vermədim. Dəvət etdi – getmədim, axtardı – tapılmadım, telefon etdi – zənginə cavab vermədim. Beləcə, öz təbiri ilə desək, “daha bir danışan adam” xalqın, onun maraqlarının oldu, bunlara boyun əymədi.
2000-2009-cu illərdə özümü və qəzetimi yaşatmaqla məşğul oldum. Mənə hər cür təzyiq göstərdilər. Bütün sferalarda qarşımı kəsdilər və ən müxtəlif əngəlləmələr etdilər. Birbaşa Əli Həsənov direktiv verdi, tapşırdı və mətbu mühitdə mənim olduğum hər yerdə öldürücü mühit yaratdı(lar). Hələ 2003-cü illərdə öz tələbə dostları ilə Mətbuat Şurası adlı bir qurumu təsis edəndə həyəcan siqnalı qaldırdım. Bu müzakirələrə bütün Azərbaycan mətbuatı şahiddir. Mən olan-qalan bütün gücümlə Əli Həsənovun mətbuata qəsd etdiyini hayqırmağa çalışırdım. Təəssüf ki, səsim eşidilmədi. Bəlkə də ona görə ki, o zaman müstəqil qəzetlər çox idi və heç kim Əli Həsənovun müstəqil mətbuatı qətlə yetirə biləcəyini zənn etmirdi. Amma mən prosesləri görür, təxmin edir, analiz edirdim. Beləcə Əli Həsənovun xeyir-duası ilə (təbii ki, ona xeyir-duanı Ramiz Mehdiyev vermişdi) Azərbaycan mətbuatı, Azərbaycan azad sözü cərrahiyyə masasına çıxarıldı və naşı həkimlərə əmanət edildi. O naşı həkimlər isə əmanətə xəyanət etdilər və xəstəni müalicə etməkdənsə, öldürdülər. Mən hər zaman rəhbərlik etdiyim “Xural” qəzeti vasitəsi ilə və digər bütün vasitələrdən istifadə edərək Əli Həsənovun başçılığında Mətbuat Şurası tərəfindən aparılan siyasəti ifşa etdim. Qurulduğu gündən bu qurumun azad söz düşməni olduğunu bildirdim. Bu qurum vasitəsilə bütün azad söz əhlinin, namuslu qələmlərin sıradan çıxarılacağını dedim, xəbərdar etdim. Dediklərim oldu. Əli Həsənovun dirijorluğu ilə azad söz əhli və namuslu qələm sahibləri birər-birər sıradan çıxarıldı. Və bu “qətl paradı”nı görən mən heç susmadım. Mümkün bütün vasitələrlə hökümətin və Əli Həsənovun çirkin planlarını deşifrə etdim. Yorulmadım, usanmadım, bezmədim. Əli Həsənovun ard-arda mətbuat konfransı üçün nəzərdə tutulmuş qurumları necə və niyə sıradan çıxardığını, bu qurumları öz halal malı kimi necə mənimsədiyini, dövlətin “Azərbaycan” nəşriyyatının ərazisini necə parça-parça özəlləşdirdiyini və ələ keçirdiyini də mən ifşa etdim, mən yazdım. Bu qeyri-qanuni əməllərini aşkarladıqca Əli Həsənov və onun “forpost”u Mətbuat Şurası mənə və “Xural” qəzetinə qarşı qəddarlaşdı, amansızlaşdı. 2003-2009-cu illərdə elə bir həftə, elə bir ay olmadı ki, bizim mübarizəmizdə səngimə olsun. Olmadı… Və… bu gün baş verən hadisələr onu göstərir ki, Əli Həsənovun kini və nifrəti 2005-2007-ci illərdən bu tərəfə heç səngiməyibmiş. İnsan nə qədər kin və nifrət dağarcığı olarmış, ilahi?!
Əli Həsənovun modelyeri
2007-2008-ci illərdə (tarixləri qarışdıra bilərəm, çünki müdafiə çıxışımı Bakı İstintaq Təcrid-xanasının 8/24-cü kamerasında yazıram və burada arxivimlə işləmək imkanım yoxdur) yanıma bir modelyer göndərdilər. Adı Aynur olan bu gənc xanım guya Türkiyədə iş həyatına atılacaqmış və bunun üçün də Türkiyəni tanıyan və orada təhsil alan biri kimi mənim tövsiyələrimə və “Xural” qəzetinin türkçü qəzet kimi təbliğinə ehtiyacı varmış. 4-5 gün bu xanımla gizlənpaç oynadıq və nəhayət, onu redaksiyadakı otağımda qəbul etdim. 7 dəqiqə çəkən görüş mənə 70 il qədər uzun gəldi və “Xural”çıların cəsarətli və ayıq olmaları sayəsində biz “modelyer” olayını ifşa etdik. O zaman haqqımda bir kitab tərcüməsinə görə cinayət işi açılmışdı və mən bu səbəblə güc strukturlarının başçılarına – MTN Eldar Mahmudova, DİN Ramil Usubova və Baş Prokuror Zakir Qaralova olayla bağlı müraciət etdim. Təbii ki, hər zaman olduğu kimi cavab çıxmadı.
Aynur adlı “modelyer” o zaman məni şərləməyə gəlmişdi. Mən və “Xural”çılar zamanında bu biabırçı olayı cəmiyyətə açıqlamasaydıq, bizi və konkret olaraq məni daha ağır şərləmələr gözləyə bilərdi. Mən bu imkanı vermədim. O modelyerin kim tərəfindən göndərildiyini bilmədim və müraciət etdiyim hüquq-mühafizə orqanları da bu haqda mənə kömək etmədilər. İllər keçdi və başıma gələn bu mənfur həbsdən sonra mənə aydın oldu ki, o mənfur hadisə də Əli Həsənovun xeyir-duası ilə olubmuş. Azərbaycanın namuslu insanlarını yalnız Əli Həsənovun daxil olduğu şəbəkə qadınlarla şərləyir və o da baş tutmayanda qadınlardan istifadə edib tutdurur. Gülər Əhmədovanın ortaya çıxan videosu bunu bir daha sübut edir.
Qızlarımın və həyat yoldaşımın şəkillərini çəkdilər
Modelyer olayı, ard-arda davam edən məhkəmələr bir sistem kimi məni təqib edərkən, orta məktəbin ibtidai siniflərində oxuyan qızlarımın şəkillərinin çəkildiyi və onların təqib olunduğu haqqında informasiya ötürüldü mənə. Az keçmədi, qızlarımı məktəbə aparan həyat yoldaşımın izlənildiyinin və fotosunun çəkildiyinin şahidi olduq. Nə edə bilərdim ki? Mən dövlət deyiləm, dövlət səlahiyyətlərim yoxdur. Əlac öz üzərimizdə nəzarəti daha da gücləndirməyə və daha da ehtiyatlı olmağa qalırdı. Təbii ki, yenə MTN – Eldar Mahmudova və DİN – Ramil Usubova müraciət etdim. Onlardan ailəmin izlənilməsinin səbəblərini, belə bir qərar alınıbsa onun səbəbini öyrənməyə çalışdım, bu olayın təqibə götürülməsini xahiş etdim, ancaq bugünə qədər heç bir cavab ala bilmədim. Sadəcə, bu planı da ifşa edəndən, bu haqda cəmiyyəti məlumatlandırandan sonra ailəmin təqibi dayandı. Heç bir zaman ailə məsələsini ictimailəşdirmədiyim üçün məsələni bitmiş hesab etdim.
Otağıma dinləmə qurğusu quraşdırdılar
Məhkəmələr, modelyerlər və təzyiqlər kampaniyası 2010-cu ildə xüsusi çalar qazanmağa başladı. Müstəqil mətbuatın sıraları getdikcə seyrəkləşir, namuslu qələmlərin qətli bütün cəbhələrdə davam edir, Əli Həsənovun qaragüruhdan ibarət şəbəkəsi mətbuatın qoca çinarlarını yavaş-yavaş devirirdilər. Bütün bu çətinliklərin içində “Xural” həftəlik nəşr kimi ictimai rəyə getdikcə daha çox təsir etməyə başlamışdı. Davamlı və ardıcıl fəaliyyət öz sözünü deyirdi. Bizə – mənə və “Xural”a inam daha da artır, oxucunun seçimi bizdən yana olurdu. Məhbəsdən çıxan “sirr dağarcıqları” – keçmiş baş nazir Sürət Hüseynov, keçmiş müdafiə naziri Rahim Qazıyev, keçmiş daxili qoşunların komandanı Fəhmin Hacıyev, Tərtər rayonunun sabiq icra başçısı Sərdar Həmidov, keçmiş daxili işlər naziri İsgəndər Həmidov, YAP-ı yaradan, sonra ona “Simasız Quldurlar Partiyası” deyib tənqid edən və YAP-dan uzaqlaşdırılan Sirus Təbrizli, Heydər və İlham Əliyevlərin yaxını olan və onların hakimiyyətə gəlməsində ciddi rol oynayan Nemət Pənahlı – “Xural”a gəlir, “Xural”a danışır, “Xural”la dövlət əhəmiyyətli sirləri bölüşür və paylaşırdılar. Çox ciddi məsələləri müzakirəyə çıxarır, “Xural”ın dəyirmi masasına yatırır, debatlar təşkil edir, illərlə üz-üzə gəlməyən, gələ bilməyən insanları qarşılaşdırır, müstəqil və azad mətbuatın necə olmalı olduğunu sübut edirdik. Bu dönəmdə – may ayının 25-də, 2010-cu ildə “Xural” qəzetinin redaksiyasında tam təsadüf nəticəsində dinləmə qurğusu aşkar etdim və dərhal ölkə və dünya ictimaiyyətini bu haqda məlumatlandırdım. “Xural”da dinləmə qurğusunu aşkarlayandan təxminən 10-15 gün sonra, 10 iyun 2010-cu ildə PA rəhbəri, akademik Ramiz Mehdiyev məni məhkəməyə verdi. Səbəb 2010-cu ilin mart ayının 23-də dərc olunmuş normal analitik bir yazı idi. O yazıda cənab və hörmətli akademiki təhqir edəcək heç bir məqam yox idi. Amma bu halı belə normal qarşıladıq, hətta sevindik. Ona görə ki, Ramiz Mehdiyev bizi – məni mülki qaydada məhkəməyə vermişdi. Elə düşünürdük ki, cənab R.Mehdiyev xüsusi ittiham qaydasında məhkəməyə verməməklə bizə – mənə və “Xural”a yaxşılıq edib. Sən demə, akademik müstəqil və azad mətbuata qorxunc və dəhşətli bir plan hazırlıqlarına start veribmiş.
“Dinləmə qurğusu”nu aşkarladıqdan, ictimaiyyəti məlumatlandırandan sonra da DİN orqanları məsələ ilə maraqlanmadılar. Birbaşa cənab Ramil Usubovu məlumatlandırmağıma baxmayaraq, reaksiya verilmədi. İş o yerə qaldı ki, “dinləmə qurğusu”nu keçirdiyim mətbuat konfransından sonra birbaşa DİN-in binasına özüm aparmalı oldum. Qurğunu DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidova təqdim etdim və bu günə qədər heç bir cavab almadım. DİN araşdırmadı, amma mən araşdırdım və məlum oldu ki, “dinləmə qurğusu”nu mənim otağıma yerləşdirən qurum DİN-in 7-ci məxfi şöbəsi imiş. Bu haqda mənə hazırda Milli Məclisdə təmsil olunan hörmətli deputatlardan biri də məlumat vermişdi.
Zamanın axarı sübut elədi ki, mənim otağıma quraşdırılan “dinləmə qurğusu” birbaşa Ramiz Mehdiyevin tapşırığı ilə və DİN – Ramil Usubovun göstərişi ilə olub. Artıq R.Mehdiyev bizim həyatımızı zəhərə çevirəndən sonra isə mən məlumat əldə etdim ki, “dinləmə qurğusu”nun arxasında daha məkrli planlar olub.
YAP-ın qurucularından Sirus Təbrizlinin “Xural”da xüsusi müsahibəsi hazırlanırdı. 16 səhifəlik bu xüsusi buraxılış şok informasiyalar və şok açıqlamalarla dolu idi. Müsahibə hazır olandan sonra onu Sirus Təbrizliyə verdim və diqqətlə oxuyub bir daha düşünməsini istədim. Sirus Təbrizli oxudu, düşündü və mənimlə razılaşdı. Təxminən başqa bir müsahibə dərc olundu. R.Mehdiyev və onun bütün işlər üzrə köməkçisi Əli Həsənov məndən S.Təbrizlinin müsahibəsinin əslini istədilər. Bunun üçün adamlarını göndərdilər, minnətçi saldılar. Mənim “ağıllı oğlan” olduğumu və “onların komandası”nda çalışa biləcəyimi dedilər. Onlara çox sərt cavab verdim. “Mən Azərbaycana hansı xəyanəti etmişəm ki, Ramiz Ənvər oğlu məni öz komandasında görür” deyə. Beləcə, məndən istədikləri bu dəfə də alınmadı. Bir müddət sonra səhih öyrəndim ki, “dinləmə qurğusu”nu ifşa etməklə R.Mehdiyevi xeyli əsəbiləşdirmişəm. Sən demə, mənim otağımı dinləməklə PA və DİN idbar bir plan hazırlayırmışlar və bu şou ilə onlar ciddi ajiotaja nail olmağı planlaşdırıblar. Sən demə, içərisində Sirus Təbrizlinin, Nemət Pənahlının, Rahim Qazıyevin və digərlərinin yer aldığı qurama bir “çevriliş şousu” hazırlanırmış. Beləliklə, R.Mehdiyev bir qurğu ilə bir neçə düşmənini sıradan çıxaracaq, məni də onların gözünə qatacaq, “Xural”ı da bu şouya qurban verəcəkdi. Beləcə, mən daha bir iblisanə əməli ifşa etdim və ölkəni bir neçə dəyərli insanın həbsindən xilas etdim. Amma rejim Neməti yalnız 8-9 ay sonra şərləyib tuta bildi. Rahim Qazıyev və Sirus Təbrizli isə bu şərdən qurtula bildilər.
Daha bir məqam ondan ibarət idi ki, bizim “dinləmə qurğusu”nu təqdim etdiyimiz və inandığımız DİN, sən demə, bizi dinləyən və bizə torba tikən qurumun ta… kəndisi imiş. Bu PA-nı çox əsəbləşdirdi. O qədər ki, indiyə qədər mənə və “Xural”a dözüm nümayiş etdirən PA və onun şöbə müdiri bütün dözüm limitini bitirdi. R.Mehdiyev son 20 ildə ilk dəfə olaraq bir həftəlik qəzetin baş redaktorunu və qəzeti məhkəməyə verdi və bu onu göstərdi ki, azad söz və əslində azad medianın əsl ünvanı haradır.
XuralTAC



