
Əliyevlərin «qara eşşəkləri»
Əcnəbilər 3-4 min avro əməkhaqqı aldığı halda azərbaycanlı fəhlələr 300-400 manat alır; əcnəbilərin yeməkxanası restorana bənzədiyi halda bizim fəhlələr it günündə nahar edir, iş paltarı verilmir və… Yol çəkilişi ilə məşğul olan İtaliyanın «Todini» şirkətinin bu sahəyə cavabdeh şəxsi Kapoçi Baxatelli azərbaycanlı fəhlələri «qara eşşək» sayır.
Şirkət rəhbəri etirazçıları qəbul eləyəndə bu mübahisəyə yek kəlməylə yekun vurub: «Azərbaycan qanunları fəhlələrin maaşını qaldırmağa imkan vermir».
Baxatelli adlı bizim fəhlələri «qara eşşək» adlandıran italyan eşşəyi doğru deyir, haqlıdır, ədalətlidir! Çünki hələ «Əsrin müqaviləsi» adı ilə Azərbaycan xalqına sırınan neft sazişləri zamanı bu məsələ gündəmə gəlmişdi. Xarici şirkətlər ilk vaxtlarda azərbaycanlı fəhlələrə də əcnəbilər qədər əməkhaqqı vermək istəyirdilər və ilkin ödəmələr də həyata keçirilmişdi. Nəticəsi nə oldu?
Heydər Əliyevin birbaşa tapşırığı ilə neft kontraktlarına azərbaycanlı fəhlələrə 300 dollardan artıq əməkhaqqı verməməklə bağlı maddə əlavə edildi. Heydər Əliyev Azərbaycana qənimmi kəsilmişdi? Niyə bu maddə neft müqavilələrinə əlavə edilməliydi?
O vaxt bunu belə əsaslandırırdılar ki, ölkədə çalışan işçilərin əməkhaqqıları arasında bu boyda fərq ola bilməz və bu, ciddi fəsadları yol açar. İlk baxışda məntiqli izah kimi görünürdü. Doğrudan da əgər həmin dövrdə dövlət qulluqçusunun maaşı 50 dolları aşmırdısa, neftçıxarmada işləyən fəhlənin 3-4 min dollar əməkhaqqı alması ciddi sosial disbalans yaradardı.
Amma indi bəlli olur ki, bu məhdudiyyət heç də Əliyevlər hakimiyyətinin çox sevdiyi «balans» siyasətinin nəticəsi deyil. Çünki ölkəmizə yeni gələn şirkətlərlə də eyni müqavilələr imzalanır. Belə olmasaydı, əmək müfəttişliyi Baxatellinin böyük tikəsini qulağı boyda edərdi, indiyə qədər «Todini» şirkətinin tarixi ərzində qazandıqlarını əlindən dartıb alar, özünü isə Kürdəxanıya basardı.
Baxatellinin yeganə günahı odur ki, «qara eşşək» olduğumuzu açıq şəkildə üzümüzə deyir. Ancaq bizi «eşşək» eləyən italyanlar deyil, Əliyevlər hakimiyyətidir: həm də ağ eşşək yox, məhz qarasından!
Ağ eşşəklərə İlham Əliyev iqtidarının qoyduğu hörməti çox yaxşı bilirik. Bunlar xaricdən cütdırnaqlı, ağ, mamlımata eşşəyə 42 min dollar pul verib Azərbaycana gətirməklə bu sevgilərini bizlərə göstərmişdilər. YAP iqtidarının yanında ağ eşşək qədər dəyərimizin olmadığını Baxatelli çox gözəl bilir. Ona görə bizə «qara eşşək» deyir.
İlham Əliyev bizləri «qara eşşək» saymasaydı, 1 milyona başa gələn yolu 20 milyona qeydiyyatdan keçirməzdi; suyuna həsrət qaldığımız Oğuz-Qəbələ-Bakı su kəmərini 1 milyarda çəkməzdi; Heydər Əliyev Muzeyinin təkcə təməlinə 200 milyon xərcləməzdi; «Qış bulvarı» adıyla camaatın evini başına uçurmazdı; neft pullarını göyə sovurmazdı; Konstitusiyada nəzərdə tutulan hüquqlarından istifadə edən ictimai fəalları türməyə doldurmazdı; millətin ruhunu sındırmazdı; xalqın sərvətini 3-5 adamın cibinə axıtmaxdı, Dubayda villa almazdı, ölkənin iş adamlarını qovub, onların sərvətini mənimsəməzdi…
«Qara eşşək» olmasaydıq, baş verən bu boyda haqsızlıqlara, ədalətsizliklərə, boynumuza minən və bizi hər gün kötəkləyən bir ovuc insana, qul kimi işləməyə, sərvətimizin talanmasına, mal-mülkümüzün əlimizdən alınmasına, döyülüb-söyülməyimizə, haqsız yerə türmələrə soxulmağımıza dözməzdik; «Qara eşşək» olmasaydıq, Allahın evinə qədər uzanan bu qədər ah-fəğan qarşısında İlham Əliyev nədir, onun nökərinin nökərinin nökərini görəndə, bir MİS müdiri ilə rastlaşanda prezidentə sədaqət nümayiş etdirmək üçün min hoqqadan çıxıb, yalaqlıq, yaltaqlıq etməzdik.
Qalxaq, Baxatellinin əsaslandığı və maaşımızı artırmağa imkan verməyən o qanunu qəbul edən yaramazları məcbur edək, haqqımızı qoruyaq və «qara eşşək» olmadığınızı hamıya göstərək, nə deyirsiz?
Çıxdıq, sözümüzü dedik, vəssalam? Niyə «qara eşşəklər»dən səs-soraq yoxdur? Hanı mübarizələrinin nəticəsi?
Bir-iki gündən sonra müşahidə edəcəksiniz ki, o insanlar eyni şərtlər daxilində yenə də işləməyə davam edirlər. Çünki biz buyuq!
Baxatellini niyə qınamalıyıq?
“Xural” qəzeti,
il 9, sayı: 063 (473), 18 oktyabr 2011




men 3 ildir ki, bu wirketde iwleyirem.bunu oxuyanlara bildirmek isteyirem ki,evvela bizim wirketde Baxatelli adli insan caliwmir.Sohbet Alessandro Bracalettiden gedirse onun haqda yazilanlar bohtandir,o yolun tikintisinde caliwan fehlelerin reisi deyil, yalnizca administratordur nece ola biler ki onunla elaqesi olmayan, tanimadigi insanlari “qara ewwek adlandira“ biler? onun leksikonunda bele seviyyesiz sozler yoxdur.Fehlenin emek haqqinin azligina geldikde ise bunun onunla hec bir elaqesi yoxdur.
A.Brakaletti iscilerimizi ogru adlanir- amma en boyuk ogru ise-ozudur.Yaninda olan azerb. iscilerin eliynen oz cibini doldurur… Butun bizim gadinlara yalniz “troya” (faise, col gadini, pozgun)sozuile muraciyyet edir – o sozu ile yaninda isleyen gizlar gunde yuz defe esidiller – neise onu burda yada salan yoxdur. Cox maraglidir? Yazanda, duzunu yazin…
Cox maraglidir ki, niye Brakalettinin isiynen Migrasiya Deportamenti mesqul olmur, yoxlanmir ve niya o insan deportasiya olunmur? İtaliyada bir azerbaycanli oz iscilere essek dese, onu her yerde biyabir eliyib, bir gunin icinde olkeden gondereceydiler. Onun leksikonuna da galanda, bunnanda pis sozleri var – troya kimi, culo kimi və diger… Administrator isə inzibatci demekdir ve butun iscileri o ise gotrur ve onlarnan kobut davranir, onlari ikinci nov insanlara kimi sarkazmla yanawir.