FƏRƏMƏZ NOVRUZOĞLU YAZIR: “SƏSSİZ UÇURUM!”

Demoqrafik uçurumun tam mərkəzindəyik!

SƏSSİZ UÇURUM:
Azərbaycan demoqrafiyasının neft bumundan sonrakı böhranı
Azərbaycan cəmiyyəti uzun illərdir ki, rəsmi medianın iddia etdiyi arxayınlıq ritorikasının – “əhalimiz artır, demoqrafik balansımız qorunur” tezisinin təsiri altında idi. Lakin əvvəlki yazılarımızda da mərhələli şəkildə toxunduğumuz kimi, parıldayan fasadların arxasındakı real mənzərə tamamilə fərqlidir. Bu təhlilimiz, ölkənin üz-üzə qaldığı tarixi demoqrafik təhlükənin masştabını Dövlət Statistika Komitəsinin rəsmi hesabatları və konkret rəqəmlər fonunda çılpaqlığı ilə ortaya qoyur. İndi qarşımızda duran rəqəmlər sadəcə quru statistika deyil; onlar sülh və neft bumu dövründə formalaşan daxili sosial-iqtisadi sıxıntıların doğurduğu milli fəlakətin anonsudur.
Tarixi minimum:
Müharibə və repressiya illərindən daha ağır vəziyyət
Bu gün ölkədə uşaq doğumu ilə bağlı səsləndirilən “son 80 ilin ən aşağı göstəricisi” iddiası təəssüf ki, acı bir həqiqətdir. Rəsmi statistikaya görə, 2025-ci ildə Azərbaycanda cəmi 95 875 körpə dünyaya gəlib. Bu say, ölkədə İkinci Dünya Müharibəsinin kəskin fəsadlarının yaşandığı 1947-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir. Halbuki 1947-ci ildə yüz minlərlə soydaşımızın müharibədə həyatını itirməsi səbəbindən doğumun minimuma enməsi labüd və xarici amillərə bağlı idi. Hazırda isə heç bir qlobal müharibə və ya kütləvi repressiya yoxdur.
Daha dəhşətli mənzərə doğum əmsalında özünü göstərir. Əhalinin hər 1000 nəfərinə düşən doğum nisbəti 9,4-ə enib ki, bu da rəsmi qeydiyyatın aparıldığı kolxozlaşma və böyük terror dövründən – 1935-ci ildən bəri ən aşağı həddir. Hazırda ölkə əhalisi 10 milyondan çox olsa da, uşaq doğumu əhalinin sayının cəmi 5 milyon olduğu 1970-ci illərdəki səviyyədən belə xeyli azdır.
Son illərin dinamikası azalmanın həndəsi silsilə ilə getdiyini sübut edir:
– 2022-ci il: 122 846 uşaq;
– 2023-cü il: 112 620 uşaq;
– 2024-cü il: 102 310 uşaq;
– 2025-ci il: 95 875 uşaq.
Təbii artımın çökməsi və daralan “demoqrafik qayçı”
Əhalinin ümumi sayının hələ də mexaniki olaraq artması bizi aldatmamalıdır. Bu artım doğumun çoxluğuna görə yox, tibbin inkişafı sayəsində yaşlı nəslin daha uzun yaşaması hesabınadır. Real təbii artım tempində isə uçurum böyüyür.
Son iki ilin müqayisəli təhlili təhlükənin sürətini açıq göstərir: 2024-cü ildə doğulanların sayı 102 310 nəfər, ölənlərin sayı 58 909 nəfər olmuşdusa, 2025-ci ildə doğulanlar 95 875 nəfərə geriləyib, ölənlər isə 59 834 nəfərə yüksəlib. Nəticədə, cəmi bir ildə təbii artım 43 401 nəfərdən 36 041 nəfərə düşüb. Hər 1000 nəfərə düşən ölüm əmsalı 5,7-dən 5,8-ə yüksəldiyi halda, müstəqilliyin ilk ili olan 1991-ci ildə hər 1000 nəfərə 20,4 nəfər olan təbii artım səviyyəsi bu gün rəsmən 3,6 nəfərə geriləyib. 1991-ci ildə qeydə alınan 190 353 doğum göstəricisindən sonra bugünkü vəziyyət sözün bütün mənalarında demoqrafik intihardır!
Ailə institutunun iflası:
iki nikahdan biri boşanır
Doğumun azalmasının ən birbaşa səbəblərindən biri ailə institutunun sarsılmasıdır. Ölkədə nikahların sayı sürətlə azalarkən, boşanmalar rekord həddə çatır:
– 2022-ci il: 61 939 nikah / 15 983 boşanma;
– 2023-cü il: 54 200 nikah / 21 688 boşanma (rekord səviyyə);
– 2024-cü il: 49 508 nikah / 21 384 boşanma;
– 2025-ci il: 48 546 nikah / 20 675 boşanma.
2025-ci ildə doğulan uşaqların 53,1 faizini oğlanlar, 46,9 faizini qızlar təşkil edib, 3 170 əkiz və 117 üçəm doğulub. Lakin bu bioloji göstəricilər ümumi çökməni dayandıra bilmir. Üstəlik, cari 2026-cı ilin ilk 4 ayında (Yanvar–Aprel) cəmi 11 422 nikah və 6 443 boşanma qeydə alınıb. Bu da o deməkdir ki, ölkədə hər iki nikahdan biri boşanma ilə nəticələnir. Nikah əmsalı hər 1000 nəfərə 4,4-dən 3,4-ə düşüb, boşanma əmsalı isə 1,9 təşkil edir. Ən acınacaqlısı odur ki, boşanmaların böyük payı 10–19 il davam edən evliliklərin payına düşür; təkcə ötən il 20 ildən artıq evli olan 2 681 cütlük boşanıb.
Neft ölkəsinin eybecər urbanizasiya tələsi
Bəs necə oldu ki, milyardlarla dollar neft gəliri olan bir ölkə bu biabırçılığa düçar oldu? Cavab bəsitdir: Sərvətin insan kapitalına çatmaması və regionların iqtisadi cəhətdən iflic edilməsi.
Bölgələrdə işsizliyin tüğyan etməsi evlənmək və ailə qurmaq yaşında olan aktiv, məhsuldar gənc nəsli kütləvi şəkildə Bakı və Abşerona köçməyə məcbur edir. Bu xaotik urbanizasiya gəncləri böyük bir sosial tələyə salır. Rayonunda ev-eşik sahibi olan gənc, paytaxtda gəlirinin yarısından çoxunu (500-600 manat) kirayəyə və ya astronomik ipoteka kreditlərinə verir. Mənzil bazarının bahalığı səbəbindən gənclər kiçikölçülü (1 və ya 2 otaqlı) mənzillərə sıxışırlar ki, bu da çoxuşaqlı ailə modelini fiziki olaraq qeyri-mümkün edir.
Bunun üzərinə inflyasiya, uşaq bezlərinin, qidalarının fantastik qiyməti, dövlət bağçalarının yetərsizliyi səbəbindən özəl bağça asılılığı və ibtidai sinifdən başlayan repetitor xərcləri əlavə olunur. Ölkədə davamlı və təminatlı “uşaqpulu” sisteminin olmaması valideynləri “3 uşağa keyfiyyətsiz baxmaqdansa, 1 uşağı çətinliklə də olsa təmin edim” məntiqinə məcbur edir. Hazırda reproduktiv yaşda olan nəslin özü də 90-cı illərin onsuz da azdoğumlu dövrünün övladlarıdır (məsələn, 1999-cu ildə doğum 117 539-a düşmüşdü).
Nəticə və təhlükənin masştabı
Keçmiş fəlakətlərdə insanları xarici güclər və fiziki şərait məhdudlaşdırırdısa, bu gün Azərbaycan gəncliyi sülh dövründə “bu iqtisadi və sosial mühitdə uşaq böyüdə bilmərəm” qənaətinə gələrək könüllü şəkildə övlad sahibi olmaqdan imtina edir.
Televiziyalarda hansı pafoslu cümlələr qurulursa qurulsun, rəsmi rəqəmlərin pıçıldadığı həqiqət budur: Azərbaycan çox yaxın gələcəkdə işçi qüvvəsi çatışmazlığı, orduda əsgər sayı problemi, sosial sığorta sisteminin iflası və qocalmış əhali yükü ilə nəticələnəcək demoqrafik uçurumun tam mərkəzindədir!
Səssizcə yaxınlaşan bu fəlakəti simvolik müavinətlərlə deyil, yalnız köklü iqtisadi-sosial islahatlarla və regionların reanimasiyası ilə dayandırmaq mümkündür.
Xural.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button