
“Xural”ın əmlakı hərraca çıxarılır
Ramiz Mehdiyevin adı “tələbkarlar” siyahısından çıxarılıb
“Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC Nərimanov rayon İcra Şöbəsinin 17/69 N-li 21.02.2012-ci il tarixli sifariş məktubuna əsasən, “Xural” qəzetinə məxsus texniki avadanlıqlar hərraca çıxarılır. Əmlakın ilkin satış qiyməti 1430 manat dəyərləndirilib.
Hərrac ədalətsiz məhkəmələr tərəfindən heç bir araşdırma aparmadan çıxarılmış qərarların nəticəsində həyata keçirilir. Bunu tələb edənlər isə Azərbaycanda müstəqil mətbuatın olduğunu iddia edən KİV DF-nin prezidenti Vüqar Səfərli, “Azərbaycan” nəşriyyatının prezidenti Ağabəy Əsgərov, həmçinin milli dəyərlərimizə xor baxan “müğənnicik” Nüşabə Ələsgərlidir.
Xatırladaq ki, “Xural” qəzetinə məxsus texniki avadanlıqlar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xural”a qarşı qaldırdığı iddia əsasında ədalərsiz və qorxaq məhkəmələr tərəfindən 10 dəqiqə müddətində çıxarılmış hökmün icraata yönləndirilməsi nəticəsində müsadirə olunmuşdu. Lakin “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən göndərilən bildirişdə nədənsə Ramiz Mehdiyevin adı çıxarılıb. Halbuki, “Xural”a qarşı sələb yürüşü məhz Ramiz Mehdiyevin açıq-aşkar azad mətbuata qarşı etdiyi hücumlardan sonra başlamışdı. O baxımdan R.Mehdiyevin adının iddialılar siyahısından, həm də istintaq materiallarından çıxarılması Azərbaycanın hüquq sistemində anoloqsuz hadisə kimi dəyərləndirilməlidir. Əldə etdiyimiz məlumatlara görə Ramiz Mehdiyev adının beynəlxalq təşkilatların siyahıya salınmasından və bu siyahılarda hallandırılmasından narahat olub. Ona görə də adı ilə bir yerdə “Xural”a qarşı qaldırdığı 10 min manatlıq iddiasını da “yoxa çıxarıb”. Bununla belə tam sərəncamında olan KİV DF-nin prezidenti Vüqar Səfərlini və “Azərbaycan” nəşriyyatının prezidenti Ağabəy Əsgərovu irəli verərək, çıxış yolunu bu məsələdən uzaqlaşmaqda görüb. Halbuki “Xural”a qarşı apardığı 1.6-lıq mübarizədə oynadığı rol ona pərdəarxasında saxlanmağa imkan vermir.
Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bu məsələnin prinsipial olduğunu dostların diqqətinə çatdırır və artıq istifadə müddəti başa çatmaqda olan bütün texniki avadanlıqların dostlar tərəfindən alınmasını tövsiyyə edir.
Hərrac 17 aprel 2012-ci il tarixində saat 11-də Bakı şəhər M.Müşfiq küçəsi 2 A ünvanında keçiriləcək.
Əlavə məlumatı “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” nin (012) 565 99 63 saylı telefonu vasitəsilə öyrənmək mümkündür.
“Xural” redaksiyasına müraciət etmək üçün (055) 785 31 13 və (070) 954 43 20 saylı mob. telefonlarla əlaqə saxlamaq olar.
XuralTAC




