Vətəndaş cəmiyyəti hakimiyyəti qanunvericiliyə mürtəce düzəlişləri qəbul etməməyə çağırır

11.06.2012

Azərbaycanın vətəndaş cəmiyyəti elə etməlidir ki, informasiya azadlığını məhdudlaşdıran düzəlişlərin qəbuluna yol verilməsin. Bazar ertəsi Media Hüququ İnstitutunun (MHİ) təşkil etdiyi debatların leytmotivi belə olub. Debatlar “İnformasiya əldə olunması haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Kommersiya sirri haqqında” qanunlara düzəlişlər layihəsinə həsr olunub.

    Düzəlişlərin mahiyyəti vətəndaşların iqtisadi və maliyyə xarakterli informasiyalara, əsasən hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalında payı haqda məlumatlara çıxışının məhdudlaşdırılmasından ibarətdir. Düzəlişlərin iyunun 12-də parlamentin iclasında qəbul ediləcəyi gözlənilir.

    Demokratik dövlətlərdə informasiyaya məhdudiyyət yalnız dövlət təhlükəsizliyi, ərazi bütövlüyü, cinayətkarlıqla mübarizə, vətəndaşların hüquqlarının və digər azadlıqların müdafiəsi maraqlarından həyata keçirilir. Bunu MHİ-nin direktoru Rəşid Hacılı müzakirələri açarkən deyib.

    Lakin praktik olaraq dünyanın heç bir ölkəsində, hətta offşor zonalarda şirkətin sahibləri, onların nizamnamə kapitalındakı payı və digər reyestr məlumatlarının əldə olunmasına qadağa yoxdur. Bu, mütəşəkkil cinayətkarlıqla mübarizə, şəffaflığın təminatı, həmçinin təsərrüfat subyektləri arasında inam məqsədilə lazımdır.

    Təklif edilən düzəlişlər Konstitusiya və Azərbaycanın beynəlxalq öhdəlikləri tərəfindən zəmanət verilmiş açıq cəmiyyət prinsipinə ziddir. Bundan əlavə, bu məhdudiyyətlər Avropa İnsan Haqları Konvensiyası çərçivəsindən kənara çıxır.

    “Respublika alternativi” (REAL) vətəndaş hərəkatının sədri İlqar Məmmədov diqqəti məsələnin siyasi kontekstinə yönəldib. O əsasən qeyd edib ki, düzəlişlər bir sıra jurnalist araşdırmalarından sonra hazırlanıb.

    İ.Məmmədov bildirib ki, iyunun 12-də REAL parlamentin qarşısında piket keçirəcək.

    “İqtisadiyyata yardım” QHT-nin rəhbəri Zöhrab İsmayıl  düzəlişlərin qəbulunun mümkün nəticələrini qeyd edib. “Məsələn, əvvəllər dövlət satınalmaları üzrə tenderlərin qalibləri elan olunanda müsabiqədə qalib gələn şirkətin təsisçiləri barədə Vergilər Nazirliyindən məlumat almaq olurdu. İndi isə Vergilər Nazirliyi yeni qanunvericiliyə əsaslanaraq bundan imtina edəcək. Vətəndaş cəmiyyəti mübarizəni davam etdirməlidir, hətta parlament düzəlişləri qəbul etsə də, prezident vetosu mexanizmi də var.

    REAL-ın İdarə Heyətinin üzvü Natiq Cəfərli diqqəti ona yönəldib ki, yeniliklər nəinki jurnalistlərin işini çətinləşdirəcək, həm də sahibkarlığa və ümumilikdə ölkə iqtisadiyyatına zərbə olacaq. Xarici şirkətlər reyestr məlumatlarında şəffaflıq olmadığına görə yerli tərəfdaşlarla iş görmək istəməyəcəklər.

    Media eksperti Ələsgər Məmmədli təklif edilən düzəlişlərin Konstitusiyaya zidd olduğunu qeyd edib. Belə ki, hüquq və azadlıqlar Konstitusiyada yazıldığından  çox məhdudlaşdırıla bilməz.

    Araşdırmaçı jurnalist Xədicə İsmayılova bildirib ki, düzəlişlər “2012-ci il sindromu” ilə bağlıdır. Onun sözlərinə görə, 2-12-ci ildən sonra neft hasilatı və müvafiq olaraq ölkənin gəliri azalmaya başlayacaq və hakim elita yəqin ki, mütəşəkkil cinayətkarlıq metoduna əl atacaq.

    Dünya praktikasından məlumdur ki, cinayətkar gəlirlərin mənbələri silah, insan alveri olur. Reyestr  məlumatları haqqında informasiyanın açıqlanmasına qadağa qoyulması bu cür cinayətkar fəaliyyət üçün əlverişli zəmin yaradır.

    O, diqqəti ona yönəldib ki, bütün sivil dünyada şəffaflıq prosesi gedir. Türkiyədə qəbul edilən    qanun şirkətin  öz təsisçiləri haqda məlumatları İnternetə qoymamasını cinayətkarlıq hesab edir. Odur ki, düzəlişlərin qəbulu Azərbaycanda kriminal dövlətin qurulmasına gətirib  çıxara bilər.

    İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev hakimiyyətin informasiyaya  çıxışının məhdudlaşdırması ilə bağlı  ümumi tendensiyanı qeyd edib. Belə ki, yerli icra hakimiyyətləri haqqında əsasnamədə rayon administrasiyalarının rəhbərləri cəmiyyətə informasiyanın təqdim edilməsini məhdudlaşdıra bilər. Bu zaman rayon rəhbərlərinin prezident qarşısında şəxsi məsuliyyəti göstərilir. Ekspert bunu nonsens adlandırıb, çünki istənilən məmur qanun qarşısında məsuliyyətli olmalıdır.

    RATİ-nin direktoru Emin Hüseynli təəssüflə qeyd edib ki, beynəlxalq maliyyə təşkilatlarının yerli ofisləri hazırlanan düzəlişlərdən xəbərdar ola-ola bunu yerli ictimaiyyətdən gizlədiblər və düzəlişlər barədə çox gec məlum olub.

    Görüşün yekunlarına əsasən 10 QHT düzəlişləri pisləyən və onları parlamentin müzakirəsindən çıxarılmasının vacibliyini nəzərdə tutan bəyanat qəbul edib. Sənəd müəllifləri qeyd edirlər ki, hətta düzəlişlər qəbul olunsa belə, onları ləğv etmək lazım gələcək, çünki dünyada mənfi rezonans doğuracaq.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button