Siyasi məqsədəuyğunluq barədə

11.06.2012

Taleyranın belə bir fikri var: əgər adamlar bilsələr ki, onları kimlər idarə edir, dəhşətə gələrlər. Mən bunu Hillari Klintonun səfərindən, dövlət katibinin sözlərini və hərəkətlərini, Bakıdakı görüşlərini və danışıqlarını təhlil etdikdən sonra xatırladım. İlk dəfə xanım Klintonu bir il əvvəl Bakıdan yola düşməzdən əvvəl mətbuat konfransında yaxından gördüm və eşitdim.

Görünür, o, səfərin yekunlarından çox razı idi və o qədər rahat idi ki, hakimiyyətə tərif deməyə başladı və “son illər Azərbaycanın demokratiya sahəsində mühüm nailiyyətlər əldə etdiyini” söylədi.  Bu, böyük pafosla və o qədər emosionallıqla deyilmişdi ki, jurnalistlər və hər iki tərəfin rəsmi nümayəndələri hətta özlərini bir qədər itirdilər.  Amerikalı bir jurnalistin “Klinton hakimiyyətlə demokratiya və insan hüquqları problemlərini müzakirə etdi?” sualı dövlət katibini özünə gəlməyə məcbur etdi. Baxmayaraq ki, hakimiyyətin vəziyyəti yaxşılaşdırmaq üçün çox iş gördüyünü və ABŞ-ın mövcud problemlərdən yaxşı xəbərdar olduğunu təkrarladı.  O zaman bu sətirlərin müəllifinin dövlət katibinə verdiyi sual xanım Klintonu çaşdırmışdı: Azərbaycanda demokratiya sahəsində mühüm nailiyyətlərdən necə danışmaq olar ki, Dövlət Departamenti illik hesabatlarında bu sahədə vəziyyətin pisləşdiyini bildirir? Biz kimə inanaq və sizi necə başa düşək?

Bundan sonra xanım Klinton dedi ki, problemlər var, onları həll etmək lazımdır, etinasız qalmaq olmaz və Vaşinqton  onları nizamlamaq üçün fəal iş görür. O, xeyli danışdı, sanki özünə bəraət qazandırmağa çalışırdı. Yanımda dayanan ABŞ səfirliyinin nümayəndəsi razılıqla mənə baxıb gülümsəyirdi.  Onun başqa bir həmkarı bir neçə gündən sonra hansısa tədbirdə mənə yaxınlaşdı, mən dövlət katibinin çıxışının aşağı səviyyədə hazırlanmasından təəccübümü bildirəndə o, mənim əlimi sıxdı.“Onları həddindən  artıq qiymətləndirməyin”, – diplomat qısaca olaraq vurğuladı. Bu mətbuat konfransından sonra Amerika KİV-i həmin tədbirdə verilən sualı uzun müddət müzakirə edərək Dövlət Departamentini Azərbaycanda demokratiya məsələsinə məhəl qoymamaqda ittiham etdi. Beləliklə, bir il ərzində nə dəyişdi? Ölkədə siyasi məhbusların və həbs olunmuş jurnalistlərin sayı iki dəfə artdı. Lakin brifinqdə Klinton bu barədə bir kəlmə belə dəyişmədi. O, hətta müxalifətlə görüşmədi, vətəndaş cəmiyyətinin bir qrup nümayəndəsi ilə söhbətlə kifayətləndi.  Həmçinin Bəxtiyar Hacıyevlə qısa görüş oldu ki, bunu da görünür, ölkə demokratlarına mesaj kimi qiymətləndirmək lazımdır.

    Mən Vaşinqtonu laqeydlikdə və sinizmdə ittiham etmək fikrindən uzağam.  İlk növbədə söhbət  bizim özümüzdən gedir: müəyyən vaxta qədər xaricin gücünü və təsirini qiymətləndirməyə dəyməz. Nə qədər ki, onların maraqları – bu, Əfqanıstana tranzit və neftdir – təmin olunub, çətin ki, Vaşinqton və ya Brüssel Bakı ilə münasibətləri pozsun. Daha doğrusu, onlar avtoritar rejimlə mübarizədən çox sabitliyə üstünlük verəcəklər. Biz bəzən prioritetlə maraqları qarışıq salırıq. Belə ki, avtoritar rejimlə əməkdaşlıq məcburi  tədbir ola bilər, lakin bu, onilliklərlə davam edə bilər. Eyni zamanda günlərin bir günündə bu əməkdaşlığa son qoyulacaq (Əli Həsənov əbəs yerə Qərbin Mübarəkə qarşı satqınlığından hiddətlənməyib).

    Odur ki, Vaşinqtonda, Brüsseldə və Strasburqda oturanlar təəccüblənir, sarsılır, hiddətlənir, ancaq hələlik bundan uzağa getmirlər. Daha nəyinsə olması üçün ərəb inqilabı və Suriya hadisələri kimi hadisələr baş verməlidir.  Mən ölkəmizdə bu cür ssenarinin olmasını qətiyyən istəmirəm. Ancaq Quba hadisələri göstərdi ki, sabitlik haqqında danışıqlar mifdir. Hakimiyyət Bakıda gənclərin mart-aprel mitinqlərindən qorxdu və adamları sakitləşdirmək iqtidarında deyildi.  İş inanılmaq həddə çatdı – hakimiyyət rüşvət almamaq barədə göstəriş verdi! Min manatlarla rüşvətin tələb olunduğu məsələləri, məmurların kabinetini bir-bir gəzərək hazırlamalı olduğun sənədləri dörd ay ərzində asanlıqla həll etmək və hazırlamaq mümkün oldu.

    Qubada da analoji vəziyyət baş verdi, hakimiyyət “qəflətən” şikayətləri eşitməyə, hansısa məsələləri həll etməyə başladı. Aran rayonlarında subasma zonasında və ölkənin qərbində zəlzələ zonasında da eyni proseslər baş verir. Hakimiyyət qamçı və kökə siyasəti ilə hərəkət edir: küçələrə çıxan adamları ələ almağa, razı salmağa, inandırmağa çalışırlar, kənarda isə həmin etirazların fəallarını izləyir, həbsə alırlar.

    Filarmoniya ilə üzbəüz böyük ağ evdə oturanlardan kimsə ya sadəlövhlüyündən, ya da səfehliyindən belə düşünür ki, həmişə bu cür  hərəkət etmək olar. Bəlkə də onların artıq vecinə deyil, çamadanlar və pullar, Avropada və okeanın o tayında ehtiyat aerodromlar çoxdan hazırdır.

Xanım Klinton bunların hamısını çox yaxşı bilir, əgər lazım gələrsə, bir ildən, hətta iki ildən sonra eyni şeyləri deyəcək, ancaq o, bu gün Suriya haqqında dediklərini də söyləyə biləcək- Əsəd rejimi getməlidir! Hakimiyyətin ayılması, nəyisə dəyişməkdən ötrü hansısa hərəkətə başlaması üçün nə edə bilərik?  Bu suala cavab vermək həm çətindir, həm də asan.  Əgər desək ki, vətəndaş cəmiyyəti fəal olmalı, adamlar tələb etməli, küçələrə çıxmalıdır, onlar çıxmayacaqlar! Bunun baş verməsi üçün adamlara heç nə demək lazım deyil. Onlar bunu istəməlidirlər, bu isə müəyyən siyasi şüur səviyyəsi olmadan mümkün deyil. Adamlar küçələrə o zaman çıxır və ya sosial partlayış o zaman baş verir ki, adamların boğazına çökürlər və ya kənardan müdaxilə olur. Həm bu, həm də o biri halda nəticələr dəhşətlidir – cəmiyyətin  lümpenləşməsi və dövlətçiliyin dağılması. İnqilab irəliləyişə yox, tənəzzülə aparır. Toplanmış sosial gərginliyi teleekranlarda şou-biznes ilə aradan qaldırmaq mümkün deyil. Lakin insan psixikasında digər sağalmaz bəla var: nədənsə avtoritar rejim əmindir ki, İran şahı, Pinoçet, Səddam, Qəddafi, Ben Əli, Mübarək və digərlərinin taleyi onlardan yan keçəcək.

Onların nədən belə düşündüklərini psixiatrlar minimum  2 min ildir ki, müəyyən edə bilmirlər. Xanım Klintonun və onun həmkarlarının bu suala öz cavabları var: siyasi nəzakət bizə əşyaları öz adları ilə çağırmağa imkan vermir, odur ki gözləyin. Onlar bu sözləri bütün dünyada deyirlər, yalnız analoqu olmayan ölkədə yox.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button