
Vəkillə həbsdə olan jurnalist Əvəz Zeynallı ilə görüşə icazə verilmir
Vəkil Elçin Sadıqova müdafiə etdiyi “Xural” qəzetinin redaktoru Əvəz Zeynallı ilə görüşə icazə verilməyib. Bu haqda Turan-a vəkil özü bildirib.
Onu mayın 2-də istintaq təcridxanasında saxlanılan müttəhimlə görüşməyə qoymayıblar. “Bu, tamamilə qanunsuz addımdır, vəkilin və müttəhimin hüquqlarını pozmaqdır” – E.Sadıqov bu addıma qiymət verib. O, buna görə Bakı istintaq təcridxanasının rəhbəri Elxan Sadıqovu ittiham edib.
O, bu addımı həm də məhkəməyə qədər müdafiə tərəfin müdafiə işini qurmasını bilərəkdən pozmaq, vəkillik statusuna müdaxilə etmək kimi dəyərləndirib.
Mayın 2-də Ə.Zeynallı ilə görüşə gedərkən orderini də aparmasına baxmayaraq, istintaq təcridxanasının rəhbərliyi vəkilə görüş verməkdən imtina edib.
E.Sadıqov son vaxtlar istintaq təcridxanalarına vəkillərin müdafiə etdiyi şəxslə görüşə bilmələri üçün müəyyən instansiyalardan icazə almaq kimi qanunsuz tapşırığın verildiyini bildirib. İstintaq təcridxanalarının isə bu qanunsuz göstərişi yerinə yetirdiklərini açıqlayıb. “Vəkil müdafiə etdiyi şəxslə görüşə bilmək üçün prokurordan, ya müstəntiqdən, ya hakimdən icazə almalı deyil, bu vəkilin hüququdur, buna qarşı çıxmaq qanunsuzluqdur” – E.Sadıqov buna etiraz edib.
“Xural” qəzetinin redaktoru Ə. Zeynallı 2011-ci il oktyabrın 28-də həbsə alınıb. Ona qarşı deputat Gülər Əhmədovanın ifadəsi əsasında zorla rüşvət tələb etmə ittihamı elan edilib. Daha sonra vergidən yayınma, məhkəmə qərarını yerinə yetirməkdən yayınma kimi ittihamlar qaldırılıb.
CONTACT




