Azərbaycan ikinci “mətbuat yırtıcısını” qazandı

03.05.2012

2012-ci ildə dünyada hər beş gündə bir jurnalist qətlə yetirilir. Bu müddətdə dünyada altı yeni “mətbuat yırtıcısı” meydana çıxıb. Bu barədə “Sərhədsiz Reportyorlar”ın 3 may Ümumdünya Mətbuat Günü ilə əlaqədar qəbul edilmiş bəyanatında deyilir.

2012-ci ilin əvvəllərindən 21 jurnalist və altı bloger öldürülüb, onların əksəriyyəti Somali və Suriya kimi döyüş əməliyyatları zonasında həlak olub.

Elə bu gün “Sərhədsiz Reportyorlar” “mətbuat yırtıcıları” siyahısını yeniləyib. Siyahıda artıq 41 nəfərin – söz və informasiya azadlığını boğan avtoritar rejimlərin və silahlı birləşmələrin liderlərinin adları yer alıb. 2006-cı ildən “yırtıcılar” sırasında olan Azərbaycan prezidenti veteranlar arasındadır.

6 yeni “yırtıcı” – Boko Haram, Nigeriyanın İslamçı terrorist qrupu; Misir Silahlı Qüvvələrinin Ali Şurası, Somali hökuməti;, Vasif Talıbov – Azərbaycanın Naxçıvan Muxtar Respublikasının rəhbəri; Pakistanın kəşfiyyat agentliyi, Şimali Koreyanın yeni lideri və Kim Çen Indır.

İndi dünyanın altı ölkəsinin – Somali, Pakistan, Azərbaycan, İran, Rusiya və Fələstinin hər birində iki mətbuat yırtıcısı var.

Digər “yırtıcılar” arasında Yaxın və Orta Şərqin əksər avtoritar və repressiv ölkələrinin liderləri, Latın Amerikası və Cənub-Şərqi Asiyanın terrorçu qrupları var.

Liviya, Tunis və Misirdə avtoritar rejimlərin devrilməsi ilə əlaqədar bu ölkələrin liderləri “yırtıcılar” siyahısından çıxarılıb, bu ölkələrdə KİV azadlığı sahəsində vəziyyət isə xeyli yaxşılaşıb. Tunisdə “Sərhədsiz Reportyorların” ofisi açılıb, bir ofis də Liviyada açılacaq.

Jurnalistlərin həyat və təhlükəsizliyinə olan hədələrin artması ilə əlaqədar “Sərhədsiz Reportyorlar” hökumətləri jurnalistlərin müdafiəsi üzrə beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırır.

Təşkilat həmçinin jurnalistlərin humanitar təşkilatların əməkdaşları kimi xüsusi kateqoriya vətəndaşlar olaraq müdafiəsinin təmin edilməsi üçün Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsinə yenidən baxmağa çağırır.

“Sərhədsiz Reportyorlar” israrla hökumətləri jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi üzrə YUNESKO-nun martda hazırladığı fəaliyyət planını qəbul etməyə çağırır.

Hesabatda Azərbaycan nümayəndələri ilə bağlı deyilir ki, İlham Əliyev hakimiyyəti 1969-cu ildən fasilələrlə hakimiyyətdə olan atasından irsən alıb.

2008-ci ildə o, “yenidən prezident seçilib”, 2009-cu ildə isə təkrar seçilməsi üçün məhdudiyyətləri aradan qaldırıb.

“Əvvəlcə qayğılı kimi görünən Əliyev özünü rəqiblərini məhv edən atasının layiqli varisi kimi sübut etdi. Prezidentin, həyat yoldaşının və digər ailə üzvlərinin icazəsiz işıqlandırılması KİV üçün qadağandır. Bu qadağanı pozanları hədələr və oğurlanmalar gözləyir.

Jurnalist Xədicə İsmayılovanın, “Azadlıq” qəzetinin əməkdaşlarının təqib olunması, Bəxtiyar Hacıyev kimi blogerlərə qarşı repressiyalar və onların həbsi bugünki Azərbaycanın gerçəkləridir.

Bakıda “Eurovision” kimi müsabiqə keçirməklə hakimiyyət ölkənin imicini yaxşılaşdırmağa çalışır, lakin beynəlxalq cəmiyyətin diqqətini Azərbaycana çəkməklə, rejim vətəndaş cəmiyyətinə səsini eşitdirmək üçün gözlənilməz imkanlar yaradır.

Azərbaycanın ikinci “qəhrəmanı” Vasif Talıbov Azərbaycanın qalan ərazilərindən Ermənistan vasitəsilə ayrılan təcrid olunmuş Naxçıvan vilayətində hökmranlıq edir. Naxçıvanı “Azərbaycanın Şimali Koreyası” adlandırırlar.

Talıbov 1995-ci ildən etibarən hər beş il üçün Naxçıvan parlamentinin sədri “seçilib”. O, nazirləri təyin edir, parlamentin yalnız qeydiyyata aldığı qanunları təsdiq edir, ədliyyə sisteminə və təhlükəsizlik xidmətlərinə nəzarət edir.

Talıbov regionun bütün biznesini inhisarlaşdırıb. Bu azmış kimi, o, vətəndaşların balkonlarda paltar qurutmasını, axşam saat 11-dən sonra toy etməsini qadağan edir.

O, nazirləri küçələri süpürməyə məcbur edir və şəxsi həyətlərdə bütün təndirləri yığışdırmağı əmr edib ki, insanlar çörəyi Talıbovun ailəsinin nəzarətində olan çörəkxanalardan alsınlar.

2005-ci ildə insanların toplaşaraq öz fikirlərini paylaşa bildikləri bir çox çayxanalar bağlanıb.

Talıbov müxalif fikirlərin bildirilməsi üçün bütün imkanları aradan qaldırıb.

İki yerli telestansiya (biri dövlətə, digəri onun qardaşına məxsusdur), iki radiostansiya və bir çox yerli qəzetlər hakimiyyətin nailiyyətlərinə tərif yağıdırır. Yerli müstəqil KİV-lər ləğv olunub, Bakıda dərc olunan müxalifət qəzetləri isə Naxçıvana gedib çatmır. İnternet güclü nəzarət altındadır və tez-tez bağlanır, 2011-ci ilin yayında nümayişlər zamanı olduğu kimi.

Bir neçə müstəqil jurnalist bütün maneələrə baxmayaraq işləməyə çalışır, lakin fiziki təzyiqlərə və hədələrə məruz qalır. Jurnalistlər İlqar Nəsibov və onun həyat yoldaşı Məlahət Nəsibova və Həkimeldostu Mehdiyev belə jurnalistlərdəndir.

Prezident Əliyev 2010-cu ildə Naxçıvanı sonradan ölkənin qalan hissələrində istifadə olunan repressiv metodlar üçün laboratoriyaya çevirdiyi üçün Talıbovu “Şöhrət” ordeni ilə təltif edib.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button