
Vergilər Departamenti həbsdə olan baş redaktora “xəbərdarlıq” etdi (?!)
11.04.2012
Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı Şəhəri Vergilər Departamenti tərəfindən Bakı İstintaq Təcridxanasında həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynllıya “Xəbərdarlıq” məktubu göndərilib. Bakı şəhər Vergilər Departamentinin rəis müavini, kiçik vergi xidməti müşaviri Rəşad Babayev tərəfindən ünvanlanmış məktubda bildirilir ki, AR Vergi Məcəlləsinin 65.1-ci maddəsinin tələbləri pozularaq həmin məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair göndərilmiş bildirişə məhəl qoyulmayaraq tərəfinizdən vergi borclarının ödənilməsi təmin edilməmişdir.
Bildirirk ki, AR VM-nin 78-ci maddəsinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsi, ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Bu günədək ödənilməmiş “vergi borcu” faizlə bir yerdə 7265 manat təşkil edir. Yaranmış borcu təcili olaraq dövlət büdcəsinə ödənilməsi Sizdən tələb olunur. Borc ödənilmədiyi halda. AR-nın qanunvericiliyinə əsasən həmin borcun məcburi qaydada alınması haqqında məhkəmədə iddia qaldırılacaqdır.”
Məlumat üçün bildirək ki,“Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə ittiham irəli sürülüb. Vəkil Elçin Sadıqov bildirib ki, bir müddət əvvəl Azərbaycan Respublikası Vergilər Nazirliyi və Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin qəzetə qarşı 22 fevral 2012-ci il tarixli səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsinə dair Bakı 1 saylı İnzibati İqtisadi Məhkəməsində iddia qaldırıb. İddia üzrə hakim Elçin Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesi 17 aprel saat 17:00-a təyin edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi və Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallıya qarşı 22 fevral 2012-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə 7251,20 (yeddi min iki yüz əlli bir manat iyirmi qəpik) yoxlama zamanı guya azaldılmış vergi məbləği yazılmış, 3625, 60 (üç min altı yüz iyirmi beş manat 60 qəpik) maliyyə sanksiyası tətbiq etmişdir.
Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub. Mətbəələr də qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb. Qəzetin baş redaktoru Əvəz Zeynallı isə Milli Məclisin deputatı Gülər Əhmədovanın iddiası ilə oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Prosessual Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb və Nəsimi rayon Məhkəməsinin qərarı ilə haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, yanvarın 17-də isə bu müddət daha 3 ay uzadılıb.
XuralTAC




