“Xural”ı 10 qat artıq cərimələndirən hakimə daha bir məhkəmə “iş”i həvalə olundu

11.04.2012

Əvəz Zeynallının Nərimanov rayon məhkəməsi tərəfindən KİV DF-nin sədri Vüqar Səfərlinin  xeyrinə kəsilmiş 500 manatlıq cərimə haqda etdiyi apellyasiya şikayətini 100 faiz artıraraq 5 min manata çatdıran Bakı Apelyasiya məhkəməsinin hakimi Məmmədov Məmməd Allahverdi oğlu  “Xural”ın daha bir “iş”inə baxacaq.  

Nərimanov rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva bu ilin yanvar ayında“Baltika-Bakı” MMC-nın baş direktoru Adam Tlexurayın 150 min manatlıq əsassız iddiasını, qarşı tərəfin iştirakı olmadan qismən təmin edərək, ”Xural”qəzeti və onun təcridxanada olan baş redaktoru Əvəz Zeynallını daha 50 min manat cərimələndirmişdi. Bu qəraradan edilən apellyasiya şikayətinə baxılması, bundan əvvəl də Ə.Zeynallının əleyhinə siyasi sifarişlə hökm oxuyan hakim Məmməd Məmmədova tapşırılıb.

Artıq məhkəmə başlamamışdan da Məmməd Məmmədovun hansı qərarı çıxaracağı “Xural” a məlumdur. 

Zəruri qeyd: Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun hakimin məhkəmə baxışında iştirakının məhdudlaşdırılması ilə bağlı 16-cı maddəsinə əsasən, birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində işə baxılmasında iştirak etmiş hakimin həmin işə təkrar məhkəmə baxışında iştirakı yolverilməzdir. Həmçinin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda hakimlərin qərəzsizliyinə şübhə doğuran hallar yarandıqda hakim həmin işə baxılmasından çəkinməli, yaxud kənarlaşdırılmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 19.1.3. maddəsinə əsasən, Sevinc Quliyevanın əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində yeni açılmış hallar üzrə işə baxması yolverilməzdir. MPM-nin 19.2.3. maddəsində göstərilir ki, hakim şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa onun işə baxmasına qanunla yol verilmir. Hakim Sevinc Quliyevanın “Xural”a qarşı ötənlərdə çıxardığı qərarlara nəzər yetirmək kifayətdir ki, onun obyektivliyinə və qərəzsizliyinə şübhə yaransın. Hər bir halda hakim Sevinc Quliyeva qanunlara əhəmiyyət vermədiyi üçün məsuliyyətdən boyun qaçıra bilməyəcək.

Xatırladaq ki, 2011-ci ilin avqust ayında “Xural” qəzeti “Xırdalan pivə” kimi tanınan “Baltika-Bakı” MMC-nın həddindən artıq keyfiyyətsiz  pivə  istehsal etməsindən, MMC-nin rəhbəri Adam Tlexurayın 20 Yanvar şəhidlərinə qarşı işçilərin gözü qarşısında etdiyi hörmətsizliklər haqqında yazmışdı. Həmin məqlələrdə qeyd olunurdu ki, zavoda böyük həcmdə “vozvrat pivə” daxil olub və bu pivələrin istehsal prosesi texniki qaydalara riayət olunmadan həyata keçirilib.  Bu haqda məlumatı XuralTAC-a verən mənbənin sözlərinə görə, ana ofisi Sankt-Peterburqda yerləşən şirkət bu məqsədlə Bakıya yoxlama göndərib. Yoxlama zamanı  məlum olub ki, zavod keyfiyyətsiz pivə istehsal etməklə şirkətin adına xələl gətirib. “Bu günə qədər 15 KamAZ dolusu pivə geri qayıdıb. Əsasən, 2.5 litrlik “Əfsanə” pivələrini qaytaran KamAZ-larda onlarla ton keyfiyyətsiz pivələr daşınır” deqən mənbə onu da bildirib ki,  “Davamlı olaraq keyfiyyətsiz pivələr üstümüzə qayıdır. Nə ucu var, nə bucağı. Həmişə zavod rəhbərliyi asan yolunu tapmışdı. Gələn pivələri pivəbişirmə sexlərinə töküb, yenidən bazara qaytarırdı. İndi buna imkan yoxdur. Ramazan günləri münasibətilə pivə bazarında ciddi sıxıntı var. Satışda ciddi azalma olduğu üçün qayıdan pivələri pivəbişirmə çənlərinə tökə bilmirlər. Bütün pivə çənləri doludur. KamAZ dolusu qayıdan xarab pivələri boşaltmağa yer yoxdur.” Mənbə keyfiyyətsiz pivələri tanımağın elə də çətin olmadığını söyləmişdi – Pivənin rəngi ağarır və şüşələrin dibində ciddi çöküntü meydana gəlir.

“Xural” məsələyə münasibət öyrənmək üçün “Baltika-Bakı” MMC-nin maliyyə idarəsinin rəisi Mikayıl Cəfərovla əlaqə saxlamış, o da həqiqətən 15 KamAZ pivə zavodun həyətinə daxil olduğunu və  Sankt-Peterburqdan gələn komissiyanın “Baltika Bakı” MMC-də yoxlama apardığını təsdiqləmişdi.

Bundan sonra dəfələrlə A.Tlexuray “Xural”ın rəhbərliyi ilə əlaqə saxlayaraq MMC haqqında qəzetin səhifələrində heç bir məlumatın getməməsinə çalışmış, lakin redaksiyadan, “millətimizi zəhərləməyə heç kimin haqqı yoxdur, Gedin keyfiyyətli məhsul istehsal edin, biz də yazmayaq” cavabını alandan sonra, əlləri hər yerdən üzülərək gözləmə mövqeyi tutmuşdular. “Xural” qəzetinin əmlakı müsadirə olunandan sonra Tlexurayın dəstəsi məsələni yenidən qaldırmış, məhkəmədə “Xural”a qarşı 150 min manatlıq iddia qaldıraraq, qisas almağa çalışmışdılar. Lakin baş redaktor Əvəz Zeynallının həbsindən və “Xural”ın fəaliyyəti dayandırıldıqdan sonra məsələ bir qədər səngimişdi. Əvəz Zeynallının istintaq müddəti daha 2 ay 25 gün artırılandan sonra köhnə məhkəmə işləri yada düşür və Sevinc Quliyeva dərc olunmayan qəzetin yenidən cəzalandırılması üçün daha bir siyasi sifarişi həyata keçirir.

Məlumat üçün bildirək ki,  “Baltika-Bakı” MMC – Xırdalan” pivəsi Eurovision-2012″ Mahnı müsabiqəsinin sponsorlarından biridir. Bakı İstintaq Təcridxanasında saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Avropa Yayım Birliyinə muraciət edərək,  Azərbaycanda müstəqil mətbuatın və azad sözün boğulması üçün hakimiyyətin “siyasi sifariş”lərini yerinə yetirən  “Baltika-Bakı” MMC-nin dünyada barış və insan haqlarının müdafiəsində mühüm rol oynayacaq “Eurovision-2012” yarışmasına sponsorluğundan imtina etməyə çağırıb. 

XuralTAC


 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button