
“Rokirovka” əməliyyatı
Nəhayət ki, rusların “rokirovka” əməliyyatı baş tutdu. Şənbə günü „Edinaya Rossia“ partiyasının (bizim YAP-ın rus analoqu) qurultayında Rusiya „prezidenti“ Medvedev gələcək seçkilərdə (mart, 2012) partiyanın yeganə namizədi kimi baş nazir V.Putinin namizədliyini təklif etdi. Beləliklə, 3,5 ildən artıq bir zaman ərzində baş verən „Tandem“ intriqası bayağıcasına başa çatdı. Əslində isə çoxdan məlum idi ki, heç bir „Tandem“-filan yoxdur, reallıqda ağa və nökər var, sonluq da məhz bu cür olmalıdır.
Bəndəniz hələ 2 ay əvvəlki blog yazısında belə olacağını qeyd etmişdi: “Artıq prezidentliyinin 4-cü ilinə adlamış bu qeyri-ciddi adamın (Medvedev nəzərdə tutulur) nəinki hər hansı bir siyasi iradəyə malik olması, hətta siyasətdə obyekt deyil, subyekt olması belə çox böyük şübhə doğurur. İldırım sürətli zamanımızda kifayət qədər böyük vaxt olan dörd il ərzində bu “unter-prezident” (V.Novodvorskaya) absurd modernizasiya arzusunu, Gürcüstanın separatçılarını Venesuella, Nikaraqua, Nauru və Vanatu(!) ilə birgə tanımağı, bir də sanki özünü doğrultmaq üçün “Azadlıq, qeyri-azadlıqdan yaxşıdır”(?!) kimi cəfəng lozunqları dilinə gətirməkdən başqa heç bir şeyi aktivinə yaza bilmədi. Gün kimi aydındır ki, prezident kürsüsünə illüzor legitimlik naminə əyləşdirilmiş bu (qeyri)-“Yusif Sərrac” Putinin sadəcə kölgəsi olaraq qaldı və siyasi fiqur kimi heç bir əhəmiyyət kəsb etmir.”
Burada kiçik bir əlavə etmək lazımdır ki, Medvedevin aktivində yeganə ciddi məsələ Rusiya prezidentliyinin müddətinin 4 ildən 6 ilədək uzadılmasıdır. Konstitusiyanı bu məqsədlə dəyişən Medvedev o zaman açıq-aşkarcasına „mən bunu özüm üçün etmirəm“ – kimi açıqlama da vermişdi.
Bu kontekstdən 2008-ci ildən bəri məhz Medvedevin patronajı altında Qarabağ probleminin çözülməsi üçün 3 ölkənin prezidentlərinin görüşlərini də xatırlasaq, bu danışıqların sadəcə oyun olduğu gün kimi aydın olar. Zatən rus hakimiyyətinin istənilən arzularına çox həssas yanaşan Azərbaycan iqtidarının guya ki, sərgilədiyi „çoxvektorlu siyasət“ doktrinasının ilğım olduğu Wikileaks açıqlamalırından sonra kimsə üçün bir sirr deyildir. Bütün bunlar isə Rusiyanın Qarabağ problemində vasitəçiliyinin, ümumiyyətlə bu danışıqların nə qədər illüzor və imitasiya xarakteri daşıdığını göstərir.
Demək, 2012-ci ildə Rusiyada yenidən köhnə prezident peyda olacaq və çox güman ki, elə 2024-cü ilə kimi də taxtda oturacaq. Bunun qarşılığında həmən köhnə prezident, həmçinin Rusiyanın “Milli Lider”i (heç nəyi xatırlatmır ki, sizə?) Medvedevə baş nazir olmağı təklif edib. Demək, şahmatda isminə „rokirovka“ deyildiyi kimi, fiqurlar sadəcə yerlərini dəyişir. 4 il əvvəl, 2007-ci ildə də dəqiq belə olmuş, o zaman da „Edinaya Rossia“ partiyasının qurultayında prezidentliyə namizədliyi irəli sürülən Medvedev elə oradaca Putini baş nazir qismində elan etmişdi. Bu qədər sadə və bu qədər bayağı, cənablar.
Maraqlıdır ki, bütün bu biabırçılıq (daha necə adlandıraq bu hadisəni?) Rusiyada parlament seçkilərinə 3 ay qalmış baş verdi, nədənsə „Milli lider“ daha gözləməyi lazım bilmədi. Görünür, rus cəmiyyətində siyasi temperaturun son zamanlar qalxıb-enməsi onu narahat edibmiş və „barin“ (ağa) gəlişində özünü çox gözlətməməliydi.
Bütün bunların özünü regionun ağası kimi mövqeləndirən nəhəng qonşu dövlətdə baş verməsi Azərbaycanın siyasi həyatı üçün kifayət qədər mənfi örnəklər verir. Rusiyadakı ictimai fikrə əsla məhəl qoyulmadan bu cür həyasızcasına keçirilmiş bu „rokirovka“ əməliyyatı Azərbaycanın onsuz da qeyri-legitim olan mövcud iqtidarını bir çox neqativ məsələlərə ruhlandıra bilər.
“Xural” qəzeti,
il 9, sayı: 043 (451), 26 sentyabr 2011




