Qeyri-Hökumət təşkilatları televiziyalardan xüsusi verilişlər gözləyirlər

3431.07.2013

İyulun 31-də AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında televiziyaların və son maliyyə müsabiqəsində ikinci mərhələyə adlamış yerli QHT-lərin iştirakı ilə layihələrin səmərəli icrasına dair müzakirələr aparılıb.

Şuranın katibliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, qurumun sədri, Milli Məclisin deputatı Azay Quliyev tədbirdə çıxış edərək, qurum tərəfindən vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı müntəzəm iş aparıldığını və bunu QHT-lərin fəaliyyətindən cəmiyyətin daha geniş şəkildə faydalanmasının təmin edilməsinə yönəldiyini diqqətə çatdırıb. A.Quliyev bəyənilmiş layihə ideyalarının icrasının səmərəli təşkili, onun miqyasının genişləndirilməsi, ictimai məlumatlandırmanın daha böyük auditoriyanı əhatə etməsi üçün televiziya verilişlərinin hazırlanmasının birgə müzakirəyə ehtiyacı olduğunu söyləyib.

Şura sədri xüsusən yeni qanunların təbliği və sosial çarxların yayımlanması baxımından televerilişlərin mühüm əhəmiyyət kəsb etdiyini deyib. Televiziyalar ilə QHT-lərin əməkdaşlığının hər iki tərəf üçün səmərəli olduğunu vurğulayan şura sədri bunun müasir modelini tapmağa çalışdıqlarını qeyd edib. A.Quliyev şuranın QHT-lər ilə televiziyalar arasında körpü rolu oynadığını və işçi qaydada müzakirələrin davam etdiriləcəyini bildirmişdir.
QHT təmsilçisi Osman Gündüz, Milli Məclisin deputatı Çingiz Qənizadə və digərləri çıxış edərək şuranın təşkil etdiyi bu müzakirənin mühüm əhəmiyyət daşıdığını və televiziyaların imkanından istifadə olunmasının layihələrin səmərəliliyini artıracağını vurğulayıb.

Tədbirdə iştirak edən telekanalların təmsilçiləri vətəndaş cəmiyyətinin təşəbbüslərini həmişə dəstəkləməyə və əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button