İsrail Qəzzada əməliyyatı genişləndirir

Noyabrın 20-də İsrail qoşunları Qəzza zolağında əməliyyatı genişləndiriblər. Qətər isə bildirib ki, HƏMAS radikal silahlılarının saxladığı 240 girovun bəzilərini azadlığa buraxmaq üçün razılaşmaya yaxınlaşırlar.

HƏMAS-ı ABŞ və Avropa İttifaqı (Aİ) terrorçu təşkilat sayır.

İsrail Qəzzadakı ən böyük qaçqın düşərgəsi olan Cəbaliyə və yaxınlıqdakı sahil düşərgəsinin sakinlərinə evakuasiya xəbərdarlığı edib. Ordunun bazar günü – noyabrın 19-da yaydığı məlumata görə, Qəzza zolağındankı başqa ərazilərdə əməliyyatları genişləndirirlər.

“France-Presse”in Qəzzadakı müxbiri xəbər verir ki, intensiv bombalamadan sonra Cəbaliyədən tüstü qalxdığını görüb.

HƏMAS-ın səhiyyə rəsmisi noyabrın 18-də Cəbaliyəyə qoşa zərbələrdə azı 80 nəfərin öldürüldüyünü bildirib. Zərbələr köçkünlərin sığındığı BMT məktəbini də hədəfə alıb.

İsrail ordusu Cəbaliyənin HƏMAS infrastrukturuna zərbələrdə əsas ərazilərdən olduğunu deyir. Ancaq ordu Cəbaliyə rayonunda insidentin araşdırıldığını bildirib, zərbələrdən söz açılmayıb.

HƏMAS oktyabrın 7-də İsrailin cənubuna girərək əksəriyyəti dinc sakinlər olmaqla min 200 nəfəri öldürüb.

İsrail bundan sonra Qəzzanı bombalamağa başlayıb. Hava bombardmanı və quru əməliyyatları nəticəsində 13 min nəfərin öldürüldüyü, onların içində minlərlə uşağın olduğu xəbər verilir.

Altı həftəlik müharibə dövründə İsrailə itkilərə görə beynəlxalq təzyiq artır. Ancaq İsrail rəsmiləri xəbərdarlıq ediblər ki, HƏMAS-ın kökünü kəsməyi hədəfləyən müharibədə “legitimlik pəncərəsi” qapanır.

Çinin xarici işlər naziri Van İ noyabrın 20-də Qəzzadakı humanitar fəlakəti dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.

İsrail isə noyabrın 19-da açıqladığı dəlildə HƏMAS radikal silahlılarının Qəzzadakı ən böyük “əl-Şifa” xəstəxanasından xarici girovları gizlətmək, yeraltı tunelləri ört-basdır etmək üçün yararlandığını bildirib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button