
İmperializmin şah damarı Qafqazda kəsiləcək!
Rusiya və İran suverenliyin və demokratiyanın düşmənidir...
Rusiya və İran suverenliyin və demokratiyanın düşmənidir və ya İmperializmin şah damarı Qafqazda kəsiləcək!

Qafqaz qədimdən bəri sivilizasiyaların qovuşuq nöqtəsi, xalqların qarşıdurma və əməkdaşlıq meydanı olmuşdur. Tarix şahiddir ki, bu torpaqlar yalnız imperiyaların işğal məkanı deyil, həm də onların zəiflədiyi və çökdüyü mühüm strateji mərkəzdir. Bu gün də XXI əsrin böyük mübarizəsi burada cərəyan edir, bir tərəfdə milli suverenlik və demokratiya arzusu, digər tərəfdə isə Rusiya və İran kimi avtoritar-imperial qüvvələrin təzyiqi savaş içərisindədir.
Qafqaz xalqlarının qarşısında tarixi bir seçim dayanır, nəhayət, imperiya buxovlarını tam dağıdaraq milli dövlətçilik və demokratik gələcək yolunu seçmək!
Qafqazda azadlıqla imperiyalar arasında çarpışma tarixi…
XIX əsrdən başlayaraq Qafqaz xalqları milli müstəqillik uğrunda ayağa qalxmış, lakin bu mübarizə daim Rusiya imperiyası və İran monarxiyasının zor gücü ilə boğulmuşdur. Çar Rusiyası Qafqazı hərbi cəbhə, İran isə dini və mədəni təsir mühiti kimi görmüşdür.
Sovetlər dövründə isə, Qafqaz xalqlarının suverenlik arzusu qəti şəkildə boğulmuş, milli kimliklər assimilyasiya siyasətinə məruz qalmışdır. Lakin hər bir əsrdə bu torpaqlar üsyan və müqavimət ocağına çevrilmişdir. Tarix sübut edir ki, Qafqaz heç vaxt imperiyaların əbədi mülkü olmamışdır.
Yeni qiyafədə köhnə imperializm
Bu gün Kreml və Tehran fərqli libaslarda eyni siyasəti davam etdirir.
Rusiya bölgədə təsirini qorumaq üçün “sülhməramlı”, “təhlükəsizlik” və “müttəfiqlik” pərdəsi altında hərbi və siyasi müdaxilələr həyata keçirir. Süni şəkildə Rusiya və İran tərəfindən yaradılmış Qarabağ problemi Azərbaycanın və müttəfiqlərinin ağıllı siyasəti ilə həll olunduqdan, separatizmin kökü tam kəsildikdən sonra Kremlin hədəfi Azərbaycan, Ermənistan və Gürcüstanı öz orbitində saxlamaqdır.
İran isə, dini-ideoloji təsir mexanizmləri ilə Azərbaycanın milli birliyini zəiflətməyə, Qafqaz dövlətləri arasında etimadsızlıq mühiti yaratmağa, türk dünyasının inteqrasiyasına mane olmağa çalışır.
Hər iki dövlətin ortaq cəhəti var, demokratiyanı boğmaq və suveren dövlətləri öz təsir dairəsində saxlamaq.
Qafqaz – imperializmin şah damarı
Qafqaz sadəcə coğrafi məkan deyil, qlobal güclərin şah damarıdır.
Enerji resurslarının dünyaya daşınması, Avrasiya dəhlizlərinin kəsişməsi, Türk dünyasının və Avropanın strateji bağlantısı – hamısı bu torpaqlardan keçir.
Odur ki, burada baş verən dəyişikliklər təkcə Azərbaycan və digər Qafqaz dövlətlərinin deyil, həm də bütün Avrasiya məkanının taleyini həll edir. Qafqaz xalqlarının suverenlik uğrunda mübarizəsi əslində qlobal imperializmin şah damarına vurulan zərbədir.
Suverenlik və demokratiyanın uğrunda mübarizənin tarixi missiyası
Suverenlik sadəcə dövlət sərhədləri ilə ölçülən hüquq deyil – bir xalqın varlığının və gələcəyinin təminatıdır.
Demokratiya isə yalnız idarəetmə forması deyil – imperiyalara qarşı ən güclü silahdır.
Qafqaz xalqları bu gün artıq tarixin seyrçisi deyil, yeni dövrün qurucusudur. Onların birliyi və türk dünyası ilə inteqrasiyası bölgəni əsarətdən çıxaracaq, azadlıq və tərəqqinin yolunu açacaqdır.
Yekun
Tarixin özü bizdən soruşur, Qafqaz xalqları əsarətin köhnə kölgəsində qalacaq, yoxsa öz gələcəklərinin memarı olacaqlar?
Cavab birmənalıdır. Rusiya və İranın imperial siyasəti tarixi prosesi ləngidə bilər, amma dayandıra bilməz.
İmperializmin şah damarı Qafqazda kəsiləcək – bu, həm tarixi zərurət, həm də milli iradənin hökmüdür.
Çünki xalq iradəsi, milli ideallar uğrunda mübarizə, suverenlik və demokratiya məğlub edilməz ən güclü silahdır.

Zəlimxan Məmmədli
Böyük İdeallar Araşdırma Mərkəzi



