FUAD QƏHRƏMANLI İTİRİLMİŞ ARZULARDAN YAZIR

"Bu gün sevinənlərin sabahkı kədər hekayəsi..."

Bu gün sevinənlərin sabahkı kədər hekayəsi…
Biz də illər öncə bugünkü kimi sevinc duyğusu ilə ümid etmişdik, amma…
Bu gün sosial şəbəkələrdə insanların sevincini duymaq, onların ümidlərinə şahid olmaq, arzularının çırpıntısını hiss etmək necə də gözəldir. Bu gün övladları, yaxınları ali məktəblərə qəbul edilən insanların sevinc dolu statuslarına rast gəldikcə, həm onların bu duyğularını bölüşür, sevinclərinə şərik olur, həm də kaş ki, gün gəlsin ki, bu ölkədə insanlar sevinmək, arzulamaq , inanmaq üçün çoxlu səbəblər tapsınlar, ümidlər onlar üçün əlçatmaz olmasın arzusu keçir içimdən.
Biz nəsİl hələ ki, öz qabiliyyət və biliklərimizdən bu məmləkətə bir fayda verə, insanların xoşbəxtliyi, xalqın rifahı, ölkənin inkişafı ilə bağlı arzularımızı gerçəkləşdirə bilməmişik. Ancaq yenə də öz yolumuzdan vaz keçməmişik, bizi siyasətə, mübarizəyə gətirən o arzuları tərk etməmişik, ümidlərimizdən üz döndərməmişik, yolun əvvəlində necə inanmışdıqsa, eləcə də öz inamımıza sarılaraq bu ölkəyə azadlıq və xoşbəxtlik gətirmək üçün mücadiləmizə davam etməkdəyik…
Ancaq təəssüf ki, ölkənin yüksəlişi , xalqın güzəranı ilə bağlı heç bir arzusu, niyyəti olmayan, vəzifəyə, səlahiyyətə yaltaqlanmaq, saxtakarlıq yolu ilə gələn, korrupsiya bıçağını millətin boğazına hər gün daha amansız şəkildə çəkən, nə savadı, nə qabiliyyəti ilə heç bir ictimai fayda yarada bilməyən, öz qəddarlığı və xalqı aşağı görməsi ilə seçilən bir qrup bütün ölkə boyu mafiya qaydaları ilə təşkilatlanaraq, şəbəkələşərək dövləti girov kimi əllərində saxlayır, əllərində əsir tutduqları milləti 10 illərdir ki, sevinməyə, ümid etməyə həsrət qoyublar.
Və bu vəziyyətdə bu gün ali məktəblərə daxil olan o gənclərin valideynlərinin duyduqları sevinc hissinə açığını desəm həm də ürəyim yanır. Çünki bu sevincin sonunda ölkəyə yeni bacarıqlı kadrlar, yeni bir enerji, yeni biliklər, yeni düşüncə gəlməsi yolunda korrupsioner rejimin necə böyük sədlər ucaltdığı, insan ləyaqətini alçaldan əngəllər qurduğunu hər birimiz çox yaxşı bilirik… Belə bir ölkədə, belə bir cəmiyyətdə gənc olmaq isə vaxtından öncə yükləndiyi problemlərin, qayğıların ağırlığı altında gənclik enerjisini tükəndirmək, çox yüksək təhsil haqqı yükü altında çiyinləri saxlamaq, keyfiyyətli təhsil imkanlarından məhrum olmaq, sabaha inamını itirmək deməkdir.
Biliyin, bacarığın, ölkə sevməyin gərəksizləşdiyi, çağdaş bəşəri dəyərlərin ironiya ilə qarşılandığı, sırtıq yaltaqlığın, papaq gətir deyilən yerdə üstündə hələ bir başın da kəsilib gətrildiyi, başkəsənliyin elmin, maarifin, ədəbin, ictimai əxlaqın önünə keçdiyi, korrupsiya ilə nəfəs alan bir ölkədə, bu gün ali məktəblərə qəbul olan gənclərin sabahın işsizlər ordusuna qoşulacağını, baş götürüb məmləkətdən getməyin yollarını arayacaqlarını, ümidsiz vəziyyətdə evin bir küncünə atılmış diplomlarının varlığını unudacaqlarını, lazımsızlıq və gərəksizlik girdabında depressiyaya, ümidsizliyə qərq olacaqlarını düşünəndə, insan düşüncəsindəki bu zaman yolçuluğunda bütöv bir nəslin sevincinin kədərə necə dönməsinin ağırlığını hiss edir.
Ona görə də bu ölkə dəyişməsə, xalq olaraq toparlanıb bu gedişata “dur” deyə bilməsək, bütün sevinclər qursağımızda qalacaq, ümidlərimiz taleyin ironiyasına çevrilib bizi ələ salacaq, inamımız sönmüş çıraq kimi arada bir bu gün olduğu kimi közərib sonra da yenə qara kəskin qoxulu nöyüt tüstüsü ilə bütün ömrümüz boyu ovqatınızı təlx edəcək.
Daha işıqlı, daha ümidli, daha azad bir gələcəkdə yaşamaları arzusu ilə bu gün ali məktəblərə daxil olmuş gənclərinizi təbrik edirəm.
Fuad Qəhrəmanlı
AXCP sədrinin müavini

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button