Hulusi Akar şəhid tankçı zabit Valeh Məmiyevi yada saldı, göz yaşları axıtdı – VİDEO
Türkiyənin milli müdafiə naziri, 8 noyabr Zəfər Günü münasibətilə digər ordu komandanları ilə birlikdə Bakıya səfər edən Hulusi Akar Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan baş leytenantı Valeh Məmiyevlə bağlı xatirələrini bölüşüb. Nazir deyib ki, vaxtilə, müharibə ərəfəsində keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimləri zamanı mərhum V.Məmiyevlə həmsöhbət olub.
“O, mənə Azərbaycana məxsus torpaqları xilas edəcəyinə söz verdi”, – H.Akar vurğulayıb.

H.Akar bu zaman gövrəlib və göz yaşlarını saxlaya bilməyib: “Bu oğlumuzla təlim zamanı söhbət etdik. “Bu təlimlər, uğurlar əhəmiyyətlidir, ancaq əsil uğur işğal altındakı torpaqların azad edilməsidir” dedik. Bu övladımızın hərbi əməliyyatda yaralanması və hospitalda “verdiyim sözə əməl elədim” deyib şəhid olması mənalı, əhəmiyyətli və dəyərli xatirədir”.
Türkiyənin müdafiə naziri şəhid ailələrinə başsağlığı verib, qazilərə şəfa diləyib: “Şəhidlərimizin və qazilərimizin ailələrini heç bir halda əziyyət çəkməməsi üçün biz Türkiyə, sizlər burada Azərbaycan olaraq hər cür fədakalrıq göstərdik və bu istiqamətdə fəaliyyətimiz davam edir. Şəhidlər və qazilər başımızın tacıdır. Onların ailələrinin rahat və huzurlu olması bizim üçün çox əhəmiyyətlidir. Onlara hər hansı bir hörmətsizliyi qəbul etməyimiz mümkün deyil. Bunu əksinin edənlər mütləq millətimizin qəlbində mühakimə olunacaq”.

H.Akar çıxışının sonunda “Yaşasın Türkiyə, yaşasın Azərbaycan, yaşasın Azərbaycan və Türkiyənin əbədi qardaşlığı!” şüarını söyləyib.
Azərbaycan ordusunun tank bölüyünün komandiri, baş leytenant Valeh Məmiyev 1994-cü ildə Yardımlı rayonunun Kürəkçi kəndində anadan olub. 2015-ci ildə Azərbaycan Ali Hərbi Məktəbini bitirib, zabit rütbəsi alıb. 2018-ci ildə tank bölüyünün komandiri vəzifəsinə yüksəlib. 44 günlük müharibə zamanı Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə öz bölüyü ilə iştirak edib. Cəsus komandir kimi tanınıb, oktyabrın 19-da Qubadlı uğrunda döyüşlərdə ağır yaralanıb, həmin ayın 23-də aldığı yaralardan şəhid olub.
Müharibə ərəfəsində-2020-ci ilin avqustunda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri zamanı fərqlənən Valeh Məmiyevi Türkiyənin müdafiə naziri Hulusi Akar təltif etmişdi və onunla qısa söhbət etmişdi. Hulusi Akar sonradan şəhidin ailəsinə başsağlığı məktubu göndərib, onun valideyinlərinə zəng vurub, təsəlli edib.



