Gülər Əhmədovanın məhkəməyə gəlməsinə icazə verilmədi -VİDEO

14.11.2012 

Əvəz Zeynallı: “Hanı Gülər Əhmədova? Hanı? Etiraf edin ki, ağaları Gülər Əhmədovanın məhkəməyə gətirilməsini istəmədilər. Görünür “Əvəz Zeynallı kartını bu məhkəmədə açacağından ehtiyatlandılar. Bunu etiraf edin, heç gəlməsin. Nəyimizə lazımdır ki, bu adam? Onsuz da bütün dünya bilir ki, məni siyasi sifarişlə, üstümə şər-böhtan ataraq tutublar. Gülər Əhmədova bunların sifarişini həyata keçirib. Gəlsə nə olur, gəlməsə nə olur?”

Hazırda həbsdə saxlanılan “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə növbəti məhkəmə iclası keçirilib.

Əvəz Zeynallının ondan hədə-qorxu və şantaj yolu ilə rüşvət tələb etdiyini iddia edərək Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayətlə müraciət edən sabiq deputat Gülər Əhmədovanın dəfələrlə məhkəməyə gəlməsinə cəhd göstərən hakim heyəti bu dəfəki iclasda son sözlərini bildirdilər: “Gülər Əhmədova məhkəməyə gəlməyəcək. O həkim nəzarətindədir. Bir neçə dəfə onu insult vurub. Hazırda stress vəziyyətindədir. Ona görə də məhkəməyə gəlməyəcək. Siz ifadənizi verin!”

Əvəz Zeynallı məhkəməyə daxil olan telefonoqramm ilə şəxsən tanış olmaq istəsə də, hakim bundan imtina etdi: “Gülər Əhmədova hətta telefonu özü götürməyə qadir vəziyyətdə deyil”

Ə.Zeynallı:

– Hansı xəstəxanada yatır?

Hakim:

– ???

Ə.Zeynallı:

– Elşad Abdullayevin bacısı oğlu mətbuatda məlumat yaydı ki, G.Əhmədova bu yaxınlarda ABŞ-da olub. Bu qadın hamını dolayır. Avropanı, Amerikanı gəzib, dolanır, Bakıya çatanda həkim nəzarətində olur. Məhkəmədən yayınır, bunu başa düşmək çətindir, bəyəm?

Hakim:

– Bizə məlumat belə daxil olub ki, xəstə olduğu üçün məhkəməyə gələ bilmir.

Ə.Zeynallı:

– Mən təcridxanada olduğum bir il ərzində onlarla belə hadisənin şahidi olmuşam ki, insanları bura sağlamlıq durumuna heç bir əhəmiyyət vermədən, zor gücünə necə gətirirsiniz. Arzu Kazımovu xəstəxanada yatdığı zaman həbs eləyiblər. Binə bələdiyyəsinin sədri Babaxan müəllim İranda ürəyindən cərrahiyyə əməliyyatı keçirib, onu hava limanında həbs edib, bura gətirdilər. 2 gün də gözləmədilər ki, adam özünə gəlsin. Biz 2 aydır Güləri gözləyirik. Adam da israrla özünə gəlmir.  Axı belə olmaz. Mənim gözümün qabağında şəkər xəstəsini təcili yardımın nəzarəti altında bura gətirdirsiniz. Onlar insan deyil? Bəlkə bu xanımın cinayəti onlarınkından daha azdır?

Hakim: 

– Siz ifadənizi verin.

Ə.Zeynallı:

– Mən sualarıma cavab almamışam. Qanunla Gülər Əhmədovanın burada danışdıqları onun ifadəsi kimi qəbul oluna bilməz. Gülər Əhmədova bu məhkəməyə hətta həkim arayışı da təqdim edə bilmir, çünki heç bir həkim bu saxtakarlığa imza atmaq istəmir. Mətbuata açıqlama verdi ki, insult keçirib, mətbuat da araşdırdı, məlum oldu ki, heç bir insult-filan keçirməyib. Ya bunun ifadəsini ittiham aktından çıxardın, ya da gəlsin üzəduranlığını axıradək eləsin. İttiham tərəfi, niyə şahidlərinizi gətirmirsiniz?

Prokuror Ramazan Hadıyev:

– Hamısını da gətizdirmişik…

Ə.Zeynallı:

– Hanı Gülər Əhmədova? Hanı? Etiraf edin ki, ağaları Gülər Əhmədovanın məhkəməyə gətirilməsini istəmədilər. Görünür “Əvəz Zeynallı kartını bu məhkəmədə açacağından ehtiyatlandılar. Bunu etiraf edin, heç gəlməsin. Nəyimizə lazımdır ki, bu adam? Onsuz da bütün dünya bilir ki, məni siyasi sifarişlə, üstümə şər-böhtan ataraq tutublar. Gülər Əhmədova bunların sifarişini həyata keçirib. Gəlsə nə olur, gəlməsə nə olur?

Prokuror Ramazan Hadıyev:

– İfadəni qiymətləndirmək, məhkəmə heyətinin səlahiyyətindədir. Onlar ifadəni qiymətləndirəcəklər. Ona görə də keçən dəfəki təklifimin üzərində dayanıram. Siz ifadənizi verin.

Ə.Zeynallı:

– Araşdırsanız, bütün dünyanın məhkəmə praktikasında belə bir hadisə olmayıb. Əgər mənim burada bağırıb-çığırmağım xoşunuza gəlirsə, bunu da etiraf edin, qurtaraq. Yox, dediyiniz ki, ədalətli məhkəmə oyunu aparmaq istəyirsinizsə, heç olmasa qanunlara hörmətlə yanaşın. Belə cinayət işi olur? Şahidlərdən üçü məhkəmənin razılığı olmadan ölkədən qaçıblar. Necə üzəduran tapmısınız ki, bura gəlməyə belə təhamülləri yoxdur? Bu gün 6 aydır ki, 6 adamı bura gətirə bilmirsiniz, amma istintaq 17 nəfəri bir gündə dindirib. Necə?

Vəkil Elçin Sadıqov:

– Şahidlərin dindirilməsi APM-nin 95-ci maddəsinin 1-ci bəndində göstərilib. Orada açıq qeyd olunur ki, şahid təqsirləndirilən şəxsin suallarına cavab verməyibsə onun danışdıqları ifadə hesab oluna bilməz. Tərəflər yalnız suallara cavab verdikdən sonra, şahidin ifadəsi bitmiş hesab olunur. Ona görə də bizə belə bir imkan tanınmadığı üçün nə Gülər Əhmədovanın, nə Aydın Heydərovun, nə də digərlərinin verdiyi ifadə bitmiş hesab oluna bilməz. Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsində də göstərilir ki, cinayət törətməkdə təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş bütün şahidləri dindirmədən, onlar ifadə vermiş sayıla bilməzlər.

Ə.Zeynallı:

– Çox maraqlı şeydir. Adamın üzünə dur, tutdur, sonra da məhkəməyə gəlmə. Belə şey dünyanın  harasında görünüb?

Daha sonra hakim Ramella Allahverdiyeva müşavirə otağında müzakirə olunan qərarı açıqladı və bildirdi ki, Gülər Əhmədova və Aydın Heydərov xəstə olduqları üçün , hal-hazırda məhkəməyə gətirilmələri mümkün deyil: “Sübutların siyasıdan çıxarılması və yaxud onların məhkəmədə verdikləri ifadələrin qiymətləndirilməsi məhkəmənin verəcəyi yekun qərar qəbul edilərkən müşavirə otağında həll olunacaq. Və məhkəmə belə qərara gəlir ki, onların istintaq zamanı məhkəmə iclasında verdikləri ifadələr, məhkəmə heyətinin qərarına görə sübutlar siyahısından çıxarılsın, bu da yekun qərar qəbul edilərkən müşavirə otağında müzakirə olunacaq. İfadələrə qiymət verilək, ona görə də sizə ifadə verməyinizi təklif edirəm. Bu artıq sizin hüququnuzdur, verə də bilərsiniz, verməyə də bilərsiniz. Sən bütün proses boyu danışmısan”.

Ə.Zeynallı:

– Xeyr, elə deyil. Mən ümumiyyətlə gördüklərimin, başıma gətirilən oyunların dörddə biri qədər danışmamışam. Vəsatətlərimi verim, sonra bu məsələni bir də müzakirə edərik.

Sonra Əvəz Zeynallı vəsatətlərini verdi. O, məhkəmə tərkibinə və dövlət ittihamçısına etiraz etdi:

– Ramella Allahverdiyeva hakim davranışlarına riayət edə bilmir. Prosesi idarə etmək, şahidləri iclasa gətizdirmək, ədaləti bərpa etmək mümkün olmur. Prosesdə iştirak etməli olan şahidlər başqa-başqa ölkələrə qaçıblar. Prokuror hər iclasda təxribatla məşğul olur. Hakimlər isə siyasi mahiyyətli işi idarə edə bilmirlər, haradansa sifariş gözləyirlər. Nə prokuror, nə də hakimlər şahidləri dindirməkdə maraqlıdır, üzə duran şahidlərə havadarlıq edirlər. Bir hakimin ki, üstünə prokuror qışqırır, mən bu hakimdən ədalətin bərpasını gözləmirəm.

Daha sonra, həbs olunarkən əlindən alınan mobil telefonları ilə bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsinin verdiyi arayışa etiraz edən Əvəz Zeynallı bildirdi ki, “o həbs olunandan sonra da 2 ay müddətində onun telefonlarına gələn zəng və mesaj sahiblərindən bu idarə tərəfindən külli miqdarda rüşvət alınıb”. Dövlət ittihamçısının narazılıqlarına, Ə.Zeynallı, “bəlii, bəli RÜŞVƏT alıblar ki, adlarını şahid qismində hallandırmasınlar. İndi də deyirlər ki, telefonlarım onlarda deyil. Mənim telefonlarımı əlimdən alan Fuad Rəsulovun adını artıq bütün məmləkət əzbərləyib. Necə lur ki, siz onu tapıb, telefonlarımın yerini öyrənə bilmirsiniz? Çünki sərf eləmir. Mənim telefonlarımdan saxta mesajlar göndəriblər. Yaramaz Azercell də istintaqa mənim telefonlarımdan gedən bütün mesajlarımı quzu kimi istintaqa verib. Hələ də başa düşə bilmirəm. Azercell-in nə ixtiyarı var, kim ona bu səlahiyyəti verib ki, mənim istintaqa heç bir dəxli olmayan, ailə üzvlərimə göndərdiyim özəl və şəxsi mesajları istintaqa verib. Bunun haqq-hesabı Azercell-dən soruşulacaq. Bu qədər də biabırçılıq olar?”

Hakim heyəti müşavirə otağında vəsatətləri müzakirə etdikdən sonra onların heç birinin təmin olunmadığını bildirdi.

Məhkəmə iclası noyabrın 20-də, 21-də və 22-də saat 10.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdiriləcək.

Xatırladaq ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ötən il oktyabrın 28-də həbs olunub. Baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. İttiham aktında jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Baş redaktor ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.Bu ittihamlar ədalətsiz məhkəmələr tərəfindən “sübut” olunsa, Əvəz Zeynallı əmlakı müsadirə olunmaqla 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, Ə.Zeynallı həbs olunmamışdan əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən məhkəməyə verilib. Hakimlərin cəmi 10 dəqiqə müddətində çıxardıqları qərarlarla qəzetin redaksiyasında texniki avadanlıqları müsadirə olunub. Qanunla əsas zərərçəkmiş hesab olunsa da, R.Mehdiyevin adı “zərərçəkmişlər”in siyahısından çıxarılıb.

Keçmiş millət vəkili Gülər Əhmədovanın özü də indi ittihamlarla üzləşib. Keçmiş universitet rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayev Gülər Əhmədovanı deputat seçilməsi əvəzində ondan 1 milyon dollar rüşvət tələb etməkdə təqsirləndirir. Bu məsələ ilə bağlı video yayılandan sonra Gülər Əhmədova  deputat mandatından imtina edib.

XuralTAC

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button