
Fazil Mustafa Ayaz Mütəllibova cavab verdi: “Əgər belə danışmağı bacarırdısa…”
“Qaynar Qazan” verilişinin son qonağı Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovdur. Eks prezidentin dedikləri və gətirdiyi iddialar ciddi rezonansa səbəb olub. “Yeni Müsavat” qəzeti bu müsahibə iilə bağlı deputat Fazil Mustafanın fikirlərini soruşub. Həmkarlarımız “Qaynar Qazan”nın və Əvəz Zeynallının adını çəkib istinad etməsələr də, müsahibənin o məqamını Oxucularımızın diqqətinə çatdırırıq. “Yeni Müsavat”çı həmkarımız Fazil Mustafaya sual ünvanlayıb: “Ayaz Mütəllibov müsahibəsində deyib ki, danışmışdım, Qarabağı qaytaracaqdılar. O zaman siz də AXC-nin fəal üzvü idiniz. Doğrudanmı, Cəbhə hakimiyyətə gəlməsə, Ayaz Mütəllibov torpaqları azad edəcəkdi?” Sualın cavabında Fazil Mustafa deyib:
“Qarabağla bağlı bir çox ifadələri dinləyəndə, düşünürsən, bəzi insanlarda elə təsəvvür var ki, sanki bu məsələdə ssenarinin müəllifi olan beynəlxalq güclər tərəfindən onların iradəsinə əhəmiyyət verən var. Qarabağın Azərbaycandan qoparılması beynəlxalq güclərin razılaşdığı strateji bir layihədir. Sadəcə, legitimliyin tanınmasına mane olan Azərbaycan dövləti və qismən də xalqı hələ ki dirəniş göstərir. Şəxslərlə danışaraq Qarabağ kimi problemi çözmək imkansızdır, burada bir neçə dövlətin bölgəyə baxışında sistemli dəyişikliklər baş verməlidir. Cənab Mütəllibovun haqlı olduğu məqam ondan ibarətdir ki, o zaman bizlər, yəni xalq hərəkatının təmsilçiləri iqtidar qarşısında hədsiz maksimalist tələblər qoyurduq. Bu, xüsusilə də Rusiyanın yaratdığı MDB kimi formal quruma münasibətlə bağlı idi. Sonradan özümüz də bu tələbin girovuna çevrildik və həssas məqamlarda realist davranış sərgiləyə bilmədik. Lakin cənab Mütəllibov özü də xalq hərəkatı ilə dialoq imkanlarını axtarmağa maraq göstərmədiyinə görə, Azərbaycanın başına bu fəlakətlər gəldi. Əgər belə danışmağı bacarırdısa, Qarabağı qaytarmağı hələ bir yana qoyaq, sadəcə, öz hakimiyyətini danışıb qoruyardı və yaxud qaytaraydı. Məncə, bu cür populist mülahizələrlə belə qlobal problemi sadə məhəllə davası kimi göstərmək doğru deyil.”
Xural.com



