
ƏVƏZ ZEYNALLI YAZIR: “GÜN O GÜNDÜR…”
Nə meydan o meydan deyil, nə ruh, nə əhval...

Əvəz Zeynallı özünün fb statusunda 17 noyabr Milli Dirçəliş Günü münasibətilə fikirlərini paylaşıb. Xural.org statusu Oxucuların diqqətinə çatdırır:
“GÜN O GÜNDÜR…
Topxana meşəsində bir neçə ağacın kəsilməsini millət olaraq namusumuza sığışdırmadıq, şahə qalxdıq. SSRİ-nin dişlərini sındırdıq, bütün qoruq-qadağalara baxmayaraq, axın-axın meydanlara axışdıq, dolub-daşdıq – Millət olduq, “Lenin” meydanını “Azadlıq” meydanına çevirdik, milyonlarla insan 17 gün gecəli-gündüzlü oradan tərpənmədik, dövlət olduq, bir-birimizin xətrinə dəymədik, bir yumruq kimi birləşdik, imperiyanın başına od ələdik. Etiraz dalğasından Milli Azzadlıq Hərəkatına keçid etdik, liderlər yetişdirdik bu 17 gündə, millət millət oldu, qız-gəlinlərimiz qızıl-zinət əşyalarını millətə yardım üçün ərməğan etdi… Oyur-oyur oynadıq, qürurlu, məğrur, iri-diri olduq! Millət olmanın qürurunu yaşadıq!..
37 il sonra… İndi… Hər şeyi özümüzə sığışdırırıq. Bir neçə ağacın kəsilməsinə verdiyimiz reaksiyanı qoca millətin sindirilməsinə verə bilmirik. Sanki hər şey tərsinədir. Nə meydan o meydan deyil, nə ruh, nə əhval. Yorulmuş, usanmış, kədərli, üzü-gözü gülməz bir millət var ortada. “Azadlıq” meydanı aylarla bağlı qalır, heç o həndəvərə üzükən olmur. Yəni…
Gün o gündür, Millət o millət deyil…
Günümüz mübarək!”
Xural.org



