Dərc olunmayan “Xural” qəzetinin cəriməsi 25 min manatda saxlanıldı

28.06.2012
Hakim Ilham Əsədov növbəti dəfə “Xural”a qarşı qərəzini nümayiş etdirərək absurd qərar çıxardı.
“Xural” qəzetinin Nərimanov rayon məhkəməsinin “Bakı-Baltika”MMC-nin xeyrinə çıxardığı 50 min manatlıq cərimə ilə bağlı verdiyi apellyasiya şıkayəti bu gün qismən təmin edildi. Hakim İlham Əsədov hazırda baş redaktoru həbsdə olan və nəşri dayandırılan “Xural” qəzetini 25 min manat cərimələndirdi.
Vəkil Elçin Sadıqovun məhkəməyə “Bakı-Baltika” MMC –nin cinayətxarakterli istehsal prosesilə əlaqədar təqdim etdiyi dəlillərə əhəmiyyət verilmədi.
Bu gün keçirilən məhkəmə iclasında vəkil Elçin Sadıqov hakim İlham Əsədovun “Xural”ın verdiyi apelyasiya şikayətinə baxmasına etirazını bildirdi və qeyd etdi ki, “Xural” la bağlı məhkəmə iddiası qaldıran “Azərbaycan” nəşriyyatının prezidenti Ağabəy Əsgərovun iddialarını heç bir əsas olmadan siyasi sifariş əsasında tam təmin edən hakim İlham Əsədovun yenidən qəzetin işinə baxması qanunla yolverilməzdir. Ən yaxşı halda hakimin özü bu işə baxmaqdan imtina etməlidir. Qısa müzakirədən sonra vəkilin etirazı təmin edilmədi.
Vəkil Elçin Sadıqov “Xural” qəzetində çıxan məqalələrin dəlillər əsasında dərc olunduğunu məhkəmə heyətinin diqqətinə çatdırdı və həmin dəlillərin məhkəmə prosesi zamanı baxışına icazə verilməsi üçün vəsatət qaldırdı. Hakim İlham Əsədov qəzetin əldə etdiyi dəlillərin qarşı tərəfin icazəsi olmadan çəkildiyini əsas gətirərək bu dəfə də vəsatəti təmin etmədi.
Azərbaycan qanunvericiliyinin ikili standartları
Xatırladaq ki, hazırda həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı həbs olunarkən, deputat Gülər Əhmədovanın qeyri-qanuni yolla əldə etdiyi audioyazı baş redaktor haqqında cinayət işinin açılması üçün kifayət etmişdi. Sonradan qarşı tərəf dəfələrdə bu audioyazının cəmiyyətə açıqlanmasını tələb etsə də, işi aparan Korrupsiyaya qarşı Mübarizə İdarəsi onu açıqlamaqdan qəti şəkildə imtina etmişdi. Audioyazı bu gün də dəlil olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilib. Baş redaktor da onun razılığı olmadan əldə edilən CD yazıya görə 8 aydır ki, həbsdədir. Onun günahı sübut olunmasa da, deputatın təqdim etdiyi disk dəlil hesab olunur.
Daha sonra vəkil “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmədə iştirakının təmin edilməsilə bağlı vəsatət qaldırdı. O, baş redaktorun əlində iddiaçı tərəfin qəzetdə dərc olunan məqalələrə qarşı qaldırdığı iradlarının əsassız olduğunu sübut edəcək kifayət qədər fakt və dəlil olduğunu nəzərə çatdırdı: “Baş redaktor öz hüquqlarını özü müdafiə etmək istəyir və hesab edir ki müdafiəsini özü daha yaxşı qura bilər”. Hakim heyəti bir daha qısa məsləhətləşmə apardıqdan sonra vəsatəti təmin etmədilər.
Qeyd: Hazırda həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməyə gətirilməsilə bağlı vəkil proses zamanı dəfələrlə vəsatət qaldırsa da, məhkəməyə sədrlik edən hakim İlham Əsədov qərəzli olaraq onun prosesə qatılmasına imkan verməyib. Əvəz Zeynallının özü də dəfələrlə məhkəməyə müraciət edərək, prosesdə məhz özünün iştirakının vacibliyini vurğulayıb: “Mənim bu məhkəmədə iştirakım vacibdir. Əgər bu dəfədə məhkəməyə gətirilməyimlə bağlı hakim qaldırdığımız vəsatəti rədd edərsə, o zaman nümayəndəmiz də məhkəmədə danışmaqdan imtina edəcək və bu halın da özü söz və ifadə azadlığına növbəti basqı kimi dəyərləndiriləcək.”
Bundan sonra vəkil Elçin Sadıqov “Xural” qəzetinin nümayəndəliyindən imtina etməsilə bağlı xəbərdarlıq etdi. “Xural” qəzetinin müdafiəsiz qalmasına əhəmiyyət verməyən hakim İlham Əsədov qanunun heç bir tələbinə cavab verməyən şəkildə “buyurun, gedin” deyərək, prosesi davam etdirdi.
Vəsatətləri ardıcıl olaraq heç bir əsas olmadan rədd edən məhkəmə heyəti 5 dəqiqəlik fasilədən sonra qərarla zala qayıtdı. Onlar Nərimanov rayon məhkəməsinin “Bakı-Baltika” MMC-nin xeyrinə “Xural” qəzeti haqqında çıxardığı 50 min manatlıq cərimənin ödənilməsilə bağlı qərarı qismən təmin etdi və cəriməni 25 min manat məbləğində saxladı.
Haşiyə: “Bakı-Baltika” MMC haqda “Xural” qəzetində dərc olunan məqalələrin həqiqət olub-olmadığını araşdırmadan, “siyasi sifariş” əsasında dərc olunmayan və baş redaktoru həbsdə olan qəzetə qarşı 50 min manatlıq cərimə qərarı çıxaran Nərimanov rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın həyat yoldaşı Kənan Quliyev insanları aldadaraq, dələduzluq yolu ilə külli miqdarda pul vəsaiti mənimsəmək ittihamı ilə həbs olunub. Hazırda istintaq gedir.
“Xural” qəzeti Apellyasiya Məhkəməsinin çıxardığı qərardan Ali Məhkəməyə şikayət rtmək niyyətindədir. Ali Məhkəmə də sifarişlı qərar çıxardığı təqdirdə proses Avropa Məhkəməsində davam etdiriləcək.
Məlumat üçün bildirək ki, 2011-ci ilin avqust ayında “Xural” qəzeti “Xırdalan pivə” kimi tanınan “Baltika-Bakı” MMC-nın həddindən artıq keyfiyyətsiz pivə istehsal etməsindən, MMC-nin rəhbəri Adam Tlexurayın 20 Yanvar şəhidlərinə qarşı işçilərin gözü qarşısında etdiyi hörmətsizliklər haqqında yazmışdı. Həmin məqalələrdə qeyd olunurdu ki, zavoda böyük həcmdə “vozvrat pivə” daxil olub və bu pivələrin istehsal prosesi texniki qaydalara riayət olunmadan həyata keçirilib. Bu haqda məlumatı XuralTAC-a verən mənbənin sözlərinə görə, baş ofisi Sankt-Peterburqda yerləşən şirkət bu məqsədlə Bakıya yoxlama göndərib. Yoxlama zamanı məlum olub ki, zavod keyfiyyətsiz pivə istehsal etməklə şirkətin adına xələl gətirib. Mənbə onu da bildirib ki, “Davamlı olaraq keyfiyyətsiz pivələr üstümüzə qayıdır. Nə ucu var, nə bucağı. Zavod rəhbərliyi bu “problemin” asan yolunu tapıb. Gələn pivələri pivəbişirmə sexlərinə töküb, yenidən bazara qaytarır. Mənbə keyfiyyətsiz pivələri tanımağın elə də çətin olmadığını söyləmişdi – Pivənin rəngi ağarır və şüşələrin dibində ciddi çöküntü meydana gəlir. Vəkil E.Sadığov “Xural” qəzetinin redaksiyaya daxil olan şikayət ərizəsi əsasında material dərc etdiyini də məhkəmə heyətinin diqqətinə çatdırmışdı: “Mən hesab edirəm ki, jurnalist əgər öz peşəsini layiqincə, fakt və sənədlərə əsaslanaraq yerinə yetirirsə, o zaman kimliyindən asılı olmayaraq onun haqqında lazımi materiaları yaza və yaya bilər. Bu məsələdə də “Xural” qəzetinin redaksiyasına kifayət qədər fakt və dəlillər daxil olub və bunların əsasında yazılan məqalələrin heç birində Adam Tlexurayın şərəf və ləyaqətinə toxunacaq bir cümlə belə işlənilməyib. “Xural” qəzeti “Bakı-Baltika” MMC-nin “Xırdalan Pivə”ləri adı altında tərkibində mikrob tapılan pivələrin təkrar istehsal üçün çənlərə töküldüyü haqda məlumat yayıb ki, növbəti məhkəmə prosesində biz bu görüntüləri məhkəməyə təqdim edəcəyik. Adam Tlexuraya gəlincə, o “Bakı-Baltika” MMC-nin Sank-Peterburqda yerləşən Mərkəzi İdarəsi tərəfindən dəfələrlə yoxlamalara məruz qalıb və işində buraxdığı ciddi nöqsanlara görə (?!) Bakıda tutduğu vəzifəsindən kənarlaşdırılıb”.
“Bakı-Baltika”nın “Xırdalan” pivələri insan üçün təhlükəli olaraq qalır!!!
“Xural” qəzeti “Bakı-Baltika” MMC ilə bağlı hazırladığı məqalələrin tam həqiqətə söykəndiyini və bu zavodun istehsal etdiyi məhsulların insan orqanizmi üçün təhlükəli olması haqda ciddi xəbərdarlıq edir. Qəzet bu istiqamətdə mübarizəsini sonadək – günahsız və heç nədən xəbəri olmayan insanları zəhərləyən cinayətkarların cəzalandırılacağı günədək davam etdirmək niyyətindədir.
“Xırdalan Pivə” nin – Bakı-Baltıka MMC-nin nə cür məhsul istehsal etməsilə bağlı əldə etdiyi faktlarla bu linkdən tanış ola bilərsiniz.
http://www.youtube.com/watch?feature=player_embedded&v=iamVA-qbzK0
XuralTAC



