Blinken Netanyahu ilə görüşməlidir

Yanvarın 9-da ABŞ dövlət katibi Antoni Blinken (Antony Blinken) Təl-Əvivdə İsrail liderləri ilə görüşməlidir. Bir gün öncə Suriya və Livana endirilən zərbələrdə HƏMAS radikal qruplaşması və onun müttəfiqi “Hizbullah”ın aparıcı üzvlərinin öldürüldüyü bildirilir. ABŞ və Aİ HƏMAS-ı terrorçu təşkilat kimi tanıyır.

Bu arada İsrail ordusu bildirib ki, Qəzza zolağında HƏMAS-a qarşı əməliyyatlar yeni fazaya daxil olur, ərazinin mərkəzinə və cənubunda daha hədəfli əməliyyatlar aparılacaq.

Yanvarın 8-də “Hizbullah” oktyabrdan bəri ilk dəfə olaraq Vissam Həsən Əl-Tavil adlı komandirinin öldürüldüyünü açıqlayıb.

Livanda anonimlik şərti ilə danışan təhlükəsizlik rəsmisi isə deyib ki, Əl-Tavil “Hizbullah”ın cənubdakı əməliyyatlarının idarə olunmasında aparıcı rol oynayırdı, İsrailin zərbəsi nəticəsində öldürülüb.

İsrail ordusu Livanda “Hizbullah”ın hərbi obyektlərini vurduğunu desə də, Əl-Tavilin ölümünü şərh etməyib.

Bu ay Livanda HƏMAS liderinin müavini Saleh Əl-Aruri də öldürülüb.

Yanvarın 8-də İsrail ordusu Suriyada HƏMAS-ın mərkəzi fiquru Həsən Akaşunu da öldürdüyünü bəyan edib. Onun İsrail ərazisinə raketlər atan terrorçu şəbəkələrə başçılıq etdiyi deyilir.

HƏMAS oktyabrın 7-də İsrailin cənubuna hücum edib, min 140 nəfər öldürülüb, 250 nəfər girov götürülüb. Onların 132-si hələ də girovluqdadır, azı 25-nin isə artıq öldürüldüyü güman olunur.

İsrail hücuma amansız bombardman, quru işğalı ilə reaksiya verib, azı 23 min nəfər həlak olub. Qəzzanın səhiyyə nazirliyi onların çoxunun qadınlar və uşaqlar olduğunu deyir.

İsrail ordusu yanvarın 9-da səhər daha dörd hərbçisinin öldürüldüyünü açıqlayıb. Bununla da quru əməliyyatları başlanandan həlak olan hərbçilərin sayı 180-ə çatıb.

Livana və Suriyaya təkrarlanan zərbələr, İraqda ABŞ qüvvələrinə hücumlar, Qırmızı dənizdə HƏMAS-a rəğbət bəsləyən husi üsyançıların gəmilərə hücumları Yaxın Şərqin tammiqyaslı müharibəyə sürüklənə biləcəyi sarıdan qorxuları artırıb.

Blinken də bu ehtimalı azaltmaq niyyəti ilə yanvarın 8-də axşam Təl-Əvivə çatıb, ondan öncə altı ölkədə olub. O, müharibə başlayandan Yaxın Şərqə dördüncü səfərini edir.

Dövlət katibinin baş nazir Binyamin Netanyahu, digər aparıcı rəsmilər, müxalifətin əsas fiquru Benni Qants ilə görüşəcəyi gözlənilir.

Müharibə Qəzza əhalisinin əksər hissəsini didərgin salıb, dinc sakinlər aclıq və xəstəlik riski ilə üz-üzə qalıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button