Beynəlxalq təşkilatlar hakimiyyətdən Azərbaycanda azadlıqların pozulmasına son qoymağı tələb edir

20.02.2013

Beynəlxalq ictimaiyyət Azərbaycanda ifadə və sərbəst toplaşmaq azadlıqları hüququnu həyata keçirdiyinə görə həbs edilənlərin azad olunmasını tələb etməlidir. Bu barədə 30-dan çox beynəlxalq təşkilatın birgə bəyanatında deyilir. Ilin əvvəllərindən hakimiyyət tənqidi səsləri, o cümlədən nümayişçiləri, jurnalistləri və vətəndaş fəallarını susdurmaq üçün repressiv vasitələrə əl atıblar.
AŞPA-da azadlıqların məhdudlaşdırılmasını və məhkəmələrin ədalətsizliyini pisləyən qətnamənin qəbulundan bir neçə gün sonra hakimiyyət Ismayıllı şəhərində və Bakıda korrupsiyaya etiraz edən 70 dinc nümayişçini saxlayıb.
Saxlanılanlar arasında blogger Emin Milli, hüquq müdafiəçisi Məlahət Nəsibova, vəkil Intiqam Əliyev, jurnalist Xədicə Ismayılova da var idi. Daha bir neçə müxalifətçi 13 gün müddətinə həbs edilib, 20-dən çox nümayişçi isə icazəsiz aksiyalarda iştiraka görə ümumilikdə 3000 manat cərimə olunub.
Fevralın 4-də məhkəmə REAL hərəkatının sədri Ilqar Məmmədovu və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunu həbs edib. Fevralın 12-də Xaçmazda Avropa Ittifaqı, USAID və NDI tərəfindən maliyyələşdirilən layihənin iki iştirakçısı saxlanılıb. Jurnalistlərin, yazıçıların və bloggerlərin təqibi davam edir. Prokuror jurnalist, “Xural” qəzetinin redaktoru Əvəz Zeynallını vergi ödənişindən yayınma və rüşvət alma ittihamı ilə mühakimə etməyə çalışır və o, 11 il müddətinə həbs oluna bilər.
“Daş yuxular” romanının nəşrindən sonra 75 yaşı yazıçı Əkrəm Əylisli və onun yaxın qohumları təqibə məruz qalır.
Sonuncu həyəcanverici hadisə fevralın 14-də hakimiyyətin nəzarəti altında olan Mətbuat Şurasının veb-saytlarda “etik normaların pozulması” və haker hücumları haqqında şikayətlərə baxılması üzrə komissiya yaradılması olub.
Hakimiyyətin Interneti tənzimləyən orqan yaratmasının Internetdə fikri ifadə azadlığının pisləşməsinə doğru gedən yolda real addım olacağını hesab etmək üçün əsas var.
Bu, MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin Internet-televiziyanın lisenziyalaşdırma vasitəsilə tənzimlənməsi zərurəti haqqında bəyanatının məntiqi davamıdır. Bu, Internetdə senzura yaranmasına səbəb olacaq, deyə bəyanatda bildirilir. Beynəlxalq ictimaiyyət Ilqar Məmmədova, Tofiq Yaqubluya və Əvəz Zeynallıya qarşı bütün ittihamların ləğv edilməsini tələb etməli, Bakı hakimiyyətini fərqli düşünənlərin və hökuməti tənqid edənlərin təqibinə son qoymağa çağırmalıdır, deyə bəyanatda bildirilir.
Bəyanatı Article 19, Vətəndaş Azadlıqları Mərkəzi (Ukrayna), Demokratiyanın inkişafı və Insan Hüquqları Mərkəzi (Rusiya), Freedom Now Milli və Beynəlxalq Tədqiqatlar Mərkəzi, Insan hüquqları üzrə Helsinki Fondu (Polşa), Azərbaycan Insan Hüquqları Mərkəzi, Insan Hüquqları Klubu, Human Rights House Foundation (HRHF), Senzura Indeksi, Insan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq, KIV Müxtəlifliyi Institutu, Norveç Helsinki Komitəsi, Beynəlxalq PEN-klub, Sərhədsiz Reportyorlar, Ümumdünya Qəzet və Xəbər Nəşriyyatçıları Assosiasiyası və s. imzalayıblar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button