
Bakı və Yerevan çaylardan istifadə sxemini hazırlayır
Bakı və Yerevan transsərhəd çaylardan istifadə sxemini hazırlayır.
Bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Mark Libbi (Mark Libby) noyabrın 12-də öz X hesabında yazıb.
“Azərbaycan və Ermənistandan olan bir qrup hidroloq və mühəndis bizim fəal dəstəyimizlə transsərhəd çaylar üçün inteqrasiya olunmuş su idarəçiliyi sxemi üzərində birgə işləyir”, – deyə səfir əlavə edib.
Hələlik, bu açqlamaya Azərbaycan rəsmiləri münasibət bildirməyib.
Amma Elm və Təhsil Nazirliyinin Coğrafıya İnstitutunun Hidrologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Rza Mahmudov AzadlıqRadiosuna deyib ki, Azərbaycanın su ehtiyatlarının təxminən 70 faizi transsərhəd çayların hesabına formalaşır: “Biz maraqlıyıq ki, bu çaylardan qonşu ölkələrlə qarşılıqlı əlaqələr, beynəlxalq hüquqa söykənən normativ sənədlər əsasında birgə istifadə olunsun”.
Professor qeyd edib ki, transsərhəd suların istifadəsi ilə bağlı Helsinki konvensiyası var, həmin konvensiyanı ratifikasiya edən ölkələr öz ərazisindən keçən çay su ehtiyatlarını keyfiyyət və kəmiyyət göstəriciləri baxımından qonşu ölkəyə ötürməyə məsuliyyət daşıyır:
“Azərbaycan da bu konvensiyaya qoşulub. Amma qonşu ölkələrimizdən nə Ermənistan, nə Gürcüstan, nə də hətta Türkiyə bu konvensiyaya qoşulublar. Çünki belə olan halda onlar bu öhdəliklərini yerinə yetirməlidilər. Yəni, çayların minimal ekoloji axınını Azərbaycana keçməsini təmin etməli və çayların çirklənməsinə qarşı tədbirlər planı hazırlamalıdılar”.
Onun sözlərinə görə, Ermənistanda mis-molibden kombinatı var ki, onun çirlki suları Oxçuçaya və Araza axıdılır: “Bu məsələlər dövlət tərəfindən həmişə qaldırılır. Ancaq təəssüf ki, bu proses bu gün də davam edir. 90-95 faizə qədər çirkləndirmə qonşu ölkələr tərəfindən edilir”.
Ekoloq Rövşən Abbasov də AzadlıqRadiosuna bildirib ki, transsərhəd çaylarından Oxçuçay, Bazarçay, Kür və Arazı qonşu ölkələr çirkləndirib:
“Bunu həll etmək dövlətlərarası işidir. Ermənistandan Azərbaycana gələn çaylar var. Məndə olan məlumata görə, məsələni heç Ermənistan özü həll edə bilmir. Yəni, orada çoxlu müəssisələr, məsələn mis-molibden, ayrıca mis kombinatları var, bu müəssisələr onlara gəlir gətirir”.
Ekspert deyir ki, onların bəziləri çox böyük risk altındadır: “Qafan şəhəri üzərində Artsvanik su hövzəsi var və oranın zəhərli tullantıları sular vasitəsilə süzülərək Oxçuçayına axır”.
Onun fikrincə, bununla bağlı müzakirələr onillərlə çəkə bilər: “Gərək infrastruktur çəkilən zaman bu cür səhvlər buraxılmasın. Səhv buraxılandan sonra onu düzəltmək çox çətin olur”.
Hələlik, bu açıqlamalara Ermənistanın rəsmi qurumlarının da münasibəti bəlli deyil.



