Avropa Yayım İttifaqı Azərbaycanda “Eurovision”u boykot etdiyi üçün Ermənistanı cərimə edib

03.05.2012

Avropa Yayım İttifaqı (European Broadcasting Union – EBU) mayın 22-26-da Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirakdan imtina etdiyinə görə Ermənistanı cərimə edib. Bu barədə cümə axşamı Cenevrədə yerləşən EBU-nun KİV-lə iş şöbəsinin direktoru Annika Niberq Frankenhauzer bildirib.

Onun sözlərinə görə, bu qərar EBU-nun referent qrupu və Televiziya Komitəsi tərəfindən işin araşdırılmasından sonra qəbul edilib. Nəticədə Ermənistan müsabiqədə iştirak üçün ödəmə həyata keçirməli, habelə ödəmə məbləğinin 50%-i həcmində cərimə ödəməlidir.

Bundan başqa, Ermənistanın ictimai televiziyası müsabiqənin finalını “canlı yayında və fasiləsiz” nümayiş etdirməlidir, imtina etdiyi halda ölkə 2013-cü ildə EBU üzvü olan dövlətlər arasında keçirilən “müsabiqədə iştirakdan məhrum edilə bilər”, deyə İttifaq nümayəndəsi əlavə edib.

Niberq-Frankenhauzer İTAR-TASS-a açıqlamasında bildirib ki, qərar çıxarılarkən Yerevanın öz müğənnilərini Bakıya göndərməmək qərarının səbəbləri nəzərə alınmayıb. “Nizamnamə var və müsabiqədə iştirak etmək istəyini bildirən ölkə müəyyən müddətdən sonra qərarını dəyişə bilməz”, deyən EBU nümayəndəsi Ermənistanın məhz belə etdiyini, “bu müddət bitdikdən sonra imtina etdiyini” əlavə edib.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button