Arif Hacılı Rəsulzadədən yazdı

Qurucu şəxsiyyət olaraq sonralar xalqımız üçün dəyərə çevrilmiş bir çox başlanğıcların müəllifi, banisi olan Məhəmmədəmin Rəsulzadənin həyatı və fəaliyyəti Azərbaycan xalqına bir nümunədir. 

Rəsulzadə 50 milyonluq xalqımızın simvoludur. 

Bu gün dünyanın hər yerində yaşayan soydaşlarımız onun xatirəsini əziz tutur. 

Rəsulzadənin ardıcılları olaraq bizim də əsas amalımız onun öndərliyində yaranmış  dəyərləri bərpa etmək, qorumaq, sonrakı nəsillərə çatdırmaqdır. 

M. Ə. Rəsulzadə siyasi fəaliyyətinə 17 yaşında ikən başlamışdı. 1902-ci ildən müxtəlif inqilabi təşkilatların qurucusu və üzvü idi. Bakıda “Hümmət”, təşkilatının, Tehranda   isə İran Demokrat Firqəsinin qurucuları sırasında yer almışdı. 

Bütün sahələrdə istedadı ilə ilə seçilən Rəsulzadənin şerləri hələ o illərdə yerli mətbuatda çap olunur, pyesləri tamaşaya qoyulurdu. 

Türk, rus, fars dillərində kitabları çap olunurdu. 

Rəsulzadənin jurnalist fəaliyyəti xüsusi diqqətə layiqdir. 

“Fyuzat” jurnalında, “İrşad” və “Tərəqqi” qəzetlərində böyük mütəfəkkirlər Ə.Hüseynzadə, Ə. Ağaoğlu ilə birlikdə çalışırdı. Sonralar bu qəzetlərin redaktoru oldu.

Çar Rusiyasının təqiblərinə görə bir müddət İranda yaşamağa məcbur olan Rəsulzadə Səttarxan Hərəkatının öncüllərindən biri idi. Siyasi fəaliyyətini jurnalist fəaliyyətindən ayırmır, o dövrün çox populyar qəzetlərindən biri olan ” İrani nou” qəzetinin qurususu və baş redaktoru idi. Bu qəzetdə çoxsaylı məqalələri dərc olunurdu. 

Onun sonradan cənubda yaşayan soydaşlarımız haqqında yazdığı 6 hissədən ibarət ” İran türkləri” məqaləsi bu mövzuda yazılan ilk fundamental əsər olmaqla yanaşı, indi də ciddi məlumat mənbəyidir.

Rəsulzadə Müsavat Partiyasının qurucusudur. Bu partiya onun rəhbərliyi altında Qafqazın ən güclü partiyasına çevrilmişdi.

Müsavat istiqlal ideyasının əsas daşıyıcısı idi.

Müsavat Partiyasının başqanı olaraq M. Ə. Rəsulzadə 1917- ci ildə Moskvada keçirilən Ümumrusiya Müsəlmanlarının 1-ci Qurultayında imperiya ərazisində yaşayan xalqlara milli, məhəlli muxtariyyət verilməsi təklifi ilə çıxış etdi. Müqavimətlə qarşılanan bu təklif ciddi diskussiyalardan sonra qurultay iştirakçılarının əksəriyyəti tərəfindən qəbul edildi.

Tarix təsdiq etdi ki, Rəsulzadə bu təkliflə çıxış etməkdə haqlı idi. Onun bu mövqeyi Azərbaycan Xalq Cümhuriyyətinin, hətta bolşevik işğalından sonra formal da olsa Respublika adlanan Azərbaycan SSR-in yaranmasında mühüm rol oynadı.

Bu hadisə Rəsulzadənin bütün Rusiya İmperiyası ərazisində çox nüfuzlu siyasi xadim olduğunu bir daha təsdiq etdi.

Rəsulzadənin Milli Şura sədri seçilməsi də onun yüksək nüfuzunun təsdiqidir. Həmin dövrdə Milli Şurada Müsavat Partiyasından başqa daha 3 partiya təmsil olunurdu. Yalnız “İttihad” Partiyası nümayəndələri Rəsuzadəyə səs vermədi. Nəticədə Rəsulzadə böyük səs çoxluğu ilə Milli Şuranın sədri seçildi.

Yüz il bundan əvvəl, 1918-ci ildə Rəsulzadənin rəhbərliyi, Müsavat Partiyasının təşkilatçılığı və Azərbaycan xalqının iradəsi ilə Azərbaycan Xalq Cümhuriyyəti quruldu.

Bu Cümhuriyyət Cənubi Qafqazın 2/3 ni, 114 min kv.km ərazini əhatə edirdi.

Şübhəsiz ki, öz həyatında çox əsərlər yaratmış Rəsulzadənin ən böyük əsəri Azərbaycan Xalq Cümhuriyyətidir.

Xalqımızın dövlətçilik tarixində mühüm yeri olan bu Cümhurriyyət, həm də hüquqi, demokratik dövlət olmaq baxımından nəinki Azərbaycan, nəinki region, həm də bəşəriyyət üçün bir nümunədir.

“İnsanlara hürriyyət, millətlərə istiqlal” prinsipi ilə fəaliyyət göstərən bu Cümhuriyyət fundamental insan haqlarına əməl edən, vicdan, söz və ifadə azadlığına şərait yaradan, azad seçkilər keçirən, qadınlara seçmək və seçilmək hüququ verən, real hakimiyyət bölğüsü, çoxpartiyalı sistem əsasında  fəaliyyət göstərən bir dövlət idi. Həm siyasi, həm də iqtisadi sahədə hamıya bərabər imkanlar şəraiti yaradılmışdı.

M.Ə. Rəsulzadə Cümhuriyyətimiz 1920-ci ildə rus-bolşevik ordusu tərəfindən işğal edildikdən sonra da Azərbaycan davasını durdurmadı. O, mühacirət həyatı dövründə silahdaşları ilə birlikdə müxtəlif təşkilatlar, dərgilər, qəzetlər yaratdı. Azərbaycanın istiqlalı və azadlığı uğrunda mübarizənin davam etməsi nəticəsində hətta sovet dövründə istiqlal məfkurəsi yaddaşlardan silinmədi,  daim sonrakı nəsillərə ötürüldü, yaşadı. İllər boyu “döşlərdə gəzdirilən” istiqlal ideyası Sovetlər Birliyinin müəyyən qədər zəiflədiyi 80-ci illərin sonunda xalqın içindən vulkan kimi püskürdü…

M.Ə. Rəsulzadə yalnız bir inqilabçı, yalnız bir jurnalist, yalnız bir ədəbiyyatşünas,   ( məlumdur ki, sovet dövründə onun Nizami Gəncəvi haqqındakı əsərini köçürüb elmi şuraya təqdim edən “ədəbiyyatşünaslar” elmlər dotoru, professor adları alıb), yalnız bir ideoloq, yalnız bir partiya, dövlət  qurucusu, yalnız xalqının azadlığı uğrunda çarpışan mühacir… olaraq da tarixdə böyük şəxsiyyət kimi qala bilərdi. 

Rəsulzadə isə 50 ildən çox davam edən ictimai fəaliyyəti dövründə bütün bu keyfiyyətləri özündə birləşdirməyə nail olub. 

Bunun nəticəsidir ki, indi istənilən soydaşımıza sual verilsə ki, Azərbaycan tarixinin ən böyük şəxsiyyəti kimdir?- əksəriyyətin cavabı belə olacaq: 

– Məhəmməd Əmin Rəsulzadə.

 

Arif Hacılı, Müsavat Partiyasının başqanı

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button