
ABŞ danışdı: “Əgər 2024-cü ildə Putin yenidən prezident olacaqsa, onu tanımayacağıq!”
Kreml ABŞ konqresmenlərinin Rusiya Federasiyasındakı seçkiləri tanımamaq fikrini gülünc adlandırıb
Kreml konqresmenlərin prezident seçkilərini tanımamaq fikrini Rusiya Federasiyasının işlərinə müdaxilə kimi qiymətləndirib.
“Amerikalı konqresmenlərin Vladimir Putinin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyi təqdirdə onu Rusiya Federasiyasının prezidenti kimi tanımamaq təklifi ölkənin işlərinə qarışmaqdır”, – deyə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Konqresmenlər Stiv Koen və Co Vilson Vladimir Putini üç ildən sonra yeni müddətə namizədliyini irəli sürərsə, onu Rusiya Federasiyasının prezidenti kimi tanımamağa çağırıblar. Müvafiq təklif ABŞ Konqresinin Nümayəndələr Palatasına təqdim edilib.
“Hər dəfə bizə elə gəlir ki, okeanın o tayından daha gülünc, daha aqressiv, qeyri-dost və qeyri-konstruktiv heç nə gələ bilməz. Və hər dəfə səhv edirik. Təəssüf ki, bu, təkcə Rusiya Federasiyasına aid deyil, ABŞ-ın rəsmən bütün ölkələrin daxili işlərinə qarışdığını görürük… Biz konqresmenlərin bu cür təşəbbüslərini qəbuledilməz hesab edirik”, – deyə Peskov deyib.
Bundan əvvəl də ABŞ “Şimal axını 2” boru kəmərini “məhv etməyin” başqa bir yolu haqqında bəyanatlar səsləndirmişdi.



