
6 günlük yanğın
Hər günümüz oddur, alovdur. İlk gündən ətrafımızda oynanan oyunlar bütün Azərbaycan mediasının gündəmini zəbt edib. Müstəqil yazarlarımız arayır, sorur, bizi dəstəkləyirlər. Axı hamı yaxşı bilir ki, bizim apardığımız mübarizə təkcə «Xural» qəzetini əhatə etmir, həm də birbaşa və bilavasitə oxunan və sevilən qəzetlərin öz problemidir.
Bir biədəb məsəl var, o məsəldə deyildiyi kimi olmasın, bu ağırlıqların içində bir də redaksiyanın binasında yanğın hadisəsi baş verdi. Bir az daha özümüzü itirsəydik və ya FHN-nin yanğınsöndürənləri çox geciksəydilər, bəlkə də daha ağır faciələr yaşanacaqdı. Amma şükür ki, hər şey yaxşı ötüşdü və şükür həm də ona ki, hadisə özümüzün yanımızda baş verdi. Allah göstərməsin, bizim olmadığımız bir zamanda, bizdən xəbərsiz bu hadisə baş versəydi, yanmışdıq. Bütün redaksiya yanıb külə dönəcəkdi və bizim ətrafımızda yaradılan bu qara piarı törədənlərin adı ətrafında istər-istəməz yanlış fikirlər dolaşacaqdı. Mən onların yerinə sevindim. Yaxşı qurtardıq…
Gələk yanğın hadisəsində qarşılaşdığımız operativliyə. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri 19 dəqiqəyə redaksiyaya yetişdilər. Onlar işini bilən, səliqəli, tədbirli və cəsur idilər. Dərhal hərə öz işinin qulpundan yapışdı, pilləkənlər quraşdırıldı, məsələ aydınlaşdırıldı və iş tamamlandı. Öz işlərini görən yanğınsöndürənlər Bakelektrikşəbəkəyə telefon açdılar və hadisə yerinə təcili elektrik çağırdılar. Elektrik tez də gəldi. Düzdür, o gələndə artıq bizim öz elektriklərimiz işə başlamışdılar, amma onların da mütəxəssis kimi işə yanaşması xoşumuza gəldi. Onların ardınca və təxminən elə onlarla birlikdə polislər gəldilər. Əməkdaşımız Zəhra xanım həyəcandan 112 xidməti ilə 102 xidmətini qarışdırmışdı. Onlar da işlərini gördülər, izahatlarını aldılar və çıxıb getdilər.
Çıxıb getdilər… Amma bizdə yeni bir müzakirə açıldı. Hər gün haqqında ən müxtəlif səpkidə yazılar yazdığımız adam – Kəmaləddin Heydərov normal bir xidmət qurub. Biz hər zaman Kəmaləddin müəllimi tənqid etmişik, yəqin ki, hələ çox da tənqid edəcəyik, amma «igidi öldür, haqqını da yemə» deyir atalar. Eləcə də DİN. Ramil Usubovun mətbuat xidmətinin əməkdaşlarına son günlər yenə çər dəyib, telefonlara cavab vermirlər, Ramil Usubov haqqında, onun kürəkəni haqqında məlumatları dəqiqləşdirə bilmirik – bu dəfə telefonlara Sadiq Gözəlovla birlikdə Ehsan Zahidov da cavab vermir, amma bu, 102-nin operativliyinə xələl gətirmir. Eləcə də Baba Rzayevin işçiləri. Həmişə deyirlər ki, niyə müsbətlərimizi də görmürsünüz? Bu da sizin müsbətləriniz. Sağ olun FHN-çilər, polislər və elektriklər…
İndi mən düşünürəm ki, Kəmaləddin Heydərovun yerinə Bəxtiyar Sadıqov, Ramil Usubovun yerinə isə Vüqar Rəhimzadə olaydı…
Təsəvvür etmək belə çətindir…
“Xural” qəzeti,
il 9, sayı: 041 (449), 24 sentyabr 2011



